Redaktor
Mərkəzi Bankın yeni qaydaları onlayn istehlak kreditlərinə necə təsir edəcək? - Ekspert izah etdi
Mərkəzi Bank banklarda kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib. Yeni tələblərə əsasən, müştərilər məsafədən istehlak kreditlərinin rəsmiləşdirilməsinə məhdudiyyət qoya biləcək, banklar isə kredit verməzdən əvvəl əlavə yoxlamalar aparmalı, bəzi hallarda vəsaitin köçürülməsini 2 və ya 24 saat gecikdirməli olacaqlar.
Bu dəyişikliklərin bankların onlayn istehlak kreditlərinin verilməsi prosesinə təsiri necə olacaq?
İqtisadçı Eldəniz Əmirov Valyuta.az-a bildirib ki, qeyd edilən məsələdə proses təkcə texniki məsələ deyil:
"Yəni söhbət kreditin filialda, onlayn və ya digər üsullarla rəsmiləşdirilməsindən getmir. Məsələ ondadır ki, kreditin geri qaytarılması ilə bağlı risklər düzgün qiymətləndirilməlidir. Çünki banklar daha çox müştəri cəlb etmək üçün bəzən riskləri olduğundan aşağı qiymətləndirirlər. Nəticədə problemli kreditlərin həcmi artır. Problemli kreditlərin həcmi artdıqca isə bu, bütövlükdə maliyyə sektoru üçün problemə çevrilə bilər".

"Əgər 5-10 nəfərin hansısa banka borcu varsa və onlar krediti qaytara bilmirlərsə, bu, həmin şəxslərin problemi hesab oluna bilər. Amma belə halların sayı minlərlə olarsa və bu problem çoxsaylı bankları əhatə edərsə, artıq məsələ bank sektorunun probleminə çevrilə bilər. Buna görə də Mərkəzi Bank bu cür məsələlərin həlli üçün prosesə daha institusional səviyyədə yanaşır. Yəni əsas tələb kimi kredit risklərinin düzgün qiymətləndirilməsini önə çəkir", - deyə E.Əmirov vurğulayıb.
Mayya Hüseynova