Pulunuzu evdə saxlayırsınızsa, hər 100 manatdan 10 manat itirirsiniz

Redaktor

15.12.2025 14:21
212

Pulunuzu evdə saxlayırsınızsa, hər 100 manatdan 10 manat itirirsiniz - İqtisadçı

Azərbaycanda minlərlə ailə hələ də pullarını bankda deyil, evdə – sandıqda, şkafda, “təhlükəsiz yer” adlandırılan künclərdə saxlayır. Amma səssizcə artan inflyasiya bu pulların üzərinə toxunmadan, onların dəyərini gündən-günə əridir.

Əsl sual isə budur: evdə saxlanan pulu necə inflyasiyadan qoruya bilərik?

İqtisadçı Eldəniz Əmirov Valyuta.az-a açıqlamasında qeyd edir ki, pulu evdə "yastıq altında" saxlamaq itki deməkdir: "Bir müddət əvvəl Mərkəzi Bank rəhbərliyi də qeyd etmişdi ki, Azərbaycanda insanların evdə saxladığı pulların həcmi 10 milyard manat ətrafındadır. Bu, adambaşına təxminən 1000 manat deməkdir ki, əslində, bu, o qədər də böyük məbləğ sayılmır. Amma bütün hallarda aylıq ehtiyac tələbindən artıq evdə saxlanılan pul "ölü kapital" sayılır. Buna görə də bir mənalı şəkildə belə ölü kapitalın evdə saxlanılması tövsiyə edilmir. Hazırda banklar tərəfindən aylıq, 3 aylıq, 1 illik və ya gündəlik yığım hesablarının açılması və əlavə faizlərin təklif olunması mümkündür. Buna görə də əhalinin vəsaitlərinin – heç olmasa inflyasiyanın mənfi təsirlərindən qorunmaq məqsədilə – əmanət şəklində banklara yerləşdirilməsi məqsədəuyğundur. Lakin bu zaman düzgün bank seçilməli, həmin bankın əmanətləri sığortalayan sistemə üzv olub-olmaması araşdırılmalı və müştəri şəffaf şərtlər əsasında qərar verməlidir. Bununla yanaşı, əmanətin məbləği də önəmlidir".

Bütün hallarda pulun evdə saxlanılması – hər 100 manatın hər növbəti il üçün təxminən 8-10 manat dəyər itirməsi deməkdir.

"Əgər vəsait daha böyükdürsə, onu daşınmaz əmlaka yönəltmək də mümkündür ki, bu, Azərbaycanda geniş yayılmış investisiya üsuludur. Qəti şəkildə tövsiyə olunmayan məqamlardan biri isə vəsaitin zinət əşyalarına yönəldilərək investisiya kimi qiymətləndirilməsidir. Zinət əşyalarına yatırılan pul investisiya hesab olunmur, çünki bu əşyaların alış qiyməti ilə satış qiyməti arasında ciddi fərq olur. Nəticədə, ehtiyac zamanı vətəndaş zinət əşyasını satarkən ciddi maliyyə itkisi ilə üzləşə bilər" - deyə E.Əmirov qeyd edir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...