Redaktor
Netflix səhmləri Rid Hestinqsin gedişindən sonra 9 faiz ucuzlaşdı
"Netflix" səhmləri cümə axşamı günü 9 faizdən çox ucuzlaşıb. Buna səbəb şirkətin rüblük maliyyə nəticələrinin investorların gözləntilərini tam qarşılamaması və həmtəsisçi Rid Hestinqsin vəzifədən ayrıldığını açıqlaması olub.
Poçt vasitəsilə DVD göndərişi xidməti kimi fəaliyyətə başlayan və sonradan qlobal əyləncə nəhənginə çevrilən şirkətin inkişafında mühüm rol oynayan Hestinqs iyunda direktorlar şurasının sədri kimi səlahiyyət müddəti başa çatdıqdan sonra "xeyriyyəçilik fəaliyyəti və digər layihələrə fokuslanmaq" üçün şirkətdən ayrılacaq.
O, "Netflix" üzərində gündəlik idarəetməni hələ 2023-cü ilin əvvəlində həmmüdirlər Qreq Piters və Ted Sarandosa təhvil vermişdi.
"Netflix həyatımı bir çox cəhətdən dəyişdi", – deyə Hestinqs maliyyə hesabatına əlavə olunan məktubunda yazıb.
"Mənim üçün ən unudulmaz xatirə 2016-cı ilin yanvarı idi. Həmin vaxt demək olar ki, bütün planetin xidmətimizdən yararlanmasına imkan yaratdıq."
"Netflix" həm rəqib yayım platformaları, həm də istifadəçilərin diqqəti uğrunda yarışan "TikTok" kimi qısa video platformaları ilə artan rəqabətlə üz-üzədir. Kaliforniyanın Los-Qatos şəhərində yerləşən şirkət rüblük gəlirinin 12,25 milyard dollar olduğunu açıqlayıb. Bu göstərici gözləntiləri cüzi şəkildə üstələyib. Səhmlərin ucuzlaşması şirkətin 5,28 milyard dollar mənfəət açıqlamasına baxmayaraq baş verib. Mənfəətin artmasına "Warner Bros. Discovery" şirkətini almaq üzrə müqavilənin ləğvinə görə ödənilən rüsum da təsir edib. Yenicə başa çatan rübdə "Netflix", "Warner Bros." üzrə alış təklifini artırmaqdan imtina edib və razılaşmanın artıq maliyyə baxımından cəlbedici olmadığını əsas gətirərək media nəhəngini faktiki olaraq "Paramount Skydance"ın rəqib təklifinə buraxıb.
Şirkətin maliyyə hesabatına əsasən, baş tutmayan razılaşma ilə bağlı "Netflix" 2,8 milyard dollar həcmində ləğv rüsumu qeydə alıb. Bu razılaşmadan geri çəkilmə nəticəsində əfsanəvi Hollivud studiyası və tərkibində "CNN" də olan bir sıra televiziya aktivlərinin "Paramount"un nəzarətinə keçəcəyi, bunun isə ABŞ media bazarını köklü şəkildə dəyişdirəcəyi gözlənilir.
"Paramount"un "Warner Bros. Discovery"ni almaq sazişi hazırda tənzimləyici qurumların və səhmdarların təsdiqi mərhələsindədir. Təkliflər uğrunda mübarizə Ağ Evin də diqqətini cəlb edib. Prezident Donald Tramp nəticəyə təsir imkanının olduğunu bildirmişdi.
"Oracle"ın qurucusu Larri Ellison "Paramount Skydance"ın baş icraçı direktoru Devid Ellisonun atasıdır. Donald Trampın uzunmüddətli müttəfiqi olan Larri Ellison oğlunun "Paramount"u ələ keçirməsini və daha sonra "Warner Bros. Discovery" üçün verdiyi təklifi əsasən maliyyələşdirib.
"Paramount"un qalib gələcəyi təqdirdə, Trampın tez-tez tənqid etdiyi "CNN" Ellison ailəsinin nəzarətinə keçəcək. Eyni zamanda, "Paramount"a məxsus "CBS" kanalında Ağ Evin istəklərinə uyğun dəyişikliklərin edilə biləcəyi ilə bağlı narazılıqlar da var.
"Netflix" "Warner" üçün mübarizədən çəkildikdən sonra səhmləri bahalaşmışdı. Analitiklər bildirirdilər ki, qənaət edilən vəsait tamaşaçı cəlb edən seriallara və gəlirli ola biləcək reklam biznesinə yönəldilə bilər. "Netflix", "Warner Bros. Discovery"ni itirsə də investorlar qarşısında qalib gəldi", – deyə "Emarketer" şirkətinin baş analitiki Ross Benes bildirib.
"Şirkətin növbəti çağırışı gəlirlərinin demək olar ki, hamısının abunəliklərdən asılı olmasından uzaqlaşaraq real diversifikasiya aparmaq olacaq."
Qreq Pitersin sözlərinə görə, platformanın reklam biznesi artmaqda davam edir və şirkət bu il həmin sahədən 3 milyard dollar gəlir gözləyir. O əlavə edib ki, "Netflix" reklam tərəfdaşlarının elanları daha rahat fərdiləşdirməsi üçün süni intellektdən istifadə imkanları görür.
"Şirkət Rid Hestinqsdən sonrakı yeni dövrə qədəm qoyarkən reklam daha böyük rol oynayacaq", – deyə Benes bildirib.
Şirkət rəhbərləri maliyyə konfransında bildiriblər ki, "Netflix" canlı idman yayımları, podkastlar və oyunlar sahəsində də fəaliyyətini genişləndirir.
Ted Sarandosun sözlərinə görə, yaxın zamanda yayımlanan Dünya Beysbol Klassiki turniri platformada böyük uğur qazanıb.
"Bu, Yaponiyada indiyədək yayımladığımız ən çox izlənilən proqram oldu", – deyə o bildirib.
"Bunun necə nəticələndiyini görmək həqiqətən həyəcanverici idi."
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçildi
17.04.2026Azərbaycanda yeni ixtisas yaradıldı - RƏSMİ
17.04.2026Naxçıvanda bank əmanətləri 45%-dən çox artıb
17.04.2026