Rəqsanə Məmmədova
Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer
Kiçik bizneslər üçün marketinq dedikdə çox vaxt ilk ağla gələn məsələ büdcə olur. Amma uğurlu satış sistemi qurmaq üçün əsas faktor pul deyil, düzgün yanaşma və davamlılıqdır. Sıfır büdcə ilə marketinq qurmaq mümkündür və hətta bir çox hallarda daha effektiv nəticə verir, çünki bu yanaşma daha çox real müştəri davranışına əsaslanır.
İlk növbədə strategiya düzgün qurulmalıdır. Məhsul və ya xidmətiniz kim üçündür, hansı problemi həll edir və müştəri sizi harada axtarır?Bu sualların cavabı olmadan heç bir kanal effekt verməyəcək. 0 büdcəli marketinqdə əsas prinsip budur: müştərinin olduğu yerə gedin, onu sizə gətirməyə çalışmayın.
Ən effektiv və sürətli nəticə verən kanallardan biri elan saytlarıdır. Azərbaycanda Tap.az, Lalafo kimi platformalarda aktiv olmaq satış üçün ciddi imkan yaradır. Sadəcə elan yerləşdirmək kifayət deyil, başlıq diqqət çəkən, şəkillər keyfiyyətli, təsvir isə aydın və etibarlı olmalıdır. Hər gün elanları yeniləmək və aktiv saxlamaq vacibdir. Bu platformalar xüsusilə fiziki məhsullar və xidmətlər üçün yüksək dönüş verir.
Digər güclü kanal WhatsApp qruplarıdır. Bir çox biznes bu platformanı düzgün istifadə etmir. Mövzuya uyğun qruplara qoşulmaq, spam etmədən dəyərli təkliflərlə çıxış etmək və şəxsi yazışmalarda satışa yönləndirmək effektiv strategiyadır. Bundan əlavə, öz WhatsApp müştəri bazanızı yaratmaq uzunmüddətli üstünlük verir. Məsələn, mövcud müştəriləri qrup və ya broadcast siyahısına əlavə edərək yeni təkliflər paylaşa bilərsiniz.
Sosial media isə 0 büdcəli marketinqin əsas sütunlarından biridir. Instagram və TikTok platformalarında müntəzəm kontent paylaşımı ilə orqanik şəkildə auditoriya toplamaq mümkündür. Burada əsas fokus satış yox, faydalı və maraqlı kontent olmalıdır. Məsələn, məhsulun istifadə qaydası, arxa səhnə görüntüləri, real müştəri rəyləri və nəticələr paylaşmaq etibar yaradır. Etibar isə satışın əsas təməlidir.
Facebook qrupları da hələ də işləyən kanallardandır. Xüsusilə “al-sat” və tematik qruplarda aktiv olmaq, düzgün təqdimatla paylaşım etmək və şərhlərdə operativ cavab vermək satışa birbaşa təsir edir.
Bundan əlavə, tövsiyə sistemi sıfır büdcə ilə ən güclü alətlərdən biridir. Mövcud müştərilərinizdən sizi başqalarına tövsiyə etmələrini xahiş edin və bunun qarşılığında kiçik bonuslar təklif edin. İnsanlar real təcrübəyə əsaslanan tövsiyələrə daha çox güvənir.
Nəticə olaraq, 0 büdcəli marketinqdə əsas uğur faktoru çoxkanallı və davamlı fəaliyyətdir. Bir kanaldan nəticə gözləmək əvəzinə paralel şəkildə bir neçə platformada aktiv olmaq lazımdır. Unutmayın ki, bu modeldə sürət yox, davamlılıq qalib gəlir. Düzgün qurulmuş sistemlə kiçik bizneslər minimum resursla yaxşı nəticə əldə edə bilər.
