Adi ailədən çıxan, ABŞ-da 200 milyon dollarlıq investisiya qərarları verən Ülvi Rəşidin yolu

Redaktor

05.01.2026 10:00
1,192

Adi ailədən çıxan, ABŞ-da 200 milyon dollarlıq investisiya qərarları verən Ülvi Rəşidin yolu

10 ilə yaxındır ki, ABŞ-da vençur investisiyaları ilə məşğuldur. Ötən il ABŞ və Azərbaycan arasında innovasiya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə “2025 Baku ID Nexus Award” mükafatını alıb. Söhbət ABŞ-də “Traction Fund” vençur şirkətinin təsisçisi və investor direktoru Ülvi Rəşiddən gedir. Bu günlərdə Bakıda biznes səfərində olan Ülvi Rəşid Valyuta.az-a müsahibəsində həm şəxsi karyera yolundan danışdı, həm də regionun innovasiya potensialını dəyərləndirdi.

Qeyd edək ki, Ü.Rəşid Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr və ABŞ-da Carnegie Mellon Universitetində MBA təhsili alıb.

- ABŞ və Azərbaycan arasında innovasiya körpüsü qurduğunuza görə “2025 Baku ID Nexus Award” mükafatına layiq görüldünüz. İlk olaraq bundan danışaq.

- Mən Silikon Vadisində korporativ rəhbərlərdən ibarət “Traction Club”unu və fərdi investorlardan ibarət olan Traction Fondu idarə edirəm. Klub olaraq aşkar etdiyimiz və ciddi araşdırmadan keçirdiyimiz yüksək texnologiyalı şirkətlərə Traction Fonddan vəsaiti sindikasiya edib şirkətlərə yatırırıq. Silikon Vadisinin üstünlüyünü mən təkcə uğurlu təsadüf kimi deyil, bir “flywheel” – yəni qarşılıqlı təsirlərlə sürət qazanan ekosistem kimi görürəm. Bu mexanizm yüksək səviyyəli istedadları, vençur kapitalı, korporativ və hökumət tələbatı, eləcə də IPO (Initial Public Offering - şirkətin ilk dəfə səhmlərini birjada açıq satışa çıxarması) və ya satınalma kimi sağlam çıxış imkanlarının sinergiyası sayəsində işləyir.
İki il əvvəl regionumuzla ABŞ arasında bir “biznes tərcüməçi və körpü” rolunu üzərimə götürərək bu ekosistem yanaşmasını bizim regionda tətbiq etməyə başladım.

- Hansı fəaliyyətdən söhbət gedir?

- Ümumilikdə, fəaliyyətimizi üç əsas istiqamətdə qururuq. Birincisi, rəqəmsal transformasiyadır. Korporasiyalarımızı iri şirkətlər əvəzinə Silikon Vadisinin inkişaf mərhələsində olan çevik texnologiya şirkətləri ilə əməkdaşlığa yönləndiririk. Məqsəd - onları “rəqəmsal-üstünlük” düşüncə tərzinə keçirməkdir. Bunun ən yaxşı nümunəsi hazırda Azərbaycanda artıq bir neçə banka xidmət göstərən YCombinator məzunu “Iomete” şirkətidir.
Digər istiqamət innovasiya ixracıdır. “Armeta AI” və “Cybernet AI” kimi özünəməxsus məlumat modellərinə malik regional şirkətlərin ABŞ bazarına çıxışına və orada rəqabət aparmasına dəstək veririk. Digər istiqamət innovasiya ixracıdır.

Üçüncüsü isə, regional genişlənmədir. Region startaplarının qonşu ölkələrə və yeni bazarlara çıxışını asanlaşdırırıq. Sağlamlıq sahəsində “Push30”, B2B ERP sahəsində isə “Aumet” buna nümunədir.

- Ülvi bəy, istəyərdim bir az keçmişə gedək. Bu yol necə başladı?

- Maraq gücü, sürətlə öyrənmək bacarığı, hərəkət etmək cəsarəti, “yox”-u cavab kimi qəbul etməmək və adi bir ailədən gəlməyin verdiyi motivasiya ilə. Bütün bunlar məni akademik olaraq fərqlənməyə yönəltdi: universitetə qəbul imtahanlarında ölkə üzrə 16-cı oldum və Prezident Təqaüdünə layiq görüldüm. Universitetdə isə o dövrün ən böyük tələbə intellektual oyunlar klubu olan “Maqnat”ı təsis etdim. Komandamız həm ölkə çempionatlarını, həm də HP-nin idarəetmə oyunları üzrə Dünya Kubokunu qazandı.

- Yəqin tələbə vaxtı işləmisiniz.

- Bəli, həm də işləyirdim.

- Niyə tələbə vaxtı işləməyə başladınız?

- Universitetdə əldə etdiyim nəzəri bilikləri dərhal real sektorda tətbiq etmək istəyirdim. Mən “tətbiq edərək öyrənmə” prinsipinə inanıram, real problemlərə toxunanda, öyrənmə qat-qat sürətli olur. Sosial İqtisadi Araşdırmalar Mərkəzində “Unibank”, “Coca-Cola” kimi şirkətlər üçün layihələrdə işləmək məni həm də güclü komandada əməkdaşlıq etmək bacarıqları ilə zənginləşdirdi. 2008-ci ilə universiteti bitirəndən sonra Rusiyaya – Sibirə köçdüm.

- Bakalavr təhsilini bitirən kimi ölkə xaricində iş tapmağınız necə oldu?

- Açığı, Sibirə köçməyi planlaşdırmırdım, sadəcə elə alındı (Gülür). 4-cü kursda Rusiya Energetika Nazirliyinin keçirdiyi neft-qaz məzunları müsabiqəsində iştirak etdim. 132 nəfərdən seçilən 10 qalibdən biri oldum və iş təklifi alan yeganə iştirakçı mən idim. Karyeramı PwC Moskva ofisində dələduzluqların araşdırılması üzrə mütəxəssis kimi başladım. Ofisin işləri əsasən neft-qaz şirkətlərinin yerləşdiyi Sibir regionu ilə bağlı idi.

- Sizcə, niyə yalnız sizə iş təklifi edildi?

- Özünəinam və bir az da şans deyək. Əsas xarici dilim alman dili idi, ingilis dilini isə zəif bilirdim, lakin müsahibədə o qədər əmin danışdım ki, bunu ayrıca test etməyə ehtiyac duymadılar. Əlavə olaraq, mühasibatlıqla bağlı çox çətin bir suala düzgün cavab verdim, əksinə, çox sadə suala cavab verə bilmədim və bu onlara maraqlı gəldi. Dedilər ki, asanları öyrətmək olar. Bizə sənin öyrənmə tempin və əzmkarlığın lazımdır.

- Neft sektorunda təhsil alırdınız lakin, maliyyədə çalışdınız...

- Mən universitetdə İqtisadiyyat üzrə oxudum, sonra isə maliyyə sektorunda çalışmağı planlaşdırırdım. Çünki mənim üçün maliyyə hər bir şirkətin “qanı”, enerjisidir.

- 3 il audit sahəsində çalışmısınız. Bu təcrübə Sizə nə verdi?

- Müşahidəçi olmağı öyrətdi. Məsələn, auditor şirkətə gedəndə, Sizi həddən artıq isti və lüks qəbul edirlərsə, çox zaman orada hansısa problem olur. Təsəvvür edin, birinci layihəmizdə qırmızı kürü, krab və hər cür qonaqpərvərlik göstərdilər. Sonra məlum oldu ki, orda milyonlarla çatışmamazlıq var. Harda çatışmamazlıq var idisə, sizinlə dost olmağa çalışırdılar. Harda ki çay və sadə şirniyyat olurdusa, deməli, hər şey düzdür, işinizi görüb gedin.
Həmçinin xalq arası deyilən “nəyisə bilməmək ayıb deyil, amma soruşmamaq ayıbdır” sözünün təsdiqini gördüm. Məlumatsız görünmək qorxusu inkişafın ən böyük əngəlidir.

- Növbəti iş yeriniz audit sahəsində olmur...

- Audit keçmişə baxışdır. Mən isə gələcəyi qurmaq istəyirdim. Konsaltinqdə problemi tapırsınız, lakin həllin nəticəsini görmürsünüz. Mən isə biznesin dəyər yaratdığı nöqtədə - tranzaksiyalarda və qiymətləndirmədə - iştirak etmək istəyirdim. Bu istək məni EY-yə və daha sonra VTB Capital-a apardı.

- VTB-də yüksək vəzifədən ABŞ-a köçməyiniz necə baş verdi?

- Mən VTB-də 1 il tranzaksiyalar departamentində işlədim. Sonra “VTB Capital”a keçdim. 2015-cü ildə mənə VTB qrupun bütün mehmanxanalarının idarəetməsini həvalə etdilər. Həmin zaman, Krım hadisələrindən sonra rus rublu dəyərini ikiqat itirmiş və portfelin yarısı defolta uğramışdı. Növbəti il ərzində milyard dollarlıq mehmanxanalar portfelini idarə etdim və defoltdan çıxartdım.
Sonra kredit proseslərini avtomatlaşdırmaqla sürətləndirmək istəyirdim, amma mənə dedilər ki, bu, işçilərin yarısının ixtisarına səbəb ola bilər. Mən isə sübut edirdim ki, avtomatlaşdırma bankın rəqabət qabiliyyətini artırar və bu halda kadrları digər şöbələrə yönləndirmək mümkündür.

Cavab belə oldu: “Əgər bunu etmək istəyirsənsə, vizyonunu doğru qiymətləndirildiyi yerə get”. Və beləliklə, 2016-cı ildə süni intellekt və robototexnika üzrə dünyanın bir nömrəli universiteti olan Carnegie Mellon-a qəbul olundum və ABŞ-a köçdüm (Gülür).

- ABŞ-a köçəndə, yəqin ki bir sosial mədəni fərqlərlə üzləşmişdiniz. Buna necə adaptasiya oldunuz?

- İlk vaxtlar iş mədəniyyətimiz uyğun gəlmirdi. Müəllim qrup şəklində ev tapşırığı vermişdi, əvvəlcədən baxmağa vaxt olmamışdı. Təqdimatdan 10-15 dəq əvvəl gördüm ki, qrup yoldaşlarım həll ediblər, lakin həlli səhvdir. Doğru həll edib sistemdə qrupumuzun adından müəllimə göndərdim. Mənə görə hamıya 5+ (A+) qiymət yazıldı. Rübün axırında bir-birimizi qiymətləndirirdik və qrup yoldaşlarım mənə ən aşağı qiyməti verdilər. Səbəbini soruşdum, dedim ki mənə görə fənn üzrə hamınız 5+ almısınız. Aşağı balı niyə verdiniz? Cavabı onda ala bilmədim. Xeyli vaxt keçəndən sonra başqa yoldaşdan öyrəndim ki, hazır cavabı verməkdənsə, izah etməli idim. 
Ümumilikdə, amerikalıların rəy vermə və rəy qəbul etmə tərzini öyrənməli oldum. Mənə ən çox kömək edən inkişaf sahələrimi müəyyənləşdirmək, hər sahə üçün bir mentor tapmaq və davamlı öz üzərimdə işləmək oldu. Liderlik sertifikasiyasını da aldım. Oradan öyrəndiyim ən dəyərli dərs budur: məsələ heç vaxt sizin haqqınızda deyil - xidmət etdiyiniz insanlar haqqındadır. Əvvəl verməli, sonra almalı, “win-win” (qazan-qazan - “hər kəsə sərfəli”) münasibətləri qurmalısınız.

 - Azərbaycanda tələbə vaxtı aktiv olmusunuz. ABŞ-da 2 illik təhsil müddətində nə etdiniz?

- ABŞ-da universitetdə mənə belə sual verildi: Sən kimsən? Yarım il bu sualı özümə verdim. Burada Qərb və Şərq fəlsəfənin fərqi ortaya çıxır. Şərqdə qohumlarınız, ailəniz, ətrafınız sizin kim olmağınızı təyin edir. Siz kimsiniz? Deyirsiniz ki, filankəsəm, burda işləyirəm, belə adamları tanıyıram və s. Mən sizin sosial dərəcənizi beynimdə müəyyənləşdirirəm. Amerikada fərqlidir. Orada adamdan başlayır. Bu kimdir? Bu nə edib? Hara gedir? Buna əsaslanaraq bilirlər ki, netvörkü kimdir?

- İlk dəfə “Sən kimsən” sualına Amerikada nə cavab verdiniz?

- İlk cavabımı yadımdan çıxarmağa çalışıram (Gülür). İlk cavabım bankirəm, orada işləmişəm, burada işləmişəm kimi idi. Yenə əsas soruşurdular ki, sən kimsən?

- İndi o sualı biz sizə verək?

- İndi o sual işimlə bağlıdır, lakin mənə bağlı yanaşmadır. Mən Silikon Vadisində vençur kapitalistəm və son 10 il ərzində 200 milyon dollardan çox maliyyəni dünyanın ən nüfuzlu şirkətlərinə düzgün vaxtda yönəltmişəm. Hazırda Silikon Vadisi ilə Azərbaycan və ümumilikdə region arasında körpü qurmaq çalışıram.

- ABŞ-də vençur sahəsində iş tapmağınız necə oldu?

- 2018-ci ildə ABŞ-də 10 000 MBA məzunundan yalnız 20 nəfər vençur sahəsində iş tapa bildi, mən onlardan biri idim. Hər kəs deyirdi ki, təcrübən olmadan bu mümkün deyil. Lakin mən Carnegie Mellonun Texnologiya Transfer Mərkəzində və sonra “mələklər” sindikatında ödənişsiz çalışaraq bir il ərzində “venture due diligence” təcrübəsini əldə etdim. Bu, mənə Silikon Vadisinin vençur sahəsində işlərə çıxış üçün zəmin yaratdı. 5 il ərzində Mindrock (2024-ci ildə 1802 Ventures tərəfindən alınıb) şirkətində investisiya departamentini qurdum, 200 milyondan çox vəsaiti “SpaceX” və “Figure Technologies” kimi 21 IPO-ya çıxası şirkətlərin alınmasına yönəltdim. 
İşləyərkən bu istiqamətdə çalışdıqca təcrübə qazandım, Silikon Vadisində əlaqələrim genişləndi və nəhayət öz işimi qurdum.

- Hazırda fəaliyyətiniz nə qədər genişdir?

- “Traction Club”u idarə edərək, klubun seçdiyi şirkətlərə investisiya yönəldirəm. Klubumuzun nüvəsi – ABŞ və dünya korporasiyalarının rəhbərləridir, çünki məhz onlar həm korporativ problemləri anlayır, həm də texnoloji həllərə büdcə ayıra bilərlər. Demək olar ki, biz alıcılar kollektiviyik. İnvestisiyaları daha çox Silikon Vadisində startapların böyümə mərhələsində yatırırıq.
Biz hazırda Süni İntellekt üçün böyük bir dönüş dövründəyik. Təzəlikcə "NVidia"dan daha səmərəli çalışan çiplər istehsal edən şirkətə və iki Sİ agent platformasına investisiya yatırmışıq. İnvestorların sayı hər sövdələşmə ilə artır. Növbəti investisiyamız enerji sahəsinə ola bilər, çünki, enerji süni intellektin əsas məhdudlaşdırıcı faktorudur.

- Startaplara investisiya etmək istəyənlərə məsləhətiniz nədir?

- İnvestorlara tövsiyəm odur ki, kapitalın yalnız 10%-ni vençura ayırsınlar və mütləq diversifikasiya etsinlər. Çünki 15 şirkətdən hansının böyük uğur qazanacağını əvvəlcədən bilmək mümkün deyil. Silikon Vadisində olan startaplar statistik olaraq daha uğurludur, çünkü kapitala ən yaxındılar. 

- Azərbaycanla bağlı planlarınız nədir?

- Azərbaycanla Amerikanın vençur kapitalının həcmi fərqi məni həm kədərləndirir, həm motivasiya edir. ABŞ-da adambaşına düşən vençur maliyyələşməsi 1000 dollara yaxın olduğu halda, Azərbaycanda cəmi 15 sentdir (Qazaxıstanda 5 dollara yaxındır). Regiona və dünyaya baxarkən hazırda geridəyik. Düşünürəm ki, regionumuz həm startaplara, həm də infrastruktur layihələrinə sərmayə qoyan böyük bir özəl ekosistem yaradıcısına ehtiyac duyur. Hər ölkənin bazarı startapları IPO səviyyəsinə yetişdirmək üçün kiçikdir, lakin birlikdə olsaq, regionalar startaplar üçün böyük fürsət yaranacaq.

- Bu vizyonu çətinləşdirən əsas maneələr hansılardır?

- Bu vizyonun həyata keçirilməsi səbrli və uzunmüddətli kapital yanaşması tələb edir; dövlət, suveren fondlar və institusional investorlar arasında vaxt horizontlarının düzgün uyğunlaşdırılması bu baxımdan həlledicidir. Eyni zamanda, bir neçə dövlət qurumu ilə özəl sektor arasında davamlı və effektiv institusional koordinasiyanın qurulması vaxt alan prosesdir. Qlobal standartlara cavab verən Sİ və yüksək texnologiya üzrə insan kapitalının hazırlanması və saxlanması mərhələli şəkildə həyata keçirilir və bu sahədə davamlı investisiya tələb olunur. Bununla paralel olaraq, fond–ekosistem və korporativ offtake kimi yeni modellərin tətbiqi üçün mövcud hüquqi və tənzimləyici çərçivələrin tədricən uyğunlaşdırılması zəruridir.
Ekosistemin bütün elementləri mövcud olub işləməlidir ki, nəticə alınsın. 

- Sizin özünüzün şəxs olaraq yatırım etdiyiniz layihələr var?

- Az və ya çox hamısına yatırım edirəm. Çünki özüm yatırım etmədiyim layihəni investorun qarşısına çıxarmaram. Elə layihələr olur ki, özüm yatırım edirəm, lakin investorlara gətirmirəm, çünki çox risklidir. Bir az böyüyəndən və riski azalandan sonra layihəni göstərə bilərəm.

- Yatırım etdiyiniz və böyüyən ən böyük şirkətin dəyəri bu gün nə qədərdir?

- Biz müxtəlif şirkətlərə yatırım edirik. 

2019-cu ildə “SpaceX” 35 milyard olanda yatırım etdik, bu gün onun dəyəri 800 milyarda yaxınlaşır və gələn il 1,5 trilyon dəyəri ilə IPO-ya çıxır. 

2021-ci ildə yatırım etdiyimiz “Kraken” şirkəti – dünyanın ən etibarlı kripto birjası - bugünlərdə 20 milyard dollarlıq dəyəri olduğunu elan etdi. Mən investisiya edəndə, 2021-ci ildə dəyəri 4 milyard idi. Çox güman ki növbəti il ərzində təxminən 30 milyard dollarla birjaya getməlidirlər. IPO-dan qabaq onlara yenidən yatırım edə bilərik. 

2025-ci ilin sentyabrında IPO-ya çıxan "Figure Technologies" şirkətinə pulu 1 milyard dəyəri olanda yatırdıq, bu gün dəyəri 9,5 milyarddır. Başqa şirkətlər də böyüyür.

- Şirkətiniz tərəfindən edilən ən böyük yatırım nə qədər olub?

- 30 milyon dollar.

- Klubunuz nə qədər investoru bir araya gətirib?

- Bizim 80 nəfərlik bir investor qrupumuz var. CEO, CFO və sair kimi vəzifələrdə olan adamlardır və müxtəlif investisiya etmək istəyən ailəvi ofislərlə birlikdə vençur sindikatını yaratdıq. Şirkətin təsisçisi mənəm, həmin investorlar seçdiyi layihələrə pul yatırırlar.

- Kimlər sizə investor olaraq qoşula bilər?

- Şirkət menecmenti və sahibkarlar. Bizdə yatırım məbləği 50 min dollardır. Böyümüş şirkətlərə 2 milyona yaxın pul qoyuruq. Müşahidə və ya müşavirə şurasının üvzü oluruq. Şəxsən mən 1 şirkətdə müşahidə şurasının üzvüyəm. O startapın böyüməsinə və həmçinin yeni regionlara çıxmasına köməklik göstərirəm.

- Son olaraq, sizi universitetdən qlobal arenaya aparan əsas güc nə idi?

Mən heç vaxt yalnız bir rol — investor, icraçı və ya müşahidəçi — ilə kifayətlənmədim; dəyərin məhz ideya, kapital, icra və insanlar arasında körpü qurmaqdan yarandığını anladım. Bu yanaşma mənə müxtəlif ölkələrdə, mədəniyyətlərdə və mühitlərdə etibar qazanmağa və uzunmüddətli tərəfdaşlıqlar qurmağa imkan verdi.

Aygün Asimqızı

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...