Redaktor
500 manatla öz brendini yaradan gəncəli oğlan - Müsahibə
Dövlət müəssisəsində çalışdığı dövrdə formalaşan ideya zamanla real brendə çevrilir. Necə? Onun brendinin hekayəsi cəmi 500 manatlıq ilkin investisiyadan başlayıb. İlk mərhələ üçün təbii ki, yetərli deyildi. Onun sözlərinə görə, biznesin əsas kapitalı puldan daha çox inam və əzmkarlıq olub.
Söhbət “Ganjavi” brendinin qurucusu Osman Hacıyevdən gedir.
O.Hacıyev Valyuta.az-a müsahibəsində biznesə necə başladığından, ilk çətinliklərdən, satış prosesindən və gələcək planlarından danışıb.
- Osman bəy, ilk olaraq sizi tanıyaq. Təhsiliniz, özünüz haqqında məlumat verərdiniz.
- 1995-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşam. Orta təhsilimi Gəncədə başa vurduqdan sonra - 2013-2017-ci illərdə ilk ali təhsilimi Azərbaycan Dövlət Aqrar Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə almışam. Daha sonra isə 2021-2023-cü illərdə həmin universitetdə Mühasibat Uçotu və Audit ixtisası üzrə ikinci ali təhsilimi tamamladım.
- “Ganjavi” brendini qurmazdan əvvəlki fəaliyyətiniz nə olub?
- 2020-2025-ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Regional Təhsil İdarəsində mühasib, böyük mühasib və aparıcı məsləhətçi vəzifələrində çalışmışam.
- “Ganjavi” ideyası ilk olaraq necə yarandı?
- Dövlət müəssisəsində çalışdığım dövrlərdə gündəlik olaraq qalstukdan istifadə edirdim. Bu, dress code tələbi olsa da, zamanla qalstukun iş həyatında bir bəyin nizam-intizamlı və xarici görünüşünə önəm verən məsuliyyətli bir şəxs olduğunu göstərən əsas aksesuarlardan biri olduğunu anladım.
Bununla yanaşı, qalstukun bütöv işgüzar imicin formalaşmasında əsas elementlərdən biri olduğunu hiss etdim. Bu düşüncə ilk olaraq məndə formalaşsa da, həyat yoldaşımın brendə olan inamı və verdiyi motivasiya “Ganjavi” brendinin yaranmasında mühüm rol oynadı.

- Brendin ideyası işlədiyiniz müddətdə, yoxsa daha əvvəl yaranıb?
- "Ganjavi” brendinin ideyası dövlət müəssisəsində çalışdığım illərdə formalaşıb. İlk dövrlərdə hobbi kimi yaranan bu ideya zaman keçdikcə real bir brendə çevrilməsi düşüncəsini formalaşdırıb.
- Dediniz hobbi kimi yaranıb. Həmin hobbinin artıq real brendə çevrildiyini nə vaxt hiss etdiniz?
- İlk olaraq müasir və nizamlı imicin əsas detallarından birinin qalstuk olması, vizual intizam anlayışı və işgüzar üslubda bu detalın mühüm yer tutması düşüncəsi formalaşdı. Bu yanaşmaları real bir brend ideyası ilə bir araya gətirərək 2021-ci ildə bu qərarı verdim.
Bundan sonra isə brendin formalaşdırılması istiqamətində bütün texniki işlərə başlanıldı.
- Biznesə başlayarkən nə qədər vəsait lazım oldu?
- Yadımdadır ki, ilk investisiyam 500 manat olmuşdu və bu məbləğ ilk mərhələ üçün təbii ki, yetərli deyildi. Düşünürəm ki, əsas investisiya inam və əzmkarlıq idi.
Sonrakı dövrlərdə ailəmin maddi dəstəyi də brendin inkişafında mühüm rol oynadı.
- Biznesə həyat yoldaşınızla birgə başlamısınız. Brendin yaranmasında həyat yoldaşınızın rolu nə olub?
- “Ganjavi” brendinin yaranmasında Təbibə xanımın rolu olduqca böyükdür. Açıq desəm, bu brend tək bir nəfərin əməyinin nəticəsi deyil. Biz bu yolu birlikdə keçmişik.
İlk ideyanın formalaşmasından satış prosesinə qədər bir çox mərhələdə onun dəstəyi və baxış bucağı mühüm rol oynayıb.
- İş bölgüsündə bəs kim işin hansı tərəfindədir?
- İş bölgüsünə gəldikdə, vəzifələri daha çox hər birimizin güclü tərəflərinə uyğun şəkildə bölmüşük. Mən əsasən brendin konsepti, məhsul seçimi və inkişaf strategiyası ilə məşğul oluram. Təbibə xanım isə satış, müştəri münasibətləri və gündəlik əməliyyatların idarə olunmasında aktiv rol oynayır.
Bu iş bölgüsü bizə fəaliyyətimizi daha sürətli və effektiv şəkildə təşkil etməyə imkan yaradır.
- İlk vaxtlar satışla bağlı çətinlik yaşadınız?
- Ən böyük çətinlik satış deyil, insanların etibarını qazanmaq idi. Yeni brend olduğumuz üçün insanlar bizi tanımır, məhsulun keyfiyyətini əvvəlcədən dəyərləndirə bilmirdilər. Buna görə də hər sifarişə maksimum diqqətlə yanaşırdıq ki, ilk müştərilərimiz razı qalsın və bizi başqalarına tövsiyə etsinlər.
Həmçinin bazarda fərqlənmək də lazım olur. Çətinliklərdən biri də elə bazarda fərqlənmək idi. Qalstuk məhsulu mövcuddur, lakin əsas məsələ onu necə təqdim etməyindir. Biz həm vizual təqdimata, qablaşdırmaya, həm də ümumi brend hissinə xüsusi diqqət ayıraraq bu çətinliyi aşmağa çalışırıq.
Deyərdim ki, bu proses hazırda da davam edir. Daim yenilənən trendlərə uyğunlaşmaq və müştərilərin istəklərini qarşılamaq çətin olsa da, eyni zamanda olduqca qürurvericidir.
- Biznesə iki nəfər olaraq başladınız. Bəs bu gün komandanız neçə nəfərdən ibarətdir?
- Bəli, ilk dövrlərdə bu yolda yalnız həyat yoldaşımla birlikdə çalışırdıq. Hazırda isə texniki məsələlərin daha effektiv və vaxtında icrası üçün 5 nəfərdən ibarət kiçik komandamız fəaliyyət göstərir.
Gələcəkdə komandamızı daha da genişləndirməyi düşünürük. Görürəmki artıq buna zərurət yaranır.
- 5 ildən artıq dövlət müəssisəsində çalışmısınız. Adətən insanlar iş mühitindən uzaqlaşıb fərqli biznes qurmağa çalışırlar. Siz isə əksinə, məhz iş və biznes mühitinin əsas simvollarından biri sayılan qalstuk üzərindən brend yaratdınız. Bu seçim necə yarandı?
- Açığı, bu seçim bir anda verilmiş qərar deyildi. Beş ildən artıq dövlət müəssisəsində çalışdığım üçün klassik geyim, xüsusilə də qalstuk gündəlik həyatımın ayrılmaz hissəsinə çevrilmişdi. Zamanla gördüm ki, insanlar qalstuka daha çox “məcburi aksesuar” kimi yanaşırlar. Halbuki bu detal insanın zövqünü, statusunu və ümumi yanaşmasını ifadə edən mühüm elementlərdən biridir.
Bir müddət sonra düşündüm ki, niyə bu qədər önəmli bir elementi daha fərqli, daha estetik və daha mənalı formada təqdim etməyək? Məqsədim yalnız məhsul satmaq deyil, eyni zamanda qalstuka olan baxışı dəyişmək idi.
Məhz bu səbəbdən iş mühitində qazandığım təcrübə “Ganjavi” brendinin yaranma ideyalarından birinə çevrildi. Bu, əslində iş və biznes mühitindən uzaqlaşmaq deyil, həmin mühitin daxilində fərqli dəyər yaratmaq cəhdi idi.
- Dövlət müəssisəsində işlədiyiniz vaxtlarda ətrafınızda brendinizin potensial müştərisi ola biləcək insanlar çox idimi?
- Düzü, bəli, ilk gündən inanırdım ki, ətrafımdakı insanlar “Ganjavi” üçün potensial müştərilərdir. Çünki həmin mühitdə çalışan insanların geyim tərzi, ehtiyacları və zövqləri mənə artıq yaxşı tanış idi.
Lakin maraqlı məqam ondan ibarətdir ki, işlədiyim dövrdə onlara heç vaxt satış etmədim. Bu, həm şəxsi prinsipim idi, həm də iş mühiti ilə biznesin qarışmasını və insanların bunu fərqli şəkildə qəbul etməsini istəmirdim.
İşdən ayrıldıqdan sonra isə vəziyyət təbii şəkildə dəyişdi.
- Yəni həmin insanlar sizin real müştərilərinizə çevrildi.
- Bəli həmin insanların bir çoxu sonradan mənim real müştərilərimə çevrildi. Çünki artıq onlar məhsulu kənardan, daha obyektiv şəkildə qiymətləndirə və seçimlərini rahatlıqla edə bildilər.
Bu isə mənə göstərdi ki, əvvəldən formalaşan müşahidələrim və inamım tamamilə doğru olub.

- Məhsullarınızın əsas müştəri auditoriyası kimlərdir?
- Bizim əsas müştəri auditoriyamız 23-40 yaş aralığında olan, öz imicinə diqqət edən, daha səliqəli və fərqli görünməyə önəm verən bəylərdir. Bununla yanaşı, satışlarımızın əhəmiyyətli hissəsi hədiyyə məqsədli olduğu üçün xanım müştərilər də bizim üçün vacib auditoriyalardan biridir.
Onlar həyat yoldaşları, ailə üzvləri və ya iş yoldaşları üçün simvolik və istifadəsiz hədiyyələr əvəzinə, gündəlik istifadə olunan və bəylər üçün zəruri aksesuarlardan sayılan qalstukları və ya hədiyyə dəstlərini rahatlıqla seçə bilirlər.
Bundan əlavə, korporativ satışlarımızın da kifayət qədər olması səbəbilə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlər də bizim hədəf auditoriyamızda mühüm yer tutur.
- Brendin ad seçimindən danışaq. Bu adın sizin üçün xüsusi mənası var?
- Bu ad bizim üçün təsadüfi seçim deyil. “Ganjavi” adı Gəncə şəhərindən və böyük mütəfəkkir Nizami Gəncəvidən ilhamlanıb. Nizami Gəncəvi yalnız ədəbiyyatda deyil, ümumilikdə zövq, incəlik və dəyər anlayışını təmsil edən bir şəxsiyyətdir. Gəncə şəhərinin qədim mədəniyyəti və zəngin irsi də bu anlayışları tamamlayır. “Ganjavi” adı bizim üçün həm köklərə bağlılığın, həm də estetik düşüncənin simvoludur.
Biz də istədik ki, brendimizdə məhz bu ruh yaşasın - yalnız məhsul deyil, eyni zamanda mədəniyyət və estetik zövq təqdim edək.
- İstehsal prosesi yəni - məhsulların dizaynı, parça seçimi və digər detallar necə müəyyənləşdirilir?
- Qeyd edərdim ki, hər bir məhsul bizim üçün unikaldır. Məhsulların, parçaların və qablaşdırmaların seçimi və dizaynı böyük həssaslıqla, eyni zamanda dövrün tələblərinə uyğun şəkildə formalaşdırılır. Biz məhsullarımızda hər seqmentdən olan müştərilərin zövqünü və ehtiyaclarını nəzərə almağa çalışırıq. Çünki bu sahədə keyfiyyətlə yanaşı zövq amili də mühüm rol oynayır.
Ümumilikdə, müştəriyə təqdim olunan hazır məhsulun arxasında böyük və məsuliyyətli bir əmək dayanır. Satışa təqdim edilən hər bir qalstuk modeli və onun qablaşdırılması nəzarətdən keçirilir, keyfiyyəti yenidən yoxlanılır və yalnız bundan sonra müştərilərimizə təqdim olunur.
Düşünürəm ki, bizi fərqləndirən əsas məqamlardan biri də budur. Çünki milli ruhu müasirliklə vəhdətdə təqdim etmək asan deyil.
- Gündəlik həyatda brendinizin məhsullarından istifadə edirsinizmi?
- Bəli, əlbəttə. Qalstuku əsas geyim aksessuarlarından biri kimi sevdiyim üçün onu gündəlik üslubumda da istifadə edirəm. Düşünürəm ki, bu yanaşma brendin dəyərini və təqdim etdiyi imici daha da gücləndirir.
- Məhsulun qiymətini müəyyən edərkən hansı meyarları nəzərə alırsınız?
- Təbii ki, qiymət formalaşdırılarkən istehsal, reklam, hazır məhsul, marketinq, qablaşdırma, logistika və digər xərclərin hamısı nəzərə alınır. Bundan sonra isə süni şəkildə şişirdilməmiş satış qiyməti müəyyən edilir.
Bəzən bəzi bizneslər məhsulu daha bahalı göstərmək məqsədilə süni qiymət siyasəti tətbiq edirlər. Mən isə hesab edirəm ki, məhsul keyfiyyətlidirsə və müştərinin tələblərini qarşılayırsa, qiymət siyasəti də bununla paralel və təbii şəkildə formalaşır. Yəni bütün proses öz axarında inkişaf edir.
- Maraqlıdır, bu günə qədər satdığınız ən bahalı qalstukun qiyməti nə qədər olub?
İncə tam ipək parçadan xüsusi dizayn əsasında hazırlanmış modelimiz olub və onun satış qiyməti 250 manat təşkil edib.
- Hazırda bu sahə nə qədər gəlirlidir? Davamlı qazanc əldə etmək mümkündür?
- Deyərdim ki, bu sahə hazırda inkişaf etməkdə olan istiqamətlərdən biridir. “Ganjavi” olaraq biz də bu sahənin daha peşəkar səviyyədə formalaşması üçün bütün zəruri addımları atır və atmağa davam edirik.
Təbii ki, qazanc amili də burada mühüm rol oynayır. Bu səbəbdən daim yenilikçi olmaq, yeni kolleksiyalar təqdim etmək, fərqli və tələbatlı hədiyyə dəstləri hazırlamaq, eləcə də korporativ müştərilərin etibarını qazanmaq bu sahəni kifayət qədər gəlirli edir.
- Gələcəkdə “Ganjavi” üçün hansı planlarınız var?
- “Ganjavi” olaraq əsas hədəflərimizdən biri yerli bazarda daha böyük uğurlar əldə etməklə yanaşı, brendin ölkə hüdudlarından kənarda da tanınması və Azərbaycan brendi kimi xarici bazarlarda təmsil olunmasıdır.
Bununla yanaşı, yaxın gələcəkdə klassik üslubda geyim xəttinin yaradılmasını da planlaşdırırıq və bu istiqamətdə ilkin işlərə artıq başlamışıq.
Biz hər zaman yeniliklərə açıq yanaşırıq. Hər bir müştərinin düşüncəsi, fikri, təklifi və iradı bizim üçün önəmlidir. Məhz bu yanaşma sayəsində daim yeni məhsullar təqdim edir, mövcud çatışmazlıqlar üzərində işləyir və inkişaf etməyə davam edirik.
- Artıq “Ganjavi woman” adlı yeni layihə üzərində də çalışırsınız. Bu ideya bazardakı tələbdən yarandı, yoxsa yeni tələbat formalaşdırmaq məqsədi daşıyır?
- Əsas məqsəd daha çox yeni tələbat formalaşdırmaqdır. “Ganjavi woman” layihəsində də eyni stil və estetika xətti qorunur. Burada xanımlar üçün nəzərdə tutulan geyim aksesuarları ön plana çıxır.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
“Azərbaycandakı bəzi dəbdəbəli klinikalar yatırılan investisiyanı 100 il sonra da çıxarmayacaq” - Müsahibə
Azərbaycanlının ABŞ, Kanada, İngiltərə bazarındakı layihəsi - 1 milyon manata yaxın investisiya
Hərəyə 10 manat qoyub başlamışdılar - 16 yaşda qurulan biznesin hekayəsi