Redaktor
İşçinin dostunu işə götürməyin 1 müsbət, 3 riskli tərəfi var
Şirkətlərdə yeni vakansiya yarandıqda əməkdaşların öz dostlarını və ya yaxın çevrəsini namizəd kimi tövsiyə etməsi geniş yayılmış praktikadır. Bəzi rəhbərlər bunu müsbət qiymətləndirərək hesab edir ki, tövsiyə olunan şəxs kollektivə daha tez uyğunlaşır, iş mühitini əvvəlcədən tanıdığı üçün adaptasiya prosesi qısa çəkir. Digər tərəfdən isə, bu yanaşmanın iş intizamına və peşəkar münasibətlərə təsiri ilə bağlı suallar yaranır. Ofisdə dostluq məhsuldarlığı artırır, yoxsa azaldır?
İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a bildirir ki, bu yanaşmanın həm üstünlükləri, həm də riskləri mövcuddur: "Tövsiyə olunan namizədlərin əsas üstünlüyü mədəni uyğunluq faktorudur. Adətən, əməkdaşlar yalnız etibar etdikləri şəxsləri tövsiyə edir və bu da yeni işçinin şirkət mühitinə daha sürətli inteqrasiyasına şərait yaradır. Belə namizədlər şirkətin prioritetlərini - sürət, satış, gəlir və ya brend inkişafı kimi istiqamətləri əvvəlcədən bildikləri üçün işə daha hazırlıqlı başlayırlar. Bu isə həm vaxt, həm də maliyyə baxımından şirkət üçün əlavə xərclərin azalması deməkdir.
Bununla yanaşı, dostluq münasibətləri komandadaxili ünsiyyəti də müəyyən mənada gücləndirə bilər. Bir-birini əvvəldən tanıyan şəxslər arasında əməkdaşlıq daha rahat qurulur, işdənkənar münasibətlər də komanda ruhunu müəyyən qədər dəstəkləyir".
Lakin mütəxəssis vurğulayır ki, burada əsas məsələ obyektivliyin qorunmasıdır: "Hər hansı namizəd yalnız kiminsə dostu olduğu üçün deyil, digər namizədlərlə eyni qaydada qiymətləndirilməlidir. O, bütün seçim mərhələlərindən keçməli, müsahibələrdə iştirak etməli və nəticələrə əsasən qərar verilməlidir. Əks halda bu, həm kollektiv daxilində narazılıq yarada, həm də ümumi iş mühitinə mənfi təsir göstərə bilər".

Mütəxəssisin fikrincə, bu kimi situasiyalarda qruplaşma ehtimalı yaranır: "Eyni komandada bir neçə nəfərin bir-biri ilə yaxın münasibətdə olması digər əməkdaşların proseslərdən kənarda qalmasına səbəb ola bilər. Bu isə zamanla motivasiya itkisinə və işdən soyumağa gətirib çıxarır.
Bundan əlavə, bəzi hallarda dostluq və ya qohumluq münasibətləri obyektiv qərarverməni zəiflədə bilər. Məsələn, rəhbər və ya komanda üzvü yaxın münasibətdə olduğu şəxsə qarşı daha yumşaq davranaraq onun səhvlərinə göz yuma, performansı aşağı olsa belə bunu nəzərə almaya bilər. Bu isə həm ümumi nəticələrə təsir edir, həm də digər əməkdaşlar arasında ədalətsizlik hissi yaradır.
Digər tərəfdən, bu münasibətlər maliyyə və idarəetmə risklərinə də səbəb ola bilər. Məsələn, hesabatlılıq tələb olunan vəzifələrdə çalışan şəxslər bir-birinə qarşı obyektiv nəzarət etməyə bilər, məlumatların düzgün təqdim olunmaması və ya müəyyən pozuntuların gizlədilməsi riski yarana bilər. Xüsusilə maliyyə axınlarının idarə olunduğu sahələrdə bu tip münasibətlər şirkət üçün ciddi itkilərə gətirib çıxara bilər".
A.Həsənov bildirir ki, bu kimi halların qarşısını almaq üçün şirkətlərdə aydın və şəffaf seçim meyarları tətbiq olunmalıdır: "Vakansiya elanlarında tələblər konkret göstərilməli, seçim prosesi standartlaşdırılmalı və bütün namizədlər eyni qaydada qiymətləndirilməlidir. Eyni zamanda, tövsiyə mexanizmi məsuliyyət prinsipi ilə müşayiət olunmalıdır - yəni tövsiyə edən şəxs də müəyyən mənada nəticəyə görə cavabdehlik daşımalıdır".
Ekspertin fikrincə, şirkətlərin məqsədi dostları işə götürmək yox, işə götürdüyü insanlar arasında dost mühiti yaratmaq olmalıdır.
Sərvanə Rəmixanova