Redaktor
Bu ölkə ildə 4 dəfə vətəndaşlarına 200 dollar verəcək
Marşall adalarında dünyada ilk dəfə milli səviyyədə şərtsiz baza gəliri proqramı tətbiq olunub.
Valyuta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
Proqram çərçivəsində Marşall adalarının hər bir sakini hər rübdə təxminən 200 ABŞ dolları alır. İlk ödənişlər ötən ayın sonunda həyata keçirilib. Vətəndaşlar vəsaiti onlar üçün ən uyğun formada almaq imkanına malikdirlər: bank hesabına köçürmə, çek vasitəsilə və ya hökumət tərəfindən dəstəklənən rəqəmsal pul kisəsi üzərindən blokçeyn əsaslı kriptovalyuta şəklində.
Marşall adalarının maliyyə naziri Devid Polun sözlərinə görə, rübdə adambaşına 200 dollar ödəniş insanların işləməkdən imtina etməsinə səbəb olmayacaq və eyni zamanda vətəndaşların mənəvi ruhunu yüksəldəcək. O vurğulayıb ki, bu ödənişlər hökumətin yaşayış xərclərinin artımını azaltmaq və miqrasiyanı məhdudlaşdırmaq məqsədi daşıyan tədbirləri sırasına daxildir.
Marşall adaları Sakit okeanda, Havay adaları ilə Avstraliya arasında yerləşən arxipelaqdır və təxminən 42 min nəfər əhalisi var. Şərtsiz baza gəliri proqramı ABŞ ilə imzalanmış saziş çərçivəsində yaradılmış xüsusi fond hesabına maliyyələşdirilir. Həmin saziş, digər məsələlərlə yanaşı, Vaşinqtonun onilliklər ərzində Marşall adaları ərazisində apardığı nüvə sınaqlarına görə kompensasiya mexanizmini də nəzərdə tutur.
Paşa Məmmədli