Redaktor
BEA maydan bəri ilk dəfə neft bolluğu proqnozunu azaltdı - Rekord göstərici
Beynəlxalq Enerji Agentliyi (BEA) bir neçə ay ərzində ilk dəfə olaraq cari və gələn il üçün qlobal neft profisiti ilə bağlı proqnozlarını aşağı salıb. Buna “qara qızıl”a tələbatın artması və hasilatın daha ləng templə yüksəlməsi təsir edib.
Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg” BEA-nın hesabatına istinadən məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, gələn il dünyada neft təklifi tələbi sutkada 3,815 milyon barel üstələyəcək ki, bu da ötən aylıq proqnozdan 231 min barel azdır.
Nəşrin məlumatına görə, BEA analitikləri 2025-ci ildən bu yana ilk dəfə gələn ilə dair profisit proqnozunu azaldıblar, cari ilə dair göstərici isə ilk dəfə bu ilin fevralından etibarən aşağı salınıb. Bununla belə, gözlənilən “artıq” barel həcmi pandemiya dövründən bəri ən yüksək səviyyədə qalır.
“Qlobal neft profisitinin 2025-ci ilin dördüncü rübü üçün proqnozu noyabr hesabatından sonra azalıb, çünki dünya üzrə neft tədarükünün durmadan artması qəfil dayanıb”, deyə agentliyin məlumatında bildirilir.
Ekspertlər qeyd edirlər ki, dünya üzrə neft tədarükü sentyabr ayında qeydə alınan rekord səviyyədən sutkada 1,5 milyon barel azalıb. Bununla yanaşı, sanksiya altındakı OPEC+ ölkələri – Rusiya və Venesuela – hasilatı ixtisar edib, kartelin digər üzvləri Küveyt və Qazaxıstanda isə bazara neft tədarükündə gözlənilməz çətinliklər yaranıb.
Agentlik həmçinin bildirir ki, faktiki profisit kağız üzərində proqnozlaşdırılandan daha az ola bilər, çünki istehsalçılar düzəlişlər edir. Eyni zamanda, gözlənilən artıq neftin əhəmiyyətli hissəsi sanksiya tətbiq edilən istehsalçıların – İran, Rusiya və Venesuelanın – payına düşür.
BEA dünya üzrə neft istehlakı ilə bağlı proqnozu da bir qədər artıraraq 2025-ci ildə artımın sutkada 830 min barel olacağını bildirib. Qlobal neft tələbatının bu il orta hesabla rekord 103,9 milyon barel olacağı gözlənilir.
BEA-nın gələn il profisitin azalacağını proqnozlaşdıran hesabatı dərc edildikdən sonra neft qiymətləri aşağı düşüb. “Investing” portalının məlumatına görə, saat 14:16-da Brent markalı neftin qiyməti 68 sent azalaraq barelə görə 61,53 dollara, WTI markalı ABŞ neftinin qiyməti isə 65 sent ucuzlaşaraq barelə görə 57,81 dollara enib.
Paşa Məmmədli