Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər?

Redaktor

01.04.2026 14:00
156

Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər? - Vəkil açıqladı

Mirasın paylaşılması bəzən ailə daxilində illərlə davam edən "soyuq müharibələrə" və mürəkkəb məhkəmə çəkişmələrinə səbəb olur. Ən böyük sual işarələri isə vəsiyyətnamə açıqlandıqda yaranır: Adınız o sənəddə yoxdursa, deməli, mirasdan tamamilə kənarda qaldınız? Tələsməyin, yanılırsınız! Qanunvericilik vəsiyyət edənin iradəsinə hörmətlə yanaşsa da, ailənin ən yaxın üzvlərini "qorunmayan mirasçı" buraxmır. Məhz bu məqamda hüququn ən ədalətli mexanizmlərindən biri olan "məcburi pay" anlayışı dövrəyə girir.

Bəs vəsiyyətnamədən kənarda pay almaq hüququ kimlərə məxsusdur?

AR Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov Valyuta.az-a bildirir ki, vərəsəlikdə “məcburi pay” dedikdə, miras qoyanın vəsiyyətnamə ilə ifadə etdiyi iradədən asılı olmayaraq, qanunun müəyyən etdiyi ən yaxın ailə üzvlərinə çatası minimum miras hissəsi başa düşülür:

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) mirasda məcburi payı vardır və bu hüquq vəsiyyətnamənin məzmunundan asılı deyildir. Hüquqi mahiyyət etibarilə bu institut vəsiyyət azadlığının istisnası kimi deyil, ailə üzvlərinin sosial və hüquqi müdafiəsini təmin edən xüsusi mexanizm kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsidir və onun məqsədi miras qoyanın iradəsi nəticəsində birinci növbə ailə üzvlərinin vərəsəlikdən tamamilə kənarda qalmasının qarşısını almaqdır. Başqa sözlə, şəxs sağlığında əmlakı üzərində sərəncam verməkdə azad olsa da, ölümündən sonra bu sərəncam ən yaxın ailə üzvlərinin qanunla qorunan minimum hüquqlarını aradan qaldıra bilməz”.

Bu paya kimlərin iddia edə bilməsi məsələsinə gəldikdə, R.Qaraşov deyir ki, Mülki Məcəllənin 1193-cü maddəsində birbaşa vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri) göstərilmişdir. Lakin hüquqi təfsir bununla məhdudlaşmır: "Konstitusiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərarında açıq şəkildə göstərilib ki, Mülki Məcəllənin 1159-cu maddəsi və Ailə Məcəlləsinin 134.1-ci maddəsi ilə sistemli əlaqədə “uşaqlar” və “valideynlər” anlayışları yalnız bioloji qohumları deyil, həm də övladlığa götürülənləri və övladlığa götürənləri ehtiva edir. Bu, o deməkdir ki, hüquq baxımından övladlığa götürülən uşaq doğma uşaqla, övladlığa götürən isə doğma valideynlə eyni statusa malikdir və məcburi pay hüququndan eyni qaydada istifadə edə bilər. Bu yanaşma Konstitusiyanın bərabərlik, ailənin müdafiəsi və vərəsəlik hüququna təminat prinsiplərinə uyğundur. Deməli, məcburi pay hüququ olan şəxslər dairəsinə həyat yoldaşı ilə yanaşı, doğma və hüquqi baxımdan eyniləşdirilmiş övlad və valideynlər daxildir”.

Bəs bu payın miqdarı nə qədərdir?

“Məcburi payın miqdarı qanunla dəqiq müəyyən edilib. Mülki Məcəllənin 1193-cü maddəsinə görə, bu pay qanun üzrə vərəsəlik zamanı həmin şəxsə çatası payın yarısını təşkil edir. Yəni əvvəlcə fərz edilir ki, vəsiyyətnamə yoxdur və miras qanun üzrə bölünür; sonra məcburi pay hüququ olan şəxsin həmin halda alacağı pay müəyyən edilir. Nəhayət, həmin payın yarısı məcburi pay hesab olunur. Mülki Məcəllənin 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi bütün mirasın tərkibi nəzərə alınmaqla müəyyənləşdirilir. Buraya vəsiyyət tapşırığı və ümumi faydalı məqsədlər üçün ayrılmış əmlak da daxildir. 1196-cı maddə isə təsbit edir ki, hər bir vərəsənin məcburi payı hesablanarkən, əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək bütün qanun üzrə vərəsələr nəzərə alınmalıdır, vəsiyyət üzrə vərəsələr isə nəzərə alınmır. Buna görə də məcburi payın hesablanması sırf vəsiyyətnamənin məzmununa görə deyil, qanuni vərəsəlik modelinə əsasən aparılır. Əgər vəsiyyətlə məcburi pay hüququ olan şəxsə onun qanun üzrə ala biləcəyi payın yarısından az əmlak ayrılıbsa, Mülki Məcəllənin 1201-ci maddəsinə əsasən o, çatışmayan hissənin tamamlanmasını tələb edə bilər. Həmçinin, 1199-cu maddəyə görə, əgər vəsiyyətnamədə bütün miras əmlakı əhatə olunmayıbsa, məcburi pay əvvəlcə vəsiyyətnamədə nəzərdə tutulmayan əmlakdan ayrılır, bu kifayət etmədikdə isə vəsiyyətnamədə nəzərdə tutulan əmlak hesabına tamamlanır. Məcburi pay hüququnun nə vaxt yarandığı məsələsi də mühüm əhəmiyyət daşıyır. Mülki Məcəllənin 1194-cü maddəsinə görə, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an, yəni miras qoyanın öldüyü andan əmələ gəlir. Bu hüquq vərəsəlik üzrə keçir və məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Lakin Konstitusiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərarında izah olunur ki, burada söhbət klassik öhdəlik hüququndakı birgə borcluluqdan getmir. Məsələ ondan ibarətdir ki, məcburi pay pozulduqda onun tamamlanması miras əmlakdan faydalanmış digər vərəsələrin payları hesabına, onlara mütənasib şəkildə təmin edilməlidir. Həmin qərarda həm də vurğulanıb ki, məcburi pay sadəcə pul tələb etmək hüququ deyildir. O qanun üzrə vərəsəliyin qorunan hissəsi olduğundan, məcburi pay sahibi vərəsənin miras əmlak üzərində hüquqi mövqeyi mövcuddur və bu hüquq sırf öhdəlik tələbi kimi dar mənada başa düşülməməlidir. Eyni qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlib ki, məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir və məcburi payı tələb etmək hüququna iddia müddəti də şamil olunmur. Bu, praktik baxımdan çox əhəmiyyətlidir, çünki beləliklə məcburi pay hüququ formal müddət məhdudiyyətləri səbəbindən asanlıqla itirilmiş sayılmır”- deyə Roman Qaraşov qeyd edir.

Məcburi pay hüququnun itirilməsi məsələsinə gəldikdə isə, vəkil bildirir ki, bu hüquq ümumi qaydada sadəcə vaxt keçdiyinə görə aradan qalxmır:

“Lakin qanunda nəzərdə tutulmuş müəyyən hallarda onun həyata keçirilməsi mümkün olmaya və ya şəxs bu hüquqdan məhrum edilə bilər. İlk növbədə, Mülki Məcəllənin 1202.1-ci maddəsinə görə, məcburi pay almaq hüququ olan vərəsə həmin payı qəbul etməkdən imtina edə bilər. Bu halda onun payı digər məcburi vərəsələr arasında artırılmır, vəsiyyət üzrə vərəsələrə keçir. İkinci mühüm hal Mülki Məcəllənin 1203-cü maddəsində nəzərdə tutulan məcburi pay almaq hüququndan məhrumetmədir. Həmin maddəyə görə, məcburi pay hüququndan məhrumetmə yalnız ümumiyyətlə vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Deməli, hər hansı subyektiv narazılıq və ya ailədaxili konflikt bu hüququ aradan qaldırmaq üçün kifayət etmir. Bunun üçün qanunda nəzərdə tutulmuş ciddi əsaslar və məhkəmə nəzarəti tələb olunur. Miras qoyan bu məhrumetməni hələ sağlığında məhkəməyə müraciət etməklə həyata keçirə bilər və məhkəmənin qərarı mirasın açıldığı andan qüvvədə olur. Bundan əlavə, Mülki Məcəllənin 1198-ci maddəsinə görə, əgər məcburi pay hüququ olan şəxs eyni zamanda vəsiyyət tapşırığı alırsa və həmin leqatdan imtina etmirsə, o, məcburi pay hüququnu leqatın dəyəri həddində itirir. Yəni qanun burada eyni hüquqi marağın iki dəfə təmin edilməsinin qarşısını alır. Nəhayət, Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən bağışlanmış əşya hesabına məcburi payın tamamlanması tələb oluna bilər, lakin əgər hədiyyənin verilməsindən mirasın açıldığı vaxta qədər iki ildən çox keçibsə, həmin əşya artıq hesaba alınmır. Bu, ümumən məcburi pay hüququnun yox olması deyil, yalnız həmin xüsusi müdafiə mexanizminin tətbiq olunmaması deməkdir. 8 yanvar 2021-ci il tarixli Konstitusiya Məhkəməsi qərarında da bağışlanmış əşya hesabına tamamlanma tələbinin məcburi pay hüququnun xüsusi, subsidiar müdafiə forması olduğu təsdiqlənib”.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu

Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu - RENKİNQİ

01.04.2026

"Nike"ın bərpa planı gecikir, səhmlər kəskin ucuzlaşıb

01.04.2026

Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - FOTOLAR

01.04.2026

Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır

01.04.2026

Bakıda məktəbdə tədris dayandırıldı - SƏBƏB

01.04.2026
Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər?

Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər? - Vəkil açıqladı

01.04.2026

“Qala Sığorta” ASC-nin yığımları 55,5% azalıb

01.04.2026

"Meta" yeniyetmələrə zərər verdiyinə görə məsuliyyətə cəlb edildi

01.04.2026

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

01.04.2026

"Bakubus" 865 min manatlıq müqavilə imzalayıb

01.04.2026

Sığorta bazarı kiçildi - 3 milyonluq itki - RENKİNQ

01.04.2026

Sabah 25 dərəcə isti olacaq

01.04.2026

"Expressbank"ın İdarə Heyətində yeni TƏYİNAT - FOTO

01.04.2026
Tale Heydərov işində fantastik məbləğ - Tanınmış iş adamı axtarışa verildi

Tale Heydərov işində fantastik məbləğ - Tanınmış iş adamı axtarışa verildi

01.04.2026

Bu şəxslərin 5 illik səlahiyyət müddəti bitir

01.04.2026

"OpenAI"nin dəyəri 852 milyard dollara çatdı, amma hələ də mənfəət əldə edə bilmir

01.04.2026

Xarici şirkətin avtomobilləri 50% endirimlə satışa çıxarılır

01.04.2026

“9fin” şirkəti 170 milyon dollar investisiya alıb

01.04.2026

Aprel ayına olan hava proqnozu açıqlandı

01.04.2026
Ən çox nağd pul krediti verən banklar

Ən çox nağd pul krediti verən banklar - CƏDVƏL

01.04.2026

Məzənnə

Yüklənir...