Redaktor
Dünya şöhrətli şirkətlərin ilk məhsulları
Bu gün dünyanın ən tanınmış şirkətləri milyardlarla insanın həyatında mühüm yer tutur. Lakin hər bir qlobal brendin uğur hekayəsi cəmi bir məhsulla başlayıb. Son iki əsr ərzində yaranan bu şirkətlər öz ilk məhsulları ilə bazara daxil olaraq zamanla sənayelərinin liderinə çevriliblər. Onların uğuru uzunmüddətli araşdırmaların, innovativ ideyaların və riskli qərarların nəticəsi olub.
"Coca-Cola": Dünyanı fəth edən içkinin başlanğıcı
"Coca-Cola"nın tarixi 1885-ci ilə gedib çıxır. ABŞ Vətəndaş Müharibəsi zamanı yaralanan və sonradan morfin asılılığı ilə mübarizə aparan əczaçı Con Pemberton alternativ vasitə axtarışına başlayıb.
O, Corciya ştatının Kolumbus şəhərində yerləşən laboratoriyasında yeni içki formulunu hazırlayıb.
Əvvəlcə kakolu şərab kimi təqdim olunan məhsul 1886-cı ildə alkoqol qadağasından sonra yenidən formalaşdırılıb və "Coca-Cola" adı altında bazara çıxarılıb. İçki ilk dəfə 1886-cı il mayın 8-də Atlantadakı "Jacob Pharmacy" aptekində satılıb.
İlk dövrlərdə həzmsizlik, baş ağrısı və sinir problemlərinə qarşı vasitə kimi reklam edilən məhsul qısa müddətdə populyarlıq qazanıb. Bu gün "Coca-Cola" dünyanın ən dəyərli və tanınmış brendlərindən biridir.

"Benz Patent-Motorwagen": Müasir avtomobilin doğuluşu
Müasir avtomobil sənayesinin əsası Karl Bens tərəfindən qoyulub. Alman mühəndis 1885-ci ildə ilk benzin mühərrikli avtomobilini hazırlayıb və 1886-cı ildə onun patentini alıb.
"Benz Patent-Motorwagen" üç təkərli nəqliyyat vasitəsi olsa da, avtomobil tarixində inqilabi yenilik hesab edilir. Karl Bensin həyat yoldaşı Berta Bens 1888-ci ildə bu avtomobillə tarixdə ilk uzun məsafəli səyahəti həyata keçirərək onun etibarlılığını sübut edib.
Bu gün "Mercedes-Benz" dünyanın ən nüfuzlu avtomobil markalarından biri hesab olunur və köklərini məhz həmin ilk modeldən götürür.

"Ford Quadricycle": Kütləvi avtomobil istehsalının təməli
Henri Ford avtomobili hər kəs üçün əlçatan etmək arzusunda idi. O, 1896-cı ildə ilk nəqliyyat vasitəsi olan "Quadricycle" modelini hazırlayıb.
Dörd velosiped təkəri üzərində qurulan sadə konstruksiyalı avtomobil etanol mühərriki ilə işləyirdi. Ford bu layihə üzərində iki il çalışıb və ilk sınaq yürüşünü 1896-cı il iyunun 4-də həyata keçirib.
Sonradan yaradılan "Ford Motor Company" avtomobil istehsalında kütləvi konveyer sistemini tətbiq edərək sənayedə yeni dövrün əsasını qoyub.
"Renault Voiturette": Fransız avtomobil sənayesinin ilk uğuru
1898-ci ildə cəmi 21 yaşı olan Lui Reno ilk avtomobilini hazırlayıb. "Renault Voiturette" adlanan model yüngül quruluşu və innovativ texnologiyası ilə diqqət çəkib.
Lui Reno ilk avtomobilini 1898-ci ilin dekabrında satmağa nail olub. Uğur qazandıqdan sonra qardaşları ilə birlikdə "Renault Frères" şirkətini yaradıb və qısa müddətdə Fransa avtomobil sənayesinin aparıcı istehsalçılarından birinə çevrilib.
Bu gün "Renault" dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ən tanınmış avtomobil markalarından biridir.

"Apple I": Texnologiya imperiyasının başlanğıcı
Müasir texnologiya dünyasının nəhənglərindən biri olan "Apple"ın hekayəsi 1975-ci ildə başlayıb. Stiv Voznyak kompüter həvəskarlarının toplantısından ilhamlanaraq ilk fərdi kompüterini hazırlamağa qərar verib.
O, "Apple I" modelini öz əlləri ilə yığıb. Dostu Stiv Cobs isə məhsulun kommersiyalaşdırılması ideyasını irəli sürüb. Layihəni maliyyələşdirmək üçün hər ikisi şəxsi əşyalarını sataraq ilkin kapital toplayıb.
"Apple I" ilk dəfə 1976-cı ildə təqdim olunub və 666,66 dollar qiymətinə satışa çıxarılıb. İstehsal olunan 200 kompüterdən 175-i ilk on ay ərzində satılıb.
Bu sadə masaüstü kompüter sonradan dünyanın ən dəyərli texnologiya şirkətlərindən birinə çevriləcək "Apple"ın təməlini qoyub.

Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026