Redaktor
Ayda iki dəfə veriləcək maaş əhalinin yaşamını yaxşılaşdıracaqmı?
Əmək Məcəlləsinə təklif olunan son dəyişikliklərdə əməkhaqqının ödəniş mexanizminin yenilənməsi xüsusi diqqət çəkir. Layihəyə əsasən, işçilərə əməkhaqqı ayda ən azı bir dəfə ödənilməlidir. Eyni zamanda, tərəflərin qarşılıqlı razılığı ilə maaşın iki hissəyə bölünərək avans və yekun məbləğ formasında 16 gündən artıq olmayan fasilə ilə ayda iki dəfə verilməsi mümkün ola bilər.
Bu dəyişiklik gündəlik xərclərin idarə olunması baxımından əhali üçün hansı üstünlüklər yarada bilər? İlk baxışda görünməyən, lakin praktikada problem yarada biləcək mənfi tərəflər varmı?
Maliyyə eksperti İsmayıl Məmmədov Valyuta.az-a bildirib ki, məsələni real həyat nümunələri üzərindən dəyərləndirmək daha doğru olar: "Məsələn, aylıq 600 manat əməkhaqqı alan, iki uşağı olan bir ailəni götürək. Hazırkı sistemdə bu ailə maaşı ayın sonunda alır. Kommunal xərclər, uşaq bağçası ödənişi və kredit isə adətən ayın ortasına düşür. Nəticədə ailə ya borc almağa, ya da gecikmə faizləri ödəməyə məcbur qalır. Əgər həmin işçi ayın 15-də 300 manat avans alsa, bu xərcləri vaxtında qarşılaya, ayın sonunda aldığı qalan məbləği isə gündəlik ehtiyaclara yönəldə bilər".
Ekspertin sözlərinə görə, praktikada bu mexanizm ailənin borclanmasının qarşısını alan, maliyyə yükünü yumşaldan bir vasitə kimi işləyə bilər, lakin eyni mexanizm hər kəs üçün müsbət nəticə verməyə də bilər: "Subay, kirayədə yaşayan və xərclərini planlaşdırmaqda çətinlik çəkən bir işçi ayın əvvəlində aldığı 300 manatı plansız şəkildə xərcləyə bilər. Ayın sonuna yaxın isə kirayə haqqı və digər sabit ödənişlər üçün vəsait çatışmazlığı yaranar. Bu halda iki dəfə maaş mexanizmi maliyyə intizamını artırmaq əvəzinə, problemi dərinləşdirə bilər. İşəgötürən tərəfdən yanaşdıqda isə, xüsusilə kiçik bizneslər üçün əlavə çətinliklər meydana çıxır. Məsələn, 5 işçisi olan kiçik bir mağaza sahibi indiyədək maaşları ayda bir dəfə köçürməyə öyrəşib. Yeni sistemdə isə ayda iki dəfə bank köçürməsi etməli, iki dəfə komissiya ödəməli və ikiqat mühasibat uçotu aparmalıdır. Əgər müəssisənin elektron sistemləri zəifdirsə, bu, əlavə vaxt itkisi və xərc deməkdir. Bu səbəbdən bəzi işəgötürənlər qeyri-rəsmi şəkildə avans məbləğini minimum səviyyədə saxlamağa çalışa bilərlər ki, bu da dəyişiklikdən gözlənilən sosial effekti azaldır".

Bank sektoruna təsir məsələsinə toxunan ekspert bildirir ki, əməkhaqqının ayda iki dəfə ödənilməsi banklar üçün də əlavə texniki və məsuliyyət yükü yaradır: "Banklar maaş layihələrini işəgötürənlə bağlanmış müqavilələr əsasında idarə edir və bu layihələr əsasən aylıq ödəniş modelinə uyğun qurulub. İki dəfə ödənişə keçid bank sistemlərində əlavə əməliyyatlar, yoxlamalar və risk idarəetməsi tələb edir ki, bu da bank üçün real xərcdir. Ayda bir dəfə olan maaş axını bank üçün daha proqnozlaşdırılandır: kart dövriyyəsi, kredit ödənişləri, overdraft və digər məhsullar bu tarixlərə uyğun planlaşdırılır. İki dəfə ödəniş zamanı isə bu axın parçalanır və banklar kredit məhsullarının risk modellərini yenidən tənzimləməli olurlar.
Bundan əlavə, bank komissiyaları məsələsi də aktuallaşır. Xüsusilə, kiçik və orta bizneslərdə hər əlavə köçürmə ayrıca əməliyyat sayılır. Banklar bu əməliyyatları pulsuz etsələr, xidmətin maya dəyəri artır; komissiya tətbiq etdikdə isə işəgötürənlər narazı qalır. Bu səbəbdən bank sektorunun mövqeyi ondan ibarətdir ki, iki dəfə maaş ödənişi məcburi deyil, könüllü mexanizm kimi tətbiq olunmalı və yalnız texniki baxımdan hazır olan müəssisələrə şamil edilməlidir".
Ekspertin sözlərinə görə, kart xidmətləri ilə bağlı risklər də nəzərə alınmalıdır: "Ayda iki dəfə maaş daxil olan kartlarda daha tez-tez nağdlaşdırma, balansın sıfırlanması və impulsiv xərclər müşahidə olunur. Bu isə bank üçün müştəri davranışının dəyişməsi və bəzi hallarda fırıldaqçılıq monitorinqində əlavə siqnalların yaranması deməkdir. Digər risk kreditlərlə bağlıdır. Kreditlərin böyük hissəsi aylıq maaş dövriyyəsinə uyğun qurulub. İki dəfə maaş ödənişi zamanı bəzi müştərilər vəsaiti erkən xərcləyir, ayın sonuna yaxın isə ödəniş qabiliyyəti zəifləyir".
Ekspertin fikrincə, ən sağlam model işçiyə seçim hüququnun verilməsidir: "Eyni müəssisədə bir işçi ayda bir dəfə, digəri isə iki dəfə maaş ala bilər. Məsələn, ailəli və kredit öhdəlikləri olan işçi iki dəfə ödənişi seçər, subay və yığım etməyə üstünlük verən işçi isə aylıq tam maaşla işləyə bilər. Bu yanaşma həm real ehtiyacları qarşılayır, həm də riskləri minimuma endirir. Əməkhaqqının ayda iki dəfə ödənilməsi düzgün tənzimləndiyi halda real həyatda borclanmanı azaldan, ailə büdcəsini rahatladan mexanizmə çevrilə bilər. Lakin avansın faizi, ödəniş tarixləri və hesablanma qaydaları dəqiq müəyyən edilməzsə, bu dəyişiklik kağız üzərində üstünlük kimi görünsə də, praktikada yeni problemlər yarada bilər".
Sərvanə Rəmixanova