Redaktor
Dünyanın ən böyük aktiv sərnişin təyyarəsi: "Airbus A380" nə qədər böyükdür?
2007-ci ildə ilk kommersiya uçuşunu həyata keçirən “Airbus A380” bu gün də dünyanın ən böyük aktiv sərnişin təyyarəsi statusunu qoruyur.
Valyuta.az xəbər verir ki, 80 metrə yaxın qanad açıqlığı və yüzlərlə sərnişin tutumu ilə bu nəhəng təyyarə aviasiya tarixində xüsusi yer tutur.
Rəqəmlərlə ölçülən nəhənglik
Təyyarənin ölçüləri onun miqyasını daha aydın göstərir: təxminən 73 metr uzunluq, 24 metr hündürlük və 80 metrə çatan qanad açıqlığı.
İki mərtəbəli sərnişin kabini ümumilikdə təxminən 550 kvadratmetr sahə yaradır. Oturacaq planına görə A380 bir uçuşda 850-dən çox sərnişin daşıya bilir. Geniş salonlar, daha rahat oturacaq aralıqları və bəzi versiyalarda restoran, duş kabini və istirahət zonaları bu təyyarəni “uçan otel”ə çevirir.
İstehsal dayandı, amma xidmət davam edir
“Airbus” layihəyə başlayarkən 500 ədəd istehsal hədəfləmişdi. Lakin ümumi istehsal 252 təyyarədə qaldı. Aviaşirkətlərin daha sərfəli iki mühərrikli modellərə keçməsi nəticəsində “Airbus” 2021-ci ildə A380 istehsalını dayandırdı.
Buna baxmayaraq, hazırda təxminən 220 A380 təyyarəsi hələ də kommersiya uçuşlarında istifadə olunur.
Rəqabət və gələcək
A380 uzun illər liderliyini qorusa da, Boeing-in 777X layihəsi bu statusa iddia edir. 777-9 modeli 76,7 metrlik gövdə uzunluğu ilə A380-ə yaxınlaşır və gələcəkdə onu üstələyə bilər.
Layihənin 2027-ci ildə kommersiya uçuşlarına başlaması planlaşdırılır. Bundan əlavə, Boeing-in daha böyük 777-10 versiyası üzərində də işlədiyi bildirilir.
Bütün bu inkişaflara baxmayaraq, hazırkı vəziyyətdə “Airbus A380” hələ də dünyanın ən böyük sərnişin təyyarəsi kimi göylərdə xidmət göstərir.
Paşa Məmmədli