Redaktor
Uşaqlıqdan biznesə başlayan məşhur milyarderlər
Bu gün milyardlarla dollar dəyərində şirkətlər quran bir çox məşhur sahibkar biznes həyatına uşaqlıq dövründə başlayıb. Maraqlıdır ki, onların ilk qazanc mənbələri böyük layihələr deyil, olduqca sadə və kiçik satış işləri olub.
Valyuta.az xəbərr verir ki, dünyanın ən tanınmış biznes simalarının bir qismi hələ məktəb illərində müxtəlif məhsullar sataraq ilk sahibkarlıq təcrübəsini qazanıblar.
Onlardan biri olan “Virgin Group”un qurucusu Riçard Branson 11 yaşında olarkən dostu ilə birlikdə tutuquşu yetişdirərək satmağa başlayıb. Məktəb tətilində başladığı bu iş qısa müddətdə böyüyüb və quşların sayı sürətlə artıb.
“Dallas Mavericks” basketbol klubunun sahibi Mark Kyuban isə 12 yaşında zibil torbaları sataraq biznesin əsaslarını öyrənib. O, qapı-qapı gəzərək məhsulu insanlara daha sərfəli qiymətə təqdim edirdi.
Dünyanın ən məşhur investorlarından biri olan Uarren Baffet uşaqlıqda babasının mağazasından aldığı saqqızları qonşulara satırdı. O, məhsulu tək-tək yox, yalnız paket formasında satmaqda israr etməsi ilə diqqət çəkirdi.
“IKEA” şirkətinin qurucusu İnqvar Kamprad isə cəmi 5 yaşında qonşularına kibrit satmağa başlayıb. Daha sonra bu fəaliyyət ev əşyalarının satışına, ordan isə mebel biznesinə çevrilib. O, 17 yaşında IKEA-nı yaradıb.
“FUBU” geyim brendinin yaradıcısı Deymond Con məktəbdə qələmlərin üzərində ad yazaraq onları satırdı. Bu üsulla həm diqqət çəkir, həm də ilk gəlirini əldə edirdi.
Çarlz Şvab uşaqlıqda qoz və yumurta satırdı. Sonradan isə dünyanın ən böyük investisiya şirkətlərindən birini yaratdı.
Con Pol DeJoria 9 yaşında qapı-qapı gəzərək açıqca satır, qəzet paylayırdı. Daha sonra saç baxımı və içki sektorunda milyardlıq biznes qurdu.
Vurğulanır ki, bu sahibkarların ortaq xüsusiyyəti erkən yaşlardan təşəbbüskar olmaları və kiçik imkanları biznes fürsətinə çevirməyi bacarmaları olub. Uşaqlıq dövründə əldə olunan bu təcrübələr onların gələcək uğurlarının əsasını formalaşdırıb.
Sərvanə Rəmixanova