Redaktor
"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı
İlin əvvəlində İlon Mask “Tesla” şirkətinin ən məşhur modellərindən ikisi olan "Model S" və "Model X" avtomobillərinin istehsalını dayandıracağını bildirmişdi. Lakin bu qərarın əsl səbəbləri yalnız indi açıqlanıb.
Valyuta.az “SupercarBlondie” nəşrinəistinadən xəbər verir ki, bu modellərin istehsaldan çıxarılması xəbəri “Tesla” həvəskarları üçün gözlənilməz olub və həmin vaxt qərarın səbəbləri ətraflı izah edilməyib. "Model S" və "Model X" uzun illərdir bazarda olduğundan və son dövrlərdə satışları tədricən azaldığından, bir çoxları istehsalın dayandırılmasını məhz tələbatın aşağı düşməsi ilə əlaqələndirmişdi.
Bu fərziyyə avtomobil sənayesində geniş yayılmış praktikaya uyğun görünürdü. Lakin sonradan məlum olub ki, “Tesla”nın iki flaqman modelinin istehsaldan çıxarılmasının əsas səbəbi satış göstəriciləri deyil.
Bu yaxınlarda “Tesla”nın baş dizayneri Frans fon Holzhauzen və mühəndislik üzrə vitse-prezidenti Lars Moravi “Ride the Lightning” podkastında çıxış edərək bildiriblər ki, qərar bir il yarımdan çox əvvəl qəbul olunub.
Onların sözlərinə görə, əsas səbəb bu modellərin təhlükəsizlik arxitekturasının köhnəlməsi və şirkətin daha geniş istehsal sahələrinə ehtiyac duyması olub.
“Biz yollarda ən təhlükəsiz avtomobilləri istehsal etmək istəyirik və bu, konstruktiv yeniləmələrin daim tətbiq edilməsini tələb edir”, deyə Moravi bildirib.
Şirkət nümayəndələri vurğulayıblar ki, “Tesla” inkişafı dayandıraraq dəyişikliksiz qalmağı özünə rəva görə bilməz.
Paşa Məmmədli