Redaktor
Tankerlər ABŞ blokadasını aşa bilmir: İran neft hasilatını dayandıracaq
İran nefti ilə yüklənmiş tankerlər ABŞ blokadası xəttinə yaxın, Hörmüz boğazından kənarda yerləşən Çabahar limanı ətrafında toplanıb.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, ötən həftənin sonunda Oman körfəzi yaxınlığında 6–8 supertanker hərəkətsiz vəziyyətdə qalıb. Eyni bölgədə daha kiçik tankerlər də müşahidə olunub. ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, keçən həftə ələ keçirilən iki böyük neft tankerinin də məhz bu əraziyə yönləndirildiyi bildirilir.
Çabahar ətrafında tanker sıxlığının artması İranın hələ də neft yükləməyə davam etdiyini göstərir, lakin ABŞ blokadasının “qara qızılın” bazarlara çatdırılmasını ciddi şəkildə məhdudlaşdırdığı qeyd olunur. Hörmüz boğazı vasitəsilə nəqliyyat faktiki olaraq dayanıb və Tehranın anbarları dolduqca hasilatı azaltmaq məcburiyyətində qalacağı bildirilir.
"Vortexa Ltd" analitik şirkətinin hesablamalarına görə, hazırda təxminən 155 milyon barrel İran nefti ya daşınma prosesindədir, ya da dünya üzrə üzən anbarlarda saxlanılır. ABŞ isə təzyiqi artıraraq Hind okeanında tankerləri saxlayır və Çin neft emalı şirkətlərinə qarşı sanksiyalar tətbiq edir.
Məlumata görə, İran artıq köhnə gəmiləri yenidən istifadəyə qaytarır. 30 illik VLCC tipli supertankerin son üç ildən sonra yenidən fəaliyyətə başladığı bildirilir. “Nasha” adlı tanker isə dörd gün əvvəl hərəkətini bildirərək Hörmüz körfəzindən qərbə doğru – İranın əsas ixrac limanı olan Xark adasına yönəlib.
Paşa Məmmədli