Redaktor
Azərbaycanda içməli suyun təhlükəsizliyi necə yoxlanılır? - Nazirlik rəsmisindən açıqlama
"Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi suyun təhlükəsizliyinin və sanitar-epidemioloji sabitliyin təmin olunması istiqamətində genişmiqyaslı dövlət nəzarəti həyata keçirir".
Valyuta.az xəbər verir ki, bunu "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində Mərkəzin Sanitariya-gigiyena, fiziki-kimyəvi, toksikoloji və radioloji müayinələr laboratoriyasının həkim-laborantı Lalə Şirinova bildirib.
Onun sözlərinə görə, Mərkəzin fəaliyyəti həm içməli su təchizatına, həm də çimərliklərdə dəniz suyunun monitorinqinə nəzarəti əhatə edir:
"İçməli suyun laborator monitorinqi ölkə üzrə mərkəzləşdirilmiş su təchizatı sistemlərindən, su anbarlarından və modul tipli təmizləyici qurğulardan götürülən nümunələr əsasında aparılır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyaları Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçirilib.
Lalə Şirinova bildirib ki, Mərkəzdə suyun bakterioloji, sanitar-kimyəvi və toksikoloji göstəricilərinin müayinəsi AZS ISO/IEC 17025 standartının tələblərinə uyğun şəkildə, müasir avadanlıqlarla uyğun icra olunduğundan əldə edilən nəticələr həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etibarlı və rəsmi hesab olunur:
"Məqsədimiz suyun keyfiyyət göstəricilərinin mövcud standartlara tam uyğunluğunu təmin etməkdir. Hər hansı problem aşkarlandıqda isə bunun aradan qaldırılması üçün aidiyyəti qurumlara məlumat verilir və müvafiq tədbirlər görülür".