Redaktor
Avropanın mərkəzində "Amazon" "zəlzələsi": Nə baş verir?
Süni intellektin yüksəlişi texnologiya nəhənglərində balansları sarsıtmaqda davam edir. "Amazon"un Avropadakı mərkəzində başlayan ixtisar dalğası xüsusilə kod yazan komandaları hədəfə alıb. Bir dövrün ən populyar peşələrindən biri sayılan proqramçıların gələcəyi indi hər kəsi düşündürür.
Valyuta.az xəbər verir kiu, texnologiya dünyasında davam edən işdən çıxarmalar bu dəfə "Amazon"un Avropa "ürəyi"nə çatıb. Şirkət Lüksemburqdakı baş qərargahında çalışan təxminən 370 nəfərlə yollarını ayırmağa hazırlaşır. Bu rəqəm "Amazon"un regiondakı işçi qüvvəsinin 8,5 faizinə bərabərdir. Əslində ilkin mərhələdə 470 nəfərin ixtisar edilməsi planlaşdırılırdı, lakin Avropa İttifaqı qanunvericiliyinə uyğun aparılan danışıqlar və yerli hakimiyyət orqanları ilə təmaslardan sonra bu say bir qədər azaldılıb.
İxtisarların arxasında texnologiya sektorunda baş verən böyük transformasiya dayanır. Daxil olan məlumatlara görə, bu qərardan ən çox proqram təminatı üzrə mütəxəssislər təsirlənəcək. Sektor üzrə süni intellektin kod yazma proseslərində daha aktiv istifadə olunması insan əməyinə olan tələbatı ciddi şəkildə sual altına qoyub. "Amazon" oktyabr ayında qlobal miqyasda 14 min nəfərin işdən çıxarılacağını açıqlamışdı. Görünən odur ki, süni intellekt və robotlaşdırılmış əməliyyatlara verilən üstünlük minlərlə iş yerinin bağlanmasına səbəb olur.
Qərar əhalisi kiçik olan Lüksemburqda ciddi narahatlıq yaradıb. Eyni vaxtda yüzlərlə ixtisaslı mütəxəssisin iş axtarması yerli əmək bazarını çətin vəziyyətə sala bilər. Məsələ təkcə yeni iş tapmaqla bitmir. "Amazon" üçün digər ölkələrdən gəlmiş və yaşayış icazəsi iş müqaviləsinə bağlı olan əməkdaşlar üç ay ərzində yeni iş tapa bilməsələr, ölkəni tərk etmək məcburiyyətində qalacaqlar. Şirkət isə açıqlamasında bu addımı “iş ehtiyaclarının və yerli strategiyaların əksi” kimi dəyərləndirir və təqdim olunan kompensasiya paketlərinin sektor standartlarından xeyli yüksək olduğunu bildirir.
Baş verən itkilərə baxmayaraq, "Amazon" Lüksemburq iqtisadiyyatı üçün hələ də kritik əhəmiyyətə malik aktor olaraq qalır. Təxminən 680 min əhalisi olan ölkədə şirkət hazırda beşinci ən böyük işəgötürən mövqeyini saxlayır. Bununla belə, süni intellektin iş proseslərinə daha dərindən inteqrasiya olunması "Amazon"un gələcəkdə insan resurslarına nə dərəcədə ehtiyac duyacağı ilə bağlı sualları artırır.
Paşa Məmmədli