Redaktor
Televizor istehsalçılarına ittiham: Hansı markalar bizi gizlicə izləyir?
Texnologiya nəhənglərinə qarşı açılan irimiqyaslı məhkəmə iddiası ağıllı televizorların işləmə prinsipi ilə bağlı qorxuducu iddiaları üzə çıxarıb.
Valyuta.az xəbər verir ki, iddialara görə, bu sistem izlədiyiniz bütün məzmunu saniyədə iki dəfə qeydə alaraq mərkəzi serverlərə ötürür və şəxsi məxfiliyi demək olar ki, tamamilə aradan qaldırır.
Ağıllı televizorlar artıq təkcə film izlədiyimiz cihazlar olmaqdan çıxıb, qonaq otağımızın tam ortasında bizi saniyə-saniyə izləyən müşahidəçilərə çevrilib. Texnologiya dünyasında məlumatların məxfiliyi ilə bağlı müzakirələr davam edərkən, iri istehsalçıların istifadəçi razılığı olmadan atdığı addımlar bu dəfə məhkəmə müstəvisinə daşınıb. "Microsoft" və "LG" şirkətlərinin "Copilot" tətbiqini televizorlara məcburi şəkildə quraşdırması ilə başlayan narazılıq dalğası, sonradan daha ciddi ittihamlarla əvəzlənib.
Texas Baş Prokurorluğu texnologiya nəhəngləri "Sony", "Samsung" və "LG" ilə yanaşı, Çin mərkəzli "HiSense" və "TCL" daxil olmaqla beş iri televiziya istehsalçısına qarşı iddia qaldırıb. İttihamın mərkəzində isə "Avtomatik məzmun tanıma" (ACR) adlı texnologiya dayanır. İddialara əsasən, bu sistem televizorda həmin an nə izlədiyinizi müəyyən etmək üçün hər 500 millisaniyədə bir, yəni saniyədə iki dəfə ekran görüntüsü götürür. Üstəlik, bu məlumatlar real vaxt rejimində emal edilərək istifadəçinin açıq razılığı olmadan birbaşa istehsalçıların serverlərinə göndərilir.
İddianın ən diqqətçəkən və narahatlıq doğuran məqamlarından biri də məlumatların hara ötürülməsi ilə bağlıdır. Baş Prokurorluq xüsusilə "HiSense" və "TCL" kimi şirkətlərin topladığı məlumatların Çində yerləşən serverlərə göndərilməsinə diqqət çəkir. Çin Milli Təhlükəsizlik Qanununa əsasən hökumətin bu məlumatlara istənilən vaxt çıxış əldə edə bilməsi, məsələnin sırf kommersiya xarakterli məlumat pozuntusundan çıxaraq milli təhlükəsizlik probleminə çevrildiyi vurğulanır. Texas Baş Prokuroru Ken Pakston xarici güclərlə əlaqəli şirkətlərin amerikalıların evlərindəki cihazlara sızaraq qanunsuz qeyd aparmaq haqqının olmadığını bildirib və bu vəziyyəti “istilacı və aldadıcı” adlandırıb.
İstehsalçılar ACR texnologiyasını əsasən istifadəçilərə maraq dairələrinə uyğun məzmun və reklamlar təqdim etmək məqsədilə istifadə etdiklərini bildirirlər. Lakin bu funksiya müasir ağıllı televizorların əksəriyyətində standart olaraq aktiv vəziyyətdə olur. İstifadəçilər məxfilik ayarları vasitəsilə bu xüsusiyyəti söndürə bilsələr də, iddianın əsasını məhz bu izləmənin başlanğıcdan etibarən şəffaf icazə mexanizmi olmadan həyata keçirilməsi təşkil edir. Texas rəhbərliyi televiziya sahibi olmağın şəxsi məlumatlardan imtina etmək anlamına gəlmədiyini vurğulayaraq iri texnologiya şirkətlərinə qarşı sərt mövqe nümayiş etdirir.
Paşa Məmmədli