Redaktor
“Meta”dan yeni plan: “WhatsApp Plus” istifadəyə verilə bilər
"WhatsApp" istifadəçilərə fərdiləşdirmə imkanları təqdim edən yeni ödənişli abonəlik paketini test etməyə başlayıb.
Valyuta.az xəbər verir ki, "WhatsApp Plus” adlanan model əsasən dizayn və istifadəçi təcrübəsini yeniləməyə yönəlib.
Paket çərçivəsində xüsusi çat mövzuları, fərqli tətbiq ikonları və zəng səsləri kimi funksiyalar təqdim olunacaq. Bundan əlavə, sabitlənən söhbətlərin sayı 3-dən 20-yə yüksələcək və xüsusi söhbət siyahıları yaratmaq mümkün olacaq.
"Meta Platforms" bildirib ki, funksiya hazırda məhdud istifadəçi qrupu ilə sınaqdan keçirilir və gələcək forması istifadəçi rəylərinə əsasən müəyyənləşəcək.
Qeyri-rəsmi məlumata görə, Avropada aylıq qiymətin təxminən 2,49 avro olması gözlənilir. İstifadəçilərə bir aylıq pulsuz sınaq müddəti də təqdim oluna bilər.
Bununla yanaşı, yeni paket reklamsız istifadə imkanı verməyəcək. Ekspertlər hesab edir ki, 3 milyarddan çox istifadəçisi olan "WhatsApp" üçün bu addım yeni gəlir mənbəyi yarada bilər.