"Google"un 2,7 milyard dollar xərclədiyi mühəndis "OpenAI"a keçdi

Redaktor

18.06.2026 17:22
98

"Google"un 2,7 milyard dollar xərclədiyi mühəndis "OpenAI"a keçdi

Müasir süni intellekt sənayesinin əsas memarlarından biri hesab edilən Noam Şazir "Google"dan ayrılaraq "OpenAI" şirkətinə keçdiyini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Şazirin yeni iş yerinə keçidi onun "Google"a qayıdışından iki ildən də az vaxt sonra baş verib. Belə ki, 2021-ci ildə şirkətdən ayrılan mühəndis özünün "Character.AI" startapını yaratmışdı. 2024-cü ildə isə "Google" startapın texnologiyalarının lisenziyasını 2,7 milyard dollara əldə etmiş və bununla yanaşı, təsisçiləri, o cümlədən Noam Şaziri yenidən şirkətə cəlb etmişdi.

"Google"a qayıtdıqdan sonra Şazir "Gemini" model ailəsinin hazırlanmasına rəhbərlik edən əsas şəxslərdən biri kimi fəaliyyət göstərirdi.

Noam Şazir süni intellekt sahəsində ən təsirli fiqurlardan biri hesab olunur. O, 2017-ci ildə "Google" tədqiqatçıları tərəfindən dərc edilən və böyük dil modellərinin inkişafında inqilab yaradan “Attention Is All You Need” adlı elmi məqalənin müəllifləri sırasında yer alıb.

Məhz həmin məqalədə sonradan demək olar ki, bütün müasir böyük dil modellərinin texnoloji əsasına çevrilən transformer arxitekturası təqdim edilmişdi.

Transformerlərin yaradılmasındakı rolundan əlavə, Şazir digər fundamental süni intellekt texnologiyalarının inkişafına da mühüm töhfələr verib.

Onun iştirak etdiyi əsas yeniliklər arasında aşağıdakılar yer alır:

* Miqyaslana bilən neyron şəbəkələrinin qurulması üçün nəzərdə tutulmuş "Mixture-of-Experts" arxitekturası;
* Böyük modellərin işlənməsi zamanı hesablama xərclərini azaltmağa imkan verən "multi-query attention" metodu;
* Çox böyük neyron şəbəkələrinin təlimində istifadə olunan "Mesh-TensorFlow" sistemi.

Noam Şazirin "Google"dakı karyerası 2000-ci ildə başlayıb. Lakin 2021-ci ildə o, şirkət rəhbərliyi ilə "Meena" adlı çat-bot layihəsi ətrafında yaranmış fikir ayrılıqları səbəbindən şirkətdən ayrılıb.

Rəhbərlik potensial riskləri əsas gətirərək "Meena"nın ictimai istifadəyə verilməsini dəstəkləməyib. Bundan sonra Şazir həmkarı Daniel de Freytas ilə birlikdə "Character.AI" startapını təsis edib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...