Maaş danışıqları üçün 3 əsas ekspert tövsiyəsi

Redaktor

05.04.2026 09:48
90

Maaş danışıqları üçün 3 əsas ekspert tövsiyəsi

İstər yeni bir şirkətdə işə başlayın, istərsə də iş yerinizdə yüksəliş əldə edin — maaş danışıqları aparmaq həmişə sizin xeyrinizədir. Çox güman ki, şirkətin büdcəsində sizin vəzifəniz üçün müəyyən elastiklik mövcuddur, lakin bunu yalnız soruşduğunuz halda öyrənə bilərsiniz. Əlbəttə, bunu etmək deməkdən daha çətindir. Maaş danışıqları bəzən narahatlıq yarada bilər, buna görə də bu prosesə tam hazır şəkildə daxil olmaq vacibdir ki, öz tələbinizi inamla ifadə edə biləsiniz.

Növbəti maaş danışıqlarınız üçün ekspertlər tərəfindən tövsiyə olunan bəzi məsləhətlər aşağıdakılardır:

Danışıq aparmaqdan çəkinməyin

İş təklifi üzrə danışıqlar aparmaq qorxuducu görünə bilər, lakin reallıqda işəgötürənlər çox vaxt bunu gözləyirlər.

“SoFi” karyera eksperti Eşli Ştal bildirir: “Bir çox insan maaşını müzakirə etməyin iş təklifini itirməyə səbəb olacağından qorxur. Bu, doğru deyil. İşəgötürənlər əks-təklif gözləyirlər, buna görə də danışıqlar aşağı risklidir. Unutmayın ki, siz optimal maaşa layiqsiniz, özünüzü dəyərləndirməməkdən və dəyərinizə uyğun rəqəm tələb etməkdən çəkinməyin.”

Dəyərinizi bilin

Maliyyə savadlılığı üzrə məşqçi Şarlin Molman əvvəlki işlərindən birində maaşını uğurla artırmaq üçün həmin vəzifə üzrə bazar maaşlarını araşdırdığını qeyd edir.

O deyir: “Sahədə həmin vəzifə üçün mövcud olan orta əməkhaqqını araşdırmaq çox vacibdir. Əks halda istədiyiniz daha yüksək maaşı əldə etməyiniz çətin olacaq. Mən bazar dərəcələrini araşdırdım və ilkin təklifdən 5 000 dollar daha yüksək məbləğ üçün razılıq əldə etdim. Bu, mənim bazar qiymətini bilməyim və təcrübəmi, həmçinin əlaqələrimi düzgün şəkildə təqdim etməyim sayəsində mümkün oldu.”

İşə qatdığınız dəyərə fokuslanın

Rəqəmlərlə əsaslandırılmış arqumentlər hər zaman daha inandırıcı olur. Danışıqlara hazırlaşarkən əvvəlki işlərinizdə əldə etdiyiniz nəticələrə əsaslanaraq şirkətə necə əlavə gəlir qazandıra və ya xərcləri necə azalda biləcəyinizi izah etməyə hazır olun.

“ResumeGo” şirkətinin baş icraçı direktoru Piter Yanq bildirir: “Potensial töhfənizi konkret rəqəmlərlə ifadə edin. Şirkətə qazancı necə artıra və xərcləri necə azalda biləcəyinizi göstərməklə tələb etdiyiniz maaşa layiq olduğunuzu sübut edin. Bunu əvvəlki işlərinizdə gəlirlərin artırılması, satışların yüksəldilməsi, effektivliyin yaxşılaşdırılması və əlavə xərclərin azaldılması kimi ölçülə bilən nümunələrlə izah edin.”

Maaş danışıqları karyeranızın vacib hissəsidir və düzgün yanaşma ilə əhəmiyyətli maliyyə üstünlükləri əldə etmək mümkündür. Danışıqlardan çəkinməmək, bazar dəyərinizi bilmək və işə qatdığınız real töhfələri əsaslandırmaq bu prosesdə uğur qazanmağın əsas şərtləridir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...