Redaktor
"Binance" 8 kriptovalyutanı siyahıdan çıxarır - Tarix açıqlandı
Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Binance" 8 kriptovalyutanı platformadan çıxaracağını açıqlayıb.
Valyuta.az xəbər verir ki, birjanın yaydığı məlumata əsasən, Arena-Z (A2Z), Ampleforth Governance Token (FORTH), Hooked Protocol (HOOK), IDEX (IDEX), Loopring (LRC), Neutron (NTRN), Radiant Capital (RDNT) və Solar (SXP) tokenləri 1 aprel 2026-cı il tarixində siyahıdan çıxarılacaq.
Bildirilir ki, bu aktivlər üzrə depozit əməliyyatları 2 aprel 2026-cı il saat 06:00-dan sonra artıq hesablanmayacaq. İstifadəçilər isə həmin tokenləri 1 iyun 2026-cı il saat 06:00-a qədər platformadan çıxara biləcəklər. Bu tarixdən sonra çəkim əməliyyatları da dayandırılacaq.
Birja həmçinin qeyd edib ki, 2 iyun 2026-cı il saat 06:00-dan sonra istifadəçilərin hesablarında qalan bu aktivlərin stabil kriptovalyutalara çevrilməsi mümkün ola bilər. Lakin bu prosesin həyata keçirilməsi qəti deyil və əlavə açıqlama veriləcəyi bildirilib.
Fyuçers əməliyyatlar üzrə isə qeyd olunan tokenlərə bağlı bütün kontratlar 24 mart 2026-cı il saat 12:00-da avtomatik bağlanacaq və uzlaşma həyata keçiriləcək. Yeni mövqelərin açılması isə həmin gün saat 11:30-dan etibarən dayandırılacaq.
"Binance" qərarın əsas səbəbləri kimi adətən likvidlik, ticarət həcmi, layihələrin aktivliyi və mütəmadi audit nəticələrini göstərir.
Bu tokenlərə investisiya etmiş istifadəçilərə, mümkün risklərin qarşısını almaq üçün "Binance" tərəfindən açıqlanan tarixləri diqqətlə izləmək tövsiyə olunur.
Sərvanə Rəmixanova