Çoxmilyonluq qaçaqmalçılıq işi genişlənir: 6 nəfər həbs olunub - ADLAR

Redaktor

11.12.2025 14:41
170

Çoxmilyonluq qaçaqmalçılıq işi genişlənir: 6 nəfər həbs olunub - ADLAR

Dövlət Gömrük Komitəsində (DGK) və Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında vəzifəli şəxslər barəsində korrupsiya və qaçaqmalçılıq ittihamları üzrə aparılan cinayət işi çərçivəsində bir neçə nəfər həbs olunub.

Valyuta.az xəbər verir ki, müxtəlif media subyektlərinin məlumatlarına əsasən, ümumilikdə altı nəfər qaçaqmalçılıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Saxlanılan şəxslər arasında yüksək vəzifəli məmur övladlarının da olduğu bildirilir.

Fərid Usubovun həbsi rəsmən təsdiqləndi

Gununsesi.info-nun ilkin məlumatına görə, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidməti APA-ya faktı təsdiqləyərək onun barəsində həbs qətimkan tədbirinin seçildiyini açıqlayıb. Qurum cinayət işi üzrə əlavə məlumatın veriləcəyini bildirib.

Qeyd edilib ki, Fərid Usubov Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq müavini, general-leytenant Cəbrayıl Usubovun oğludur.

Gömrük əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə də həbs edilib

APA-nın yaydığı digər məlumata görə, DGK-nın Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər EyvazovTamerlan Axundzadə də saxlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onlara Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213-1.2.2 və 213-1.2.3 (aksiz markası ilə markalanmalı olan malların markasız satılması və dövriyyəsi, təkrar törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham elan olunub.

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi də saxlanılıb

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, aparılan eyni cinayət işi çərçivəsində Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov da həbs edilib.

Mənbənin məlumatına əsasən, o, xüsusilə külli miqdarda qaçaqmalçılıqda və külli miqdarda vergidən yayınmaqda ittiham edilir. İş üzrə dəymiş ziyanın 3 milyon manata yaxın olduğu bildirilir. Rəşad Daşdəmirov barəsində də həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.

Baş Prokurorluq cinayət işi üzrə araşdırmanın davam etdiyini, yaxın günlərdə əlavə məlumatın açıqlanacağını bildirib.

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...