Aida Ramiz
PR və kommunikasiya üzrə ekspert
İndi sosial mediada və internetdə istənilən məlumat çox sürətlə yayılır. Bəzən bir paylaşım və ya yayılan bir fikir qısa vaxtda böyük müzakirəyə çevrilə bilir. Belə vəziyyətlərdə isə necə davranmaq məsələsi ön plana çıxır.
Bəs “mənfi PR”la qarşılaşanda ən doğru addım nədir?
Bu gün “mənfi PR” yaratmaq çox asandır. Bir paylaşım. Bir montaj video. Bir anonim "screenshot". Və bir anda insanlar hadisənin doğrusunu yox, ən çox paylaşılmış versiyasını müzakirə etməyə başlayırlar. Ən təhlükəlisi də budur: rəqəmsal dünyada həqiqət həmişə ilk çatan tərəf olmur.
Belə situasiyada bir çox insan eyni səhvi edir. Dərhal cavab verir. Əsəbi danışır. "Story"lərdə özünü müdafiə etməyə başlayır. Qarşı tərəfi alçaldır. Halbuki PR-da emosional reaksiya zəiflik hissi yaradır. İnsanlar bəzən sizin nə dediyinizi yox, nə qədər panikada olduğunuzu izləyirlər.
Məncə, “black PR” zamanı əsas məqsəd qalmaqal yaratmaq yox, reputasiyanı qorumaq olmalıdır. Bunun üçün də ilk addım hər hücuma reaksiya verməməkdir. Çünki bəzi insanlar həqiqəti öyrənmək üçün yox, sizdən reaksiya almaq üçün danışırlar. Siz emosional cavab verdiyiniz anda mövzu faktlardan çıxır və şou başlayır.
Diqqəti başqa yerə yönəltmək taktikasına gələndə isə bu, qısa müddətli işləyə bilər. Yeni xəbər paylaşmaq, başqa mövzu yaratmaq, gündəmi dəyişmək mümkündür. Amma insanlar bir şeyi çox yaxşı hiss edirlər: səmimiyyəti. Əgər problem var və siz ondan qaçırsınızsa, bunu anlayırlar. Və həmin anda məsələ artıq xəbərin özü yox, etibar məsələsinə çevrilir.
Məncə, ən doğru taktika sakit və qısa şəkildə faktlarla danışmaqdır. Uzun izahlar, aqressiv ton, özünü yazıq göstərmək yox, sadəcə mövqe, fakt, sübut və davam edən iş. Çünki güclü reputasiya hər gün özünü müdafiə edən yox, krizis zamanı belə öz duruşunu qoruyan insanlar tərəfindən qurulur.
Bir şeyi də qəbul etmək lazımdır: reputasiya bir gündə dağılmır. Əgər illərlə insanlarda güvən yaratmısınızsa, bir paylaşım sizi bitirməz. Amma yanlış idarə olunan bir reaksiya böyük zərər verə bilər.
PR-da ən güclü insanlar hər kəs onları alqışlayanda yox, haqlarında mənfi danışıldığı anda necə davrandıqları ilə seçilirlər.
