İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...
Adil Alper Coşkun
İnşaat mühəndisi, layihə meneceri
Riskin idarə olunması əksəriyyətin düşündüyü kimi “naməlumlarla mübarizə” deyil. Əsl məsələ bildiklərimizi necə idarə etdiyimizlə bağlıdır. Bu səbəbdən mövzuya “naməlumlar” baxımından deyil, informasiya növləri baxımından yanaşmaq lazımdır. Çünki istər həyatda, istərsə də layihələrdə bizi çətinliyə salan, informasiyanın mövcudluğu deyil, onunla qurduğumuz münasibətdir.
Bu gün bu yazıda riskin idarə olunmasına dair şəxsi müşahidələrimi bölüşmək istəyirəm. Həm gündəlik həyatdan, həm də tikinti sahələrindən nümunələrlə.
Həyat kağız üzərində deyil, küçədə sınaqdan keçirilir
İnsanlar riski idarə etməyi kağız üzərində aparır. Həyat isə bu planları küçədə sınağa çəkir. Əgər riskləri düzgün kateqoriyalara ayıra bilmiriksə, problem uzaqgörmə qabiliyyətinin çatışmazlığı deyil, reallıqla əlaqəmizin zəif olmasıdır. Layihələrdə yaşanan gecikmələrin və böhranların böyük hissəsi də buna görə baş verir. Düşünüldüyü kimi hər şey “öncədən təxmin edilməyən böyük hadisələr” səbəbilə baş vermir. Əksinə, əksər problemlər hamının bildiyi, amma heç kimin dilə gətirmədiyi məsələlərdən qaynaqlanır.
Bu nöqtədə riskin idarə olunmasını dörd fərqli informasiya növü üzərindən düşünmək lazımdır.
1. Bildiyimizi bildiyimiz şeylər (Known Knowns)
Gündəlik həyatdan başlayaq. Yağış yağarsa, yollarda tıxac olur. Səhər saat 8-9 arası yollar həmişə sıx olur. Təyyarə səhər tezdəndirsə, yuxusuz qalmaq ehtimalı var. Bunları bilirik və fərqindəyik. Nə edirik? Tez çıxırıq, alternativ yollar axtarırıq, saatı bir qədər tez qururuq. Bu sağlam düşüncədir. Açıq desək: bunu etməyən şəxs riskin idarə olunmasını həyata keçirmir. Layihələrdə də vəziyyət eynidir. Uzun təchizat müddətli avadanlıqlar olur: “transformatorlar”, “elektrik panoları”, “xüsusi istehsal” avadanlıqları. Yağış mövsümündə qazıntı olacağını bilirsən. Eyni anda sahədə çox sayda “subpodratçı” işləyəcəyini təxmin edirsən. Bunun qarşılığı bəllidir: uzun çatdırılma müddətli avadanlıqların siyahısını əvvəlcədən hazırlayırsan, qazıntını mövsümə görə planlayırsan, sahədə logistika və koordinasiya planı qurursan. Bu səviyyədə riskin idarə olunmasını həyata keçirməyən layihə rəhbəri, əslində əsas vəzifəsini yerinə yetirmir.
2. Bilmədiyimizi bildiyimiz şeylər (Known Unknowns)
Bir risk olduğunu bilirsən, amma onun təsirini dəqiq təxmin edə bilmirsən. Gündəlik həyatda yağış yağa bilər, amma nə qədər şiddətli olacağını bilmirsən. Tıxac olacaq, amma harada qəza baş verəcək – bilinmir. Rəhbər iclası təxirə sala bilərmi – dəqiq deyil. Bu halda edilən şey sadədir: bir qədər tez çıxırsan, iclasa 10-15 dəqiqəlik tampon vaxt qoyursan, B planı hazırlayırsan. Bu mərhələdə təcrübə ön plana çıxır. Layihələrdə də bənzər vəziyyət yaranır. Dizaynla tikinti arasındakı keçidlər tam aydın deyil. Səlahiyyətli qurumlardan gələcək təsdiqin müddəti qeyri-müəyyəndir. “Texnologiya partnyoru”nun neçə dəfə düzəliş tələb edəcəyi məlum deyil. Yerli təchizatçının real gücü bəlli deyil. Belə hallarda ssenari əsaslı planlama aparılır: nikbin, real və pis ssenarilər hazırlanır. Qərar nöqtələri müəyyən edilir. Zaman və büdcə tamponları yaradılır. Təcrübəli rəhbərlər bu mərhələni “şüurlu dumanlıq” adlandırır; duman varsa, sürət azalır, risk qəbul edilmir.
3. Bildiyimiz halda bilmirmiş kimi davrandığımız şeylər (Unknown Knowns)
Ən təhlükəli sahə burasıdır. Gündəlik həyatda “Bu yolda həmişə qəza olur, amma bu dəfə olmaz” deyirsən. “Bu adam vədinə əməl etmir, amma bəlkə dəyişib” düşünürsən. “Bu iş çatmayacaq, amma heç kimə deməyək” cümləsi burada yaranır. Əslində, bilirsən. Sadəcə, görməzlikdən gəlirsən. Adətən burada eqo önə çıxır. Layihələrdə bu daha açıq şəkildə yaşanır. Hamı təqvimin real olmadığını bilir, amma heç kim yazmır. Dizaynın sahəyə uyğun olmadığını hamı görür, amma sistem onu qoruyur. Ölçülərin artacağı məlumdur, amma “müvəqqəti sükut” seçilir. Kritik bir işçinin yetersizliyi bilinir, amma açıq ifadə edilmir. Bu mərhələdə edilməli olan şey – özümüzə qarşı dürüstlük və cəsarətdir. Daxili risk siyahıları yaratmaq, rəsmi olmayan amma real siyahılar tutmaq, yazılı mövqe bildirmək, risk sahibini dəqiq müəyyənləşdirmək. Karyeralar adətən burada formalaşır; çünki doğrular, adətən, narahatedicidir.
4. Heç ağlımıza gəlməyən şeylər (Unknown Unknowns)
Bəzi şeylər həqiqətən öncədən təxmin edilə bilməz. Körpü bağlanar, tətil başlar, telefon sıradan çıxar, yolda qalarsan. Bunları əvvəlcədən görə bilməzsən, amma hazırlaşa bilərsən. Həyatda bunun qarşılığı sadədir: zaman tamponu saxlamaq, bir qədər nağd pul götürmək, alternativ ünsiyyət yolları düşünmək. Layihələrdə isə bu; müharibə, embarqo, sərhədlərin bağlanması, valyuta rejiminin dəyişməsi, pandemiya, böyük qəzalar kimi ortaya çıxır. Bu səviyyədə artıq prosedur deyil, liderlik önə çıxır. İdarəetmə ehtiyatları, sürətli qərar mexanizmləri, alternativ ssenarilər bu mərhələdə işə düşür. Maraqlıdır: ən böyük risklərin olduğu bu sahədə, eyni zamanda ən böyük imkanlar və ən böyük itkilər də bir arada gəlir. Son söz Riskin idarə olunması bir zəka nümayişi deyil. Bu bir vərdiş və dürüstlük məsələsidir. Yaxşı rəhbərlər problemləri erkəndən görür, narahatediciləri gizlətmir, özünə yalan danışmır. Özümüzə bu sualı vermədən irəliləyə bilmərik: “Bu qərarı alarkən əslində bildiyim, amma görməzlikdən gəldiyim bir şey varmı?” Bu suala cavab verə bilənlər, riski təkcə kağız üzərində deyil, real həyatda da idarə edə bilənlərdir.

Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGömrük generalı təqaüdə göndərildi
15.12.2025“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025