Redaktor
Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi
2026-cı il ərzində hansı səhmlərin yüksəliş göstərəcəyini bilmək, əlbəttə ki, hər bir bazar investorunun əsas məqsədidir.
Haraya, nə vaxt və nəyə investisiya etməyi bilmək investor üçün maliyyə uğursuzluğu ilə böyük sərvət arasındakı fərqi müəyyən edə bilər. Bu isə belə bir sual yaradır — 2026-cı ildə hansı məşhur şirkət səhmlərinin bazarda üstünlük təşkil edəcəyi və investorlarına böyük qazanc gətirəcəyi gözlənilir?
2020-ci illərin dəyişən texnoloji mənzərəsinə uyğun olaraq, siyahıdakı şirkətlərin demək olar ki, hamısı texnologiya yönümlüdür və onların əksəriyyəti süni intellekt (AI) sahəsində ən qabaqcıl inkişaflarla məşğuldur. Bu şirkətlər AI sahəsinin davamlı inkişafından və məlumat mərkəzlərinin genişlənməsindən gəlir əldə etməyə çalışdığı kimi, investorlar da həmin texnologiya şirkətlərinin daha da zənginləşməsindən faydalanmağa ümid edirlər.
Analitiklərin 2026-cı ildə inkişaf edəcəyini gözlədiyi 10 şirkət aşağıdakılardır:
“Adobe”
2025-ci ildə “Adobe” şirkətinin bazar dəyəri 20 faiz azalıb. Lakin “TipRanks” qeyd edir ki, şirkətin davamlı gəlir bazası və texnologiya sektorundakı rəqiblərlə müqayisədə daha sərfəli qiymətləndirilməsi 2026-cı ildə daha güclü nəticələr üçün əsas amillər hesab olunur.
“Advanced Micro Devices”
“Advanced Micro Devices” (“AMD”) şirkəti CPU və AI sürətləndiricilərinin genişlənən çeşidi sayəsində AI və məlumat mərkəzləri sahəsində “Nvidia”nın əsas rəqiblərindən biri kimi qiymətləndirilir. “MarketBeat”in məlumatına görə, analitiklər 2026-cı ildə “AMD” səhmlərinin dəyərində ciddi artım gözləyirlər.
“Alphabet”
“The Motley Fool”un məlumatına əsasən, rəqəmsal reklam bazarındakı üstün mövqeyi və süni intellektə artan yatırımları — o cümlədən AI texnologiyalarının “Google Search”, “YouTube” və müxtəlif bulud xidmətlərinə inteqrasiyası — “Alphabet”in 2026-cı ildə güclü nəticələr göstərməsini gözlənilən edir.
“Amazon”
“Disruption Banking and Investing”ə görə, nəhəng onlayn pərakəndə satış şirkəti “Amazon”un böyüməsinin 2026-cı ildə də davam edəcəyi gözlənilir. Şirkətin AI və avtomatlaşdırmaya böyük yatırımlarının bazar göstəricilərinə müsbət təsir edəcəyi bildirilir.
“Meta”
“Nasdaq”ın məlumatına əsasən, “Meta” müasir bazarlarda sabit inkişaf potensialına malik “Möhtəşəm Yeddilik” texnologiya şirkətlərindən biri hesab olunur. AI, reklam gəlirləri və uzunmüddətli “Metaverse” investisiyaları sayəsində şirkətin 2026-cı ildə güclü artım göstərəcəyi proqnozlaşdırılır.
“Micron Technology”
Kompüter yaddaşı və məlumat saxlama texnologiyaları üzrə fəaliyyət göstərən “Micron” son dövrlərdə AI yaddaş texnologiyalarına artan tələbat səbəbindən sürətli yüksəliş nümayiş etdirir. “The Motley Fool”un məlumatına görə, AI məlumat mərkəzlərində istifadə olunan yüksək ötürmə qabiliyyətli yaddaş texnologiyalarına maraq şirkətin gəlirlərini artırır. “Samsung” kimi rəqiblərin yeni AI texnologiyalarını təqdim etməsi səbəbindən səhmlərdə bəzən geriləmələr yaşansa da, “Micron”un 2026-cı ilin sonuna qədər bazar liderlərindən birinə çevriləcəyi gözlənilir.
“Nvidia”
“Yahoo Finance”in məlumatına görə, “Nvidia” AI sahəsində dominant güc hesab olunur və şirkətin GPU texnologiyaları müasir məlumat mərkəzlərinin əsasını təşkil edir. Analitiklər AI infrastrukturu və proqram təminatı sahəsindəki genişlənmə hesabına şirkətin gəlirlərinin və səhm göstəricilərinin artmağa davam edəcəyini proqnozlaşdırırlar.
“SanDisk”
“Barchart”ın məlumatına əsasən, kompüter texnologiyaları şirkəti “SanDisk”in 2026-cı ildə səhm bazarında yüksəliş yaşayacağı gözlənilir. Buna səbəb qiymət siyasətində yaxşılaşma və yüksək performanslı flaş yaddaş texnologiyalarına artan maraqdır.
“Visa”
“TipRanks” qeyd edir ki, “Visa” şirkətinin davamlı gəlir artımı, güclü pul axını və dividend/səhm geri alışı proqramları kredit kartı şirkətinin səhmlərinin 2026-cı ildə ciddi yüksəliş göstərməsinə səbəb ola bilər.
“Western Digital”
“Business Insider”in məlumatına görə, AI iş yükünün artması “Western Digital”in ixtisaslaşdığı ənənəvi sərt disklərə və məlumat saxlama həllərinə tələbatı artırır. Analitiklər şirkəti 2026-cı ilin qalan hissəsində bazarda yüksəliş potensialı olan namizədlərdən biri kimi qiymətləndirirlər.
Tənzilə Ağabalayeva