Redaktor
Gələcəyin kod mühəndisi necə olacaq? - MÜSAHİBƏ
Vibe kodlaşdırması, süni intellekt agentləri və "proqramçısız inkişaf" proqramlaşdırma peşəsinin sonu ilə bağlı proqnozlar yaradır.
Valyuta.az xəbər verir ki, ABŞ-da bulud və IoT sistemləri ilə işləyən baş proqram təminatı mühəndisi Yevgen Piotrovski süni intellektin mühəndisləri işdən uzaqlaşdırmadığını, əksinə sistem düşüncəsinin qiymətini artırdığını izah edir.
- Çoxları Cursor, Claude Code və ya Codex kimi alətlərin proqramçıları əvəz edəcəyini deyir. Əslində nə baş verir?
- Mən hər gün süni intellekt alətləri ilə işləyirəm – onlar həqiqətən inkişaf prosesini sürətləndirir. Amma kod yalnız məhsulun bir hissəsidir. Qalan hissə isə arxitektura, etibarlılıq, miqyaslana bilmə və inteqrasiyalardır. Süni intellekt inandırıcı funksiya yaza bilər, amma hər zaman sistemin böyüdükcə dağılacağını görə bilmir. Bu gün ən dəyərli bacarıq sistemli düşünməkdir.
- Süni intellektin yaxşı bacardığı və insanın mütləq lazım olduğu sərhəd haradadır?
- Süni intellekt təkrarlanan nümunələrdə çox güclüdür. Amma hazır şablonu olmayan problemlər də var. Bizim komandada ABŞ şəhərləri üçün avtonom sanitar modullar hazırlayırıq: IoT sensorlar, bulud platforması, texniklər və müştərilər üçün tətbiqlər. Məsələn, biznes “iki hesab növünü xidmət dayandırmadan birləşdirək” deyəndə bunun arxasında data miqrasiyası, cihaz uyğunluğu, tətbiq dəyişiklikləri və risklər dayanır. Süni intellekt bu konteksti tam görə bilmir. Burada bütün sistemi başında saxlayan mühəndis lazımdır.
- Demək, məsələ təkcə kodda deyil?
- Bəli. Komandaya qoşulanda məhsul "JavaScript" üzərində işləyirdi. Sistem işləyirdi, amma miqyas böyüdükcə problemlərin yaranacağını görürdüm. Ona görə "TypeScript"ə keçid üçün plan hazırladım, yeni funksiyaları dayandırmadan miqrasiyanı idarə etdim və ən çətin hissələri öz üzərimə götürdüm. Süni intellekt bu keçid üçün kod yaza bilərdi, amma strategiya, temp və biznes nəticələrinə görə məsuliyyət daşımır.
- Bu, gündəlik işdə necə görünür?
- Süni intellekti code review, testlərin generasiyası, tiplərin və endpointlərin hazırlanması üçün istifadə edirəm. Məsələn, yeni sensor əlavə ediləndə süni intellekt işin 80%-lik qaralama hissəsini 15 dəqiqəyə hazırlaya bilir. Amma sensor fərqli tezlikdə data göndərirsə, bu artıq sistemin bütün hissələrinə – emal, dashboard, infrastruktur xərclərinə təsir edir. Son 20% iş əslində 80% düşüncə tələb edir. Mənim yanaşmam belədir: süni intellekt – ən yaxşı junior proqramçıdır. Sürətli, dəqiq, yorulmaz, amma arxitektura qərarları üçün nəzarətsiz istifadə edilməməlidir.
- Şirkətlər süni intellektə həddən artıq güvənəndə nə baş verir?
- “AI-generated legacy code” yaranır. Startaplar promptlarla sürətlə məhsul yığır, amma bir müddət sonra heç kim sistemin necə işlədiyini anlamır. Kod səliqəli görünür, amma mühəndis niyyəti yoxdur – sistemin necə böyüyəcəyi, inteqrasiyaların necə dəyişəcəyi düşünülməyib. Süni intellekt indiki problemi həll edir, amma gələcək təkamülü nəzərə almır.
- Gələcəyin mühəndisi necə olacaq?
- Sadəcə kod yazan deyil, həll arxitektoru olacaq. Sistemlərin mürəkkəbliyi artır: daha çox inteqrasiya, data, təhlükəsizlik və etibarlılıq tələbləri. Süni intellekt kod yazır, amma onun niyə yazıldığını və kritik anda nə baş verəcəyini anlamır. 2026-cı ildə ABŞ-da futbol üzrə Dünya Çempionatı keçiriləcək və şəhərlər milyonlarla qonağı qəbul edəcək. Belə sistemlərdə – sensorlardan serverlərə qədər – hər şeyin işləməsinə cavabdeh olan mühəndis lazımdır.
QEYD: Yevgen Piotrovski proqram təminatının hazırlanması sahəsində 10 ildən çox təcrübəsi olan Baş Proqram Təminatı Mühəndisidir, IEEE-nin Baş Üzvüdür. O, ABŞ-da şəhər infrastrukturu üçün bulud və IoT sistemləri üzərində işləyir. "Throne Labs" şirkətində o, şəhərlər üçün muxtar sanitariya modullarının hazırlanmasında iştirak edir, şirkət 31 milyon dollar investisiya cəlb edib və TIME Best Inventions 2025 tərəfindən tanınıb.
Paşa Məmmədli