InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Redaktor

12.05.2026 11:30
421

InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

İnvestAz İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına 04–08 may 2026-cı il tarixləri arasında qlobal maliyyə bazarları həm makroiqtisadi göstəricilərin, həm də ABŞ–İran münasibətlərində yenidən sərtləşən geosiyasi risklərin təsiri altında formalaşdı. Həftə boyunca investorlar bir tərəfdən Avropa iqtisadiyyatında zəifləmənin dərinləşdiyini göstərən PMI və biznes aktivliyi göstəricilərini qiymətləndirir, digər tərəfdən isə Hörmüz boğazında yenidən artan hərbi gərginliyin enerji bazarlarına və risk iştahasına təsirini izləyirdilər. Nəticədə bazarlarda vahid istiqamətli trend yox, aktivlər arasında fərqli və bəzən ziddiyyətli reaksiyalar müşahidə olundu.

Həftənin iqtisadi baxımdan ən vacib mövzularından biri Avrozonada, Almaniyada və İngiltərədə açıqlanan sənaye və xidmət sektoru üzrə Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri oldu. Xidmət sektorunda aktivliyin zəifləməsi bazara aydın mesaj verdi: Avropadakı iqtisadi problem artıq yalnız sənaye ilə məhdudlaşmır, daxili tələb və xidmət iqtisadiyyatı da təzyiq altına düşür. Avrozonada xidmət PMI göstəricisinin daralma zonasına keçməsi son ayların ən mənfi siqnallarından biri kimi qiymətləndirildi. Almaniyada xidmət sektorunun 50 həddindən aşağı düşməsi iqtisadi zəifliyin struktur xarakter almağa başladığını göstərdi.

İngiltərədə isə xidmət sektorunda aktivlik tam çökməsə də, şirkətlərin xərc yükünün ciddi şəkildə artması bazarda yeni narahatlıq yaratdı. Enerji və logistika xərclərinin yüksəlməsi bizneslərin qiymət artırmaq məcburiyyətində qalmasına səbəb olur. Bu isə Bank of England üçün çətin dilemma yaradır: iqtisadi artım zəifləyir, amma inflyasiya riski hələ də tam aradan qalxmayıb. İnvestorlar getdikcə daha çox düşünür ki, Avropa mərkəzi bankları artıq iqtisadi zəifliklə deyil, “zəif artım + yüksək qiymət təzyiqi” kombinasiyası ilə mübarizə aparmalı olacaq.

ABŞ tərəfdə isə diqqət əsasən əmək bazarına yönəlmişdi. 06 may tarixində açıqlanan “NFP” qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisinin gözləntilərdən güclü gəlməsi bazarda qısa müddətli dollar dəstəyi yaratdı. Əmək bazarı hesabatı ABŞ əmək bazarının hələ tam zəifləmədiyini göstərsə də, investorlar bu göstəricini artıq “keçmiş gücün əksi” kimi qiymətləndirməyə başladılar. Çünki ümumi iqtisadi dinamika yavaşlayır və bazar artıq təkcə göstəricilərin özünə deyil, onların FED siyasətinə necə təsir edəcəyinə fokuslanır.

Lakin həftənin əsas hərəkətverici qüvvəsi iqtisadi göstəricilər yox, geosiyasi risklər oldu. ABŞ–İran münasibətlərində əvvəlki həftələrdə yaranan nisbi yumşalma atmosferi 07 may tarixindən etibarən yenidən pozuldu. Hörmüz boğazında ABŞ hərbi gəmilərinə qarşı hücum cəhdləri, ABŞ tərəfinin cavab zərbələri və İranın ABŞ-ı atəşkəsi pozmaqda ittiham etməsi bazarlarda riskdən qaçış davranışını sürətləndirdi. Həm Vaşinqtondan, həm də Tehrandan gələn sərt açıqlamalar bazara göstərdi ki, tərəflər arasında real diplomatik həll hələ uzaqdır.
Xüsusilə ABŞ prezidenti Donald Trampın İranın cavab təkliflərini “tamamilə qəbuledilməz” adlandırması və Hörmüz boğazının açıq qalmasının ABŞ üçün strateji prioritet olduğunu vurğulaması bazarda yeni eskalasiya qorxusunu gücləndirdi. İran tərəfi isə sanksiyaların ləğvi və boğaz üzərində nəzarət tələbindən geri çəkilməyəcəyini açıqladı.

Bu proseslərin ən sərt təsiri enerji bazarında hiss olundu. Həftə ərzində neft qiymətləri geosiyasi risk premiumunun sürətlə artması ilə yenidən yüksəlişə keçdi. İnvestorlar artıq təkcə mümkün müharibə riskini deyil, Hörmüz boğazında uzunmüddətli logistika və enerji axını problemlərini də qiymətləndirməyə başlayıblar. Bazarın əsas qorxusu odur ki, regionda davam edən qarşıdurma qlobal enerji təchizatında davamlı pozuntular yarada bilər.

Valyuta bazarında isə dollar ziddiyyətli dinamika nümayiş etdirdi. Bir tərəfdən güclü əmək bazarı göstəriciləri və riskdən qaçış davranışı dolları dəstəklədi, digər tərəfdən isə iqtisadi zəifləmə və faiz endirimi ehtimalları onun uzunmüddətli yüksəlişini məhdudlaşdırdı. Nəticədə dollar daha çox xəbərlərə həssas və dalğalı hərəkət edən aktivə çevrildi.

Qızıl bazarında isə təhlükəsiz liman tələbi yenidən ön plana çıxdı. ABŞ–İran gərginliyinin yenidən hərbi eskalasiya mərhələsinə keçməsi investorları qızıla yönəltdi. Lakin maraqlı məqam odur ki, qızıl artıq yalnız “müharibə aktivinə” çevrilmir. İnvestorlar onu eyni zamanda FED siyasəti, sistem riski və qlobal qeyri-müəyyənliyə qarşı qoruyucu aktiv kimi qiymətləndirirlər.

Kriptovalyuta bazarlarında isə risk iştahının azalması daha aydın hiss olundu. Həftə ərzində Bitcoin və əsas altkoinlərdə yüksəliş cəhdləri olsa da, geosiyasi risklərin artması investorların daha ehtiyatlı davranmasına səbəb oldu. Bu, bir daha göstərdi ki, kriptovalyutalar bazarda hələ də “alternativ təhlükəsiz sistem” deyil, yüksək riskli aktiv sinfi kimi qəbul olunur.

Bu həftə bazaraların diqqət mərkəzindəki əsas xəbərlər Amerikada və Almaniyada dərc olunacaq inflyasiya (CPİ) hesabatı olacaq.

Bu həftə ərzində həmçinin, Avrozonada, İngiltərədə açıqlanacaq ÜDM hesabatı, eləcə də, ABŞ-da dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri investorların diqqət mərkəzində olacaq.

Eləcə də diqqətlər Yaxın Şərqdə geosiyasi proseslərin inkişaf dinamikasına yönələcək.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...