"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

Redaktor

05.06.2026 16:15
893

"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

Müasir iş mühitində rəqabət qaçılmazdır. Bir çox şirkətlər əməkdaşların daha məhsuldar olması üçün rəqabətli mühit yaratmağa çalışır. İlk baxışdan bu, motivasiyanı artıran amil kimi görünür. Lakin bəzi hallarda rəqabət işçilərin özünü inkişaf etdirməsinə deyil, daimi gərginlik, narahatlıq və tükənmişlik hissinə səbəb olur. Bəs iş yerində rəqabət hansı məqamda motivasiya vasitəsindən çıxaraq stress mənbəyinə çevrilir? Sağlam və zərərli rəqabəti necə fərqləndirmək olar?

İnsan resursları üzrə menecer, əmək və sosial münasibətlər üzrə ekspert Leyla Əsədullayeva bildirib ki, bir çox şirkətlər əməkdaşlar arasında rəqabət yaratmaqla motivasiyanı artırmağa çalışsalar da, bu yanaşma əks nəticə verə bilər:

"Bəzi şirkətlər işçiləri bir-biriylə müqayisə etməklə onların motivasiyasını artıracaqlarını düşünürlər. Halbuki bu, əksinə, motivasiyanın azalmasına səbəb olur".

L.Əsədullayevanın sözlərinə görə rəqabət əsasən iki formada olur: ya işçilər öz aralarında rəqabət aparırlar, ya da müəssisə digər şirkətlərlə rəqabət aparır: "Şirkətin başqa müəssisələrlə rəqabəti sağlam rəqabətdir. Burada komanda şəklində rəqabət yaranır. Hər kəs öz potensialını ortaya qoymağa çalışır ki, müəssisə rəqib şirkətdən daha yaxşı nəticə əldə etsin. Bu, həm əməkdaşlığı, həm də motivasiyanı artırır. Lakin işçilərin bir-biriylə rəqabətə cəlb olunması uzunmüddətli perspektivdə problemlər yaradır. Belə ki, ilk aylarda işçilər daha çox çalışmağa başlayır və müəyyən nəticələr əldə olunur. Lakin zaman keçdikcə əməkdaşlar vacib məlumatları bir-birindən gizlətməyə başlayır, komanda ruhu zəifləyir, bir-birlərinin səhvlərini düzəltmək əvəzinə, rəhbərliyə çatdırmağa üstünlük verirlər. Bu isə stressə və emosional tükənməyə səbəb olur".

Ekspert bildirir ki, stress yaradan rəqabəti deyil, sağlam rəqabəti seçməliyik: "Sağlam rəqabət insanın özünü başqaları ilə deyil, əvvəlki nəticələri ilə müqayisə etməsidir. Əməkdaş özünü inkişaf etdirməyə, əvvəlkindən daha yaxşı nəticələr göstərməyə çalışmalıdır. Bu zaman həm komanda ruhu qorunur, həm də əməkdaşlar birlikdə işləməyə davam edirlər. Ona görə də iş mühitində elə bir atmosfer yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın, əksinə inkişaf etməyə həvəslənsinlər".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...