Redaktor
Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?
Bildiyimiz kimi, 2025-ci ildən Vergi Məcəlləsində bazar mülkiyyətçiləri və bazarlarda fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə vəzifələr müəyyən olunub. Vergi Məcəlləsində qeyd olunan “bazar” anlayışına iri ticarət mərkəzləri – “Mall”lar da aid olunurmu?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Valyuta.az-a bildirilib ki, Vergi Məcəlləsinin 2025-ci ilin oktyabrın 1-dən qüvvəyə minən 16.1.11-15 – 16.1.11-17-ci maddələrində kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) və həmin bazarlarda sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinə dair vəzifələr müəyyən edilib.
Vergi Məcəlləsində nəzərdə tutulan “bazar” anlayışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən müəyyən olunur. Həmin Qaydaların 2-ci hissəsinin müddəalarına əsasən, bazar – müəyyən ərazidə daimi fəaliyyət göstərən, malların satışı və xidmətlərin göstərilməsi üçün ayrılmış ticarət yerlərinə malik əmlak kompleksidir.
Buna əsasən, Vergi Məcəlləsinin bazarlarla bağlı sözügedən müddəaları iri ticarət şəbəkələri və ticarət mərkəzlərinə (o cümlədən “Mall”lara) münasibətdə də tətbiq olunur.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16-cı maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” ilə tənzimlənir.