Redaktor
"Bitcoin" niyə yüksəlmir? - Kritik tarixlər bəlli oldu
"Bitcoin" son günlər 90 min dollar səviyyəsinin altında qalmaqda davam edir. Kriptovalyutanın qiymət dinamikasına 19 və 26 dekabr tarixlərində baş verəcək hadisələrin ciddi təsir göstərə biləcəyi bildirilir.
Valyuta.az xəbər verir ki, ekspertlərin fikrincə, 19 dekabrda bir neçə mühüm amil eyni vaxta təsadüf edəcək. Həmin gün Yaponiya Mərkəzi Bankının faiz qərarı açıqlanacaq və eyni zamanda trilyonlarla dollar dəyərində səhm və opsion müqavilələrinin müddəti başa çatacaq. “Üçlü cadı” kimi tanınan bu proses maliyyə bazarlarında volatilliyin artmasına səbəb ola bilər və Bitcoin-ə dolayı təsir göstərə bilər.
HashKey-in baş tədqiqat rəhbəri "Tim Sun Decrypt"ə açıqlamasında bildirib ki, bu həftə bir neçə faktor eyni vaxtda bazarlara təsir edəcək. Onun sözlərinə görə, makroiqtisadi qərarlar kripto bazarına dolayı təzyiq yarada bilər.
Əsas kritik tarix isə 26 dekabr hesab olunur. Həmin gün kripto törəmə alətləri üzrə ən böyük platformalardan biri olan Deribit birjasında 13,3 milyard dollarlıq Bitcoin opsionlarının müddəti başa çatacaq. Açıq mövqelərin böyük hissəsinin bu tarixdə cəmləşməsi qiymətdə kəskin dalğalanmalara yol aça bilər.
Bundan əlavə, ilin sonuna yaxınlaşması fonunda institusional investorların balans tənzimləmələri və mənfəət realizasiyası da "Bitcoin" qiymətinə əlavə təzyiq yaradan amillər sırasında göstərilir.
Sərvanə Rəmixanova