Redaktor
"Süni intellekt marketinqi öldürməyəcək, əsas problem pis marketoloqlardır"
Süni intellektin (Sİ) marketinq sahəsində yaratdığı dəyişikliklər geniş müzakirə olunsa da, ekspertlər hesab edirlər ki, əsas risk texnologiyanın özündə deyil, ondan düzgün istifadə etməyən marketoloqlardadır.
Valyuta.az xəbər verir ki, marketinq sahəsi üçün ən böyük təhlükə süni intellekt deyil, bu texnologiyadan yanlış istifadə edən marketoloqlardır.
“Ashtonbery Consulting” şirkətinin təsisçisi və baş icraçı direktoru Uill Solsberi (Will Saulsbery) hesab edir ki, süni intellekt marketinqi məhv etməyəcək. Onun fikrincə, bu sahəyə illərdir ən çox zərər vuran amil peşəkar olmayan marketoloqlar olub və Sİ sadəcə onların fəaliyyətini daha da sürətləndirib.
Məqalədə qeyd olunur ki, hazırda marketoloqların 94 faizi süni intellektdən istifadə edir və Sİ əsaslı marketinq bazarının 2030-cu ilədək həcminin 84 milyard ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, müəllif vurğulayır ki, Sİ-dən istifadə edən hər kəs peşəkar olmayan marketoloq deyil, lakin peşəkar olmayan marketoloqların demək olar ki, hamısı bu texnologiyadan yararlanır.
Solsberi bildirir ki, sosial media platformalarında aşağı keyfiyyətli və təkrarlanan Sİ məzmununun artması istifadəçilərin reklamlara marağını azaldır, brendlərə etimadı zəiflədir və onların platformalardan uzaqlaşmasına səbəb olur. Onun sözlərinə görə, son dövrdə “Guess”, “Vogue” və “Coca-Cola” kimi tanınmış şirkətlərin Sİ vasitəsilə hazırladığı bəzi reklam materialları da ictimaiyyət tərəfindən mənfi qarşılanıb.
Müəllif marketinq sektorunda digər mühüm problemlərdən birinin də vanity metrics (bəyənmə sayı, izləyici sayı və şərhlər kimi göstəricilər) üzərində həddindən artıq fokuslanmaq olduğunu qeyd edir. Onun fikrincə, bizneslər marketinq agentliklərinə sosial şəbəkələrdə daha çox bəyənmə toplamaq üçün deyil, satışlarını artırmaq məqsədilə müraciət edirlər.
Məqalədə vurğulanır ki, generativ süni intellekt düzgün istifadə edilmədikdə bazarı eyni tipli və fərdiləşdirilməmiş məzmunla doldurur ki, bu da istifadəçilərin etibarının azalmasına səbəb olur. Bundan əlavə, Sİ mövcud məlumatlar əsasında işlədiyi üçün əvvəlcədən mövcud olan qərəzləri və stereotipləri də gücləndirə bilər.
Bununla yanaşı, müəllif bildirir ki, süni intellekt düzgün tətbiq edildikdə marketinq üçün güclü alətə çevrilə bilər. Onun sözlərinə görə, Sİ kampaniyaların optimallaşdırılmasına, reklam xərclərinin azaldılmasına və investisiyanın geri dönüşünün (ROI) artırılmasına kömək edir. Məsələn, Sİ-dən istifadə edilən sosial media kampaniyalarında reklamlarla qarşılıqlı əlaqə 47 faiz artır, avtomatlaşdırılmış reklam yerləşdirməsi isə “Facebook” reklam xərclərinin 35 faizə qədər azalmasına imkan yaradır.
Solsberinin fikrincə, gələcəyin uğurlu marketoloqları Sİ-ni insan yaradıcılığı və düzgün strategiya ilə birləşdirə bilənlər olacaq.
“Süni intellekt təkbaşına heç nə qazandırmayacaq. Lakin Sİ güclü marketinq komandası ilə birləşdikdə uğurun əsas alətlərindən birinə çevrilə bilər”, – deyə müəllif vurğulayır.
Sərvanə Rəmixanova
"İnvestorlar hansı startaplara pul yatırmaq istəyir?"
"Traction Fund" Vençur Fondunun (ABŞ) təsisçisi və investisiya direktoru Ülvi Rəşidin Bakıdakı seminarına qoşulmaq istəyirsiniz? Əlavə məlumat üçün BURA BAX.
"İnvestorlar hansı startaplara pul yatırmaq istəyir?"