Redaktor
"Nasdaq"dan xəbərdarlıq alan "Bitcoin" şirkətinin səhmləri 6 ayda 98% ucuzlaşıb
“Bitcoin xəzinəsi” modeli ilə tanınan ABŞ-ın "Nakamoto Inc." şirkəti son 6 ayda səhmlərinin təxminən 98% dəyər itirməsi ilə diqqət çəkib.
Valyuta.az xəbər verir ki, şirkət "Bitcoin"i əsas aktiv kimi toplamağa üstünlük verib. Lakin zirvə qiymətlərdən etdiyi alışlar və şirkət satınalmalarını səhmlə maliyyələşdirməsi investor narahatlığını artırıb.
Şirkətin səhmləri 10 dollardan 0,24 dollara qədər düşüb. Bu isə bazar dəyərinin təxminən 23,6 milyard dollar azalmasına səbəb olub.
"Nakamoto Inc." rekord qiymətlər dövründə orta hesabla 118 min dollardan 5 398 BTC alıb. "Bitcoin"də yüksəlişin davam etməməsi nəticəsində şirkətin kripto portfeli üzrə təxminən 270 milyon dollar kağız üzərində zərər formalaşıb.
Səhmlərin uzun müddət 1 dolların altında qalması səbəbindən "Nasdaq" birjası şirkətə xəbərdarlıq edib. Şirkətə listinqdə qalmaq üçün 8 iyuna qədər vaxt verilib. Bu müddətədək səhmlər ən azı 10 ardıcıl ticarət günü 1 dolların üzərində qalmalıdır.
Sərvanə Rəmixanova