Redaktor
"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi
Belçikada yerləşən “Euroclear Bank” depozitarı Moskva Arbitraj Məhkəməsinin Rusiya Mərkəzi Bankının iddiası üzrə çıxardığı təxminən 200 milyard avroluq qərarın dərhal icrasına qarşı şikayət verib.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, şikayət Moskva şəhər məhkəmə sistemində apellyasiya instansiyasına göndəriləcək.
15 may tarixində Moskva Arbitraj Məhkəməsi Rusiya Mərkəzi Bankının “Euroclear”a qarşı iddiasını təmin edib. İddia, Qərbin sanksiyaları fonunda Rusiya aktivlərinin dondurulması və bunun nəticəsində yaranan maliyyə itkiləri ilə bağlı olub.
İddia məbləğinin təxminən 200 milyard avro olduğu, ümumi tələbin isə daha geniş çərçivədə trilyonlarla rublu əhatə etdiyi bildirilir. Rusiyanın dondurulmuş aktivlərinin böyük hissəsi məhz Belçikada saxlanılır.
“Euroclear” nümayəndələri Moskva məhkəməsinin qərarını ədalətsiz hesab etdiklərini bildirib və hüquqi yollardan istifadə edərək qərara etiraz etdiklərini açıqlayıblar.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen daha əvvəl bildirmişdi ki, Rusiyanın Aİ-də dondurulmuş suveren aktivlərinin gələcək taleyi yalnız üzv ölkələrin razılığı ilə dəyişdirilə bilər.
Paşa Məmmədli