Redaktor
"Nvidia" rəhbəri: süni intellekt işinizi əlinizdən almayacaq, amma sizi idarə edəcək
Süni intellektin gələcəkdə insanları işsiz qoyacağı ilə bağlı narahatlıqlar uzun müddətdir müzakirə olunur. Lakin "Nvidia" şirkətinin baş icraçı direktoru Censen Huanq bu məsələyə fərqli yanaşma təqdim edib. Onun fikrincə, süni intellekt insanların iş yerlərini tamamilə əvəz etməyəcək, əksinə gündəlik iş proseslərində nəzarətçi və yönləndirici rolunu oynayacaq.
Huanq bildirib ki, yaxın gələcəkdə süni intellekt köməkçiləri əməkdaşların fəaliyyətini izləyəcək, tapşırıqların icrasını sürətləndirəcək və məhsuldarlığı artırmaq üçün davamlı tövsiyələr verəcək. Onun sözlərinə görə, bu texnologiyalar adi alətdən daha çox menecer funksiyasını yerinə yetirəcək.
"AI agentləri sizi narahat edəcək, mikroidarə edəcək və siz əvvəlkindən daha çox məşğul olacaqsınız", – deyə o, "Stanford Graduate School of Business"də keçirilən panel müzakirəsində qeyd edib.
Bu yanaşma süni intellektin iş yerlərini sıradan çıxaracağı barədə yayılmış fikirlərlə ziddiyyət təşkil edir. Huanq hesab edir ki, əsas dəyişiklik insanların işsiz qalması deyil, iş mühitinin tamamilə yenidən formalaşması olacaq.
Ekspertlərin fikrincə, bu dəyişiklik xüsusilə sahibkarlar və biznes rəhbərləri üçün mühüm əhəmiyyət daşıyır. Çünki gələcəkdə əsas məsələ işçiləri süni intellektlə əvəz etmək deyil, süni intellektin daimi təsiri altında çalışan komandaları düzgün idarə etmək olacaq.
Beləliklə, süni intellekt təhlükə kimi deyil, yeni iş reallığı kimi qiymətləndirilir. Ancaq bu reallıqda əməkdaşların qarşısında yeni çağırış dayanır: onları əvəz edən maşınlar deyil, onları daim izləyən və yönləndirən rəqəmsal menecerlər.
Tənzilə Ağabalayeva