Redaktor
1000 dollarla başladı, bu gün brendinin 3 mağazası var - “Feming Baku”nun uğur hekayəsi
Aksessuarlar ilk baxışda sadəcə obrazı tamamlayan detal təsiri bağışlasa da, düzgün idarə olunan biznes üçün bu sahə böyük potensial və geniş imkanlar vəd edir. Moda və aksessuar bazarında rəqabətin sürətlə artdığı bir dövrdə fərqlənmək, öz üslubunu yaratmaq və müştəri etimadı qazanmaq isə hər kəsə nəsib olmur.
Bu istiqamətdə uğur qazanaraq öz brendini formalaşdıran sahibkarlardan biri də Çinarə Avazlı Xəlilovadır. Onun yaratdığı “Feming Baku” artıq təkcə bir mağaza ilə məhdudlaşmır, şəhərin üç fərqli nöqtəsində fəaliyyət göstərərək müştərilərinə fərqli və özünəməxsus aksessuar üslubu təqdim edir. Çinarə Avazlı Xəlilova bu sahədə qazandığı təcrübəni Valyuta.az-la bölüşüb.
- Çinarə xanım, təhsiliniz nə olub və bu sahə bugünkü biznes fəaliyyətinizə necə təsir edib?
- Aldığım təhsilin indiki biznesimlə əlaqəsi yoxdur. Mən Azərbaycan Dillər Universitetində ingilis dili və filologiya üzrə təhsil almışam. Əslində, məndə həmişə satış bacarığı olub, amma sırf fiziki olaraq nəsə satmamışam. Məsələn, universitet illərində könüllü fəaliyyətlərdə iştirak etmişəm, müxtəlif təlimlər təşkil etmişik. Mən həmin təlimlərə iştirakçı cəlb edirdim və bir növ orada satış həyata keçirirdim. Konkret biznes ideyam olmayıb. Bunu artıq iş fəaliyyətinə başladıqdan sonra özümdə kəşf etdim ki, məndə satış həvəsi və biznes qurmaq arzusu var.
- Təhsildən sonra niyə məhz biznes qurmaq qərarına gəldiniz?
- Əslində, bakalavr təhsilimi bitirdikdən sonra planlarım və hədəflərim tamamilə fərqli idi. Mən tamam başqa həyat yaşayacağımı düşünürdüm. Hətta Avropaya köçmək və orada yaşamaq istəyirdim. Açığı, heç ağlıma gəlməzdi ki, gələcəkdə mənim öz biznesim və mağazalarım olacaq. İkinci təhsilimi almaq üçün Vyanaya getdim və 6 ay Avstriyada yaşadım. Daha sonra ailəvi səbəblərə görə Azərbaycana qayıtmalı oldum.
Həmin dövr mənim üçün həyatda özümü tapa bilmədiyim mərhələ idi. 22-23 yaşım var idi və oxuduğum sahə üzrə işləmək istəmirdim. Ümumiyyətlə, klassik iş rejimi mənə uyğun deyildi. Daha sərbəst iş rejimində çalışmaq, nəsə yaratmaq istəyirdim, amma nə yaratmaq istədiyimi bilmirdim.
Avstriyadan qayıtdıqdan sonra bir müddət “Business Class” startapında korporativ sahədə işlədim. Şirkət korporativ hədiyyələr hazırlayırdı. Bu da mənim tam olaraq olmaq istədiyim yer deyildi.Burada söhbət kiminsə yanında işləməkdən getmir. Mən kiminsə yanında işləyə bilərəm, amma bütün məsuliyyəti öz üzərimə götürəcəyim bir iş istəyirdim.
Həmin dövrdə (2017-ci ildə) Azərbaycanda onlayn alış-veriş artıq aktuallaşmağa başlayırdı. Xarici saytlardan alış-veriş də artıq populyarlaşmışdı və bu sahə mənə çox maraqlı gəlirdi. Elə korporativ hədiyyələr üzrə işlədiyim vaxtlarda da sifarişlər verib məhsulları poçtdan götürürdük. Bütün bunlar mənim marağımı daha da artırırdı.
Startap fəaliyyəti artıq yekunlaşmaq üzrə idi və mən də öz yoluma baxmalı idim. Düşündüm ki, onlayn satış səhifəsi ilə başlaya bilərəm. Əslində, boş qalmaq istəmirdim. Həmin dövrdə daha çox qazanmaq istəyirdim. Məktəb illərində yaxşı şagird olmuşam, universiteti də yüksək nəticələrlə bitirmişəm. Amma sanki həyatda gözlədiyim nəticəni almırdım. Bu hiss də məni biznesə yönəltdi.

- Aksesuar biznesinə başlamaq ideyası sizdə necə yarandı və ilk addımı atmaq nə qədər çətin oldu?
- İlk olaraq 2017-ci ildə “Dordshow” adlı onlayn eynək səhifəsi ilə fəaliyyətə başladım. O dövrdə onlayn eynək satışı kifayət qədər çətin idi. Xanımlar onlayn alış-veriş etməkdə tərəddüd edirdilər. Çünki bu sahə bizdə o qədər də aktual deyildi. İnsanlar eynəyi alarkən onun özlərinə necə yaraşdığını görmək istəyirdilər. Bu səbəbdən də onlayn satış çətin görünürdü. Buna baxmayaraq, fəaliyyətə başladım və bu, gözləmədiyim dərəcədə böyük effekt verdi. Təxminən 6-7 ay bu işlə məşğul oldum.
Bir müddət sonra hiss etdim ki, eynək daha çox sezonluq məhsuldur və artıq başqa istiqamət haqqında düşünməliyəm. Aksesuar biznesi ağlımın ucundan belə keçmirdi. Bu sahəyə keçid bir növ özü-özünə yarandı. Amma aksesuar biznesinə keçsəm də, “Dordshow” fəaliyyətini davam etdirirdi.
Həmin dövrdə bazarda müəyyən boşluq görürdüm. Əlçatan və zövqlü aksesuar mağazaları yox idi. Özüm də aksesuar sevən biri olmuşam. Hətta brendlərdən aldığım aksesuarlar belə gözlədiyim nəticəni vermirdi. Bir müddət sonra düşünməyə başladım ki, görəsən, həqiqətən uyğun qiymətə keyfiyyətli aksesuar tapmaq bu qədər çətindirmi? Elə bu səbəbdən həm keyfiyyətli məhsul təqdim etmək istəyi, həm də bazardakı boşluq məni 2018-ci ildə fərqli bir aksesuar səhifəsi yaratmağa gətirdi.
İlk dövrlərdə çatdırmaları da özüm edirdim. Ümumiyyətlə, onlayn satışda demək olar ki, hər işi özüm görürdüm. Çatdırılma zamanı müştərilərdən geri dönüşlər alırdım. Düşünürəm ki, biznesə yeni başlayan insan heç nəyi özünə ayıb bilməməli və heç nədən utanmamalıdır.
- “Feming Baku” adını seçməyinizin xüsusi hekayəsi varmı?
- Mən hər hansı bir işə başlayanda həmişə istəmişəm ki, orada brendinq önəmli olsun. Məsələn, öz adımı verib aksesuar yaratmaq yox, daha qlobal düşünmək və brend yaratmaq istəyirdim. “Feming” mənim üçün qadın incəliyini, zərifliyini və qadın gücünü ifadə edən bir anlayışdır. Maraqlısı budur ki, əslində, belə bir söz yoxdur. Bu sözü özüm yaratmışam. Qadınların olduğu bir topluluq, qadın enerjisi və qadın birliyi anlayışı ilə bu adı formalaşdırmışam.
- İlk mərhələdə biznesə nə qədər yatırım etdiniz və bu sahəyə başlamaq istəyənlər üçün real başlanğıc büdcə nə qədər olmalıdır?
- Mən biznesə başladığım dövrdə, yəni 2018-ci ildə böyük kapitalla başlamamışam. Çünki dediyim kimi, korporativ sahədə çalışmışam və ciddi maliyyə dəstəyim olmayıb. Öz qazandığım pulları toplayaraq və yoldaşımın mənə verdiyi 1000 dollarla biznesə başladım. Həmin vaxt o vəsaiti necə idarə edəcəyimi bilmirdim.
Həmin 1000 dolları məhsula yatırdım və qazandığım gəliri yenidən məhsula yönəltdim. Düşünürəm ki, o dövrün şərtləri fərqli idi. Gömrük xərcləri, məhsul qiymətləri və digər xərclər indiki dövrlə müqayisədə daha aşağı idi. Hazırda isə bu fərqlər ən azı 2 dəfə artıb. Məncə, normal başlamaq, müəyyən stok yaratmaq və müştəri cəlb etmək üçün minimum 5 000 manat büdcə lazımdır.
İlk fiziki mağazaya isə 2022-ci ildə keçdim. 2022-ci ildə Sahil filialını, 2023-cü ildə 28 May filialını, 2026-cı ildə isə “Metropark” filialını açdım.

- Aksesuar mağazaları həm onlayn, həm də fiziki olaraq geniş yayılıb. Sizi digər rəqiblərdən fərqləndirən əsas xüsusiyyət nədir?
- Məncə, artıq hər sahədə rəqabət çox güclənib. İnsanlar öz bizneslərini qurmağa daha çox maraq göstərirlər. Bu bir tərəfdən çox yaxşıdır. Çünki rəqabət insanı işinə daha çox bağlayır və işinə sevgi ilə yanaşmağa vadar edir. Əgər rəqib olmasa və sən tək işləsən, o işdən zövq almaq çətin olar.
Mən düşünürəm ki, mənim sahəmdə əsas məsələ zövqdür. Dünyada milyonlarla aksesuar seçimi var və onların içindən zövqlü məhsulları seçib bir araya toplamaq asan deyil. Mən özüm burada daha ön plandayam, daha ictimai fiqur kimi tanınıram və insanlar mənə güvənərək mağazama gəlib alış-veriş edirlər. Digər tərəfdən, təqdimat, qablaşdırma və keyfiyyət də bizi fərqləndirən əsas amillərdəndir.
- Hazırda 3 filial fəaliyyət göstərir. Seçdiyiniz lokasiyaların əsas üstünlüyü nədir?
- Sahil mənim ən sevdiyim yerlərdən biridir və ən əsası şəhərin mərkəzidir. Düşünürdüm ki, yaratdığımız brendinqə uyğun olaraq ilk filialımız məhz Sahildə olmalıdır. 28 May isə həm mərkəzdir, həm də insan axınının çox olduğu ərazilərdəndir. Bizim biznesdə əlçatanlıq çox önəmlidir. Buna görə filialların mərkəzdə və insan axınının sıx olduğu yerlərdə yerləşməsi vacibdir.
- “Feming Express” konsepti nə ilə fərqlənir?
- “Feming Express” filialımız ölçü baxımından daha kiçikdir. Burada daha gündəlik və hər kəsə uyğun aksesuarlar təqdim olunur. Daha çox “al və çıx” konsepti üzərində qurulub. Bu filialda “must-have” (olmazsa olmaz) parçalar üstünlük təşkil edir.
- Məhsullar arasında ən çox satılan kateqoriyalar hansılardır?
- Bu, daha çox mövsümə görə dəyişir. Məsələn, qışda boyunbağılar o qədər də çox satılmır, amma yay mövsümündə boyunbağılara maraq artır. Yayda ayaq aksesuarları və kaf modelləri daha çox satılır. Əvvəllər kaf modellərini daha çox gənclər seçirdisə, indi orta yaşlı xanımlar da yaşından asılı olmayaraq bu aksesuarlara maraq göstərirlər. Yaz-yay mövsümündə şərflər və rəngli aksesuarlar daha çox satılır. Hər mövsüm satılan məhsullar arasında halqa və qaşlı sırğalar yer alır. Bu məhsulları xüsusilə korporativdə çalışan və gündəlik iş həyatında olan xanımlar daha çox seçirlər.

- Müştərilərinizin əsas yaş aralığı necədir?
- Əsas alıcı auditoriyamız 18-35 yaş aralığıdır. Son dövrlərdə xüsusilə Sahil filialında 60 yaşdan yuxarı xanımların da mağazamıza gəldiyini görürük. Ümumilikdə isə, gənc və orta yaş qrupu aksesuarlara daha çox maraq göstərir.
- İnsanlar daha çox hansı materialda aksesuarları seçirlər?
- Mən həm əlçatan qiymətli məhsullar gətirmişəm, həm də daha uzunömürlü məhsullar təqdim edirəm. Məsələn, bəzi məhsulların istifadə müddəti 6-8 ay ola bilər, amma 3 il zəmanət verdiyim aksesuarlar da var. Buna görə mağazamızda daha çox rodium örtüklü və paslanmayan polad materiallardan istifadə olunan məhsullar üstünlük təşkil edir. Rəng baxımından isə deyim ki, bizim xanımlar qızılı aksesuarları daha çox sevirlər.
- Mağazanın ən bahalı və ən ucuz məhsulları hansılardır?
- Bizdə daha çox əlçatan məhsullar üstünlük təşkil edir. Ən ucuz məhsul 5 manatdır. Ən bahalı məhsullar isə əl işi olan və qiyməti 50 manata qədər dəyişən aksesuarlardır. Yəni ümumilikdə qiymətlər 5-50 manat arasında dəyişir.
- Məhsulları daha çox hansı ölkədən sifariş edirsiniz?
- İnsanların fikrində Çin deyəndə daha çox keyfiyyətsiz məhsullar canlanır. Elə düşünürlər ki, Çində yalnız ucuz məhsullar satılır, amma bu tam doğru deyil. Əsas olaraq məhsulları Çindən gətiririk. Məhsul və ya kargo böyük olmadıqda, Çindən gətirmək sərf etmədiyi üçün Türkiyədən də alış edirik. Türkiyənin özü də məhsulları Çindən alır. İnsanlar bilməlidir ki, bu məhsulların əsas mənbəyi Çindir. Hətta İtaliya dizaynerləri belə məhsullarını Çində istehsal etdirirlər.

- Müştərilərin seçimində daha çox trend, yoxsa qiymət faktoru rol oynayır?
- Nəzərə alsaq ki, insanların həyat şəraiti bir qədər çətinləşib, müştəri hər halda qiymətin uyğun olmasını istəyir. Çalışıram ki, trendləri tez tutum. Biznesdə belə bir qayda var ki, yeni trend olan məhsulun qiyməti əvvəlcə daha yüksək olur. Məhsul yayıldıqca isə qiyməti aşağı düşür. Həmin mərhələdə artıq insanlar qiymətdən çox trendi tutmağa önəm verirlər.
- Aksesuar biznesində ən böyük risklər hansılardır?
- Ən böyük risk məhsul qalığının yaranmasıdır. Daha çox satılan məhsullara üstünlük vermək lazımdır ki, məhsul tələbat görsün və əldə qalmasın. Digər risk isə mağaza üçün düzgün yer seçimidir.
- 3 filialı eyni anda idarə etmək nə qədər çətindir?
- Hər gün 3 filialın hər birində olmaq mümkün olmur. Bunun əsas səbəbi yeni ana olmağımdır. Çalışıram ki, hər filial üçün uyğun məhsullar seçim və hər filialın öz auditoriyasına uyğun məhsullar təqdim edim. Düşünürəm ki, güclü komanda dəstəyi və sistemli idarəetmə ilə bunu həyata keçirmək mümkündür.

- Komandanızı necə qurmusunuz və işçilərlə münasibətdə sizin üçün ən vacib prinsiplər hansılardır?
- Mənim üçün ən vacib faktor insan amilidir. Yəni, insani keyfiyyətlərini bəyənmədiyim, amma işini çox yaxşı görən biri ilə işləyə bilmərəm. İşçidə dürüstlük və məsuliyyət mənim üçün əsas prinsiplərdir. İşçi seçərkən digər komanda üzvlərinə uyğunlaşa bilən və enerjisi mənə uyğun olan insanları seçməyə çalışıram.
- Ailə həyatı və sahibkarlığı balanslaşdırmaq çətindirmi?
- Bəli, hər ikisini eyni anda idarə etmək kifayət qədər çətindir. Həftəlik plan düzgün qurulduqda həm ailəyə, həm də işə vaxt ayırmaq mümkündür. Bəzən məhsulların gəldiyi dövrlərdə və ya ailədə gözlənilməz hadisələr baş verdikdə, balans pozula bilir və həmin an idarəni itirdiyimi hiss edirəm.
- Sizcə bu tip aksesuar biznesinə onlayn, yoxsa fiziki mağaza ilə başlamaq daha sərfəlidir?
- Mən biznesə yeni başlayan biri üçün ilk mərhələdə mağaza açmağın tərəfdarı deyiləm. Risk baxımından onlayn başlamaq daha yaxşıdır. Fiziki mağaza brend baxımından daha güclüdür, amma yeni başlayan insan əvvəlcə onlayn başlamalıdır.
- Gələcək planlarınız nələrdir?
- Gələcəkdə yeni filiallar açmaq, öz məhsullarımızı istehsal etmək və ən əsası brendi qlobal səviyyəyə çıxarmaq istəyirik.
Tənzilə Ağabalayeva