Redaktor
“PAŞA Bank”ın Gürcüstan törəməsinin depozit portfeli 41,2 milyon manat azalıb
“PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsi - “PAŞA Bank Gürcüstan” 2026-cı ilin I rübünü 4,074 milyon lari (2,567 milyon manat) xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, illik müqayisədə maliyyə nəticəsində 4,989 milyon lari (3,143 milyon manat) artım qeydə alınıb.
Bank ötən ilin eyni dövründə 915 min lari (576 min manat) xalis zərər açıqlamışdı. Bankın nizamnamə kapitalı 136,8 milyon laridir (86,184 milyon manat).
2026-cı il aprelin 1-nə “PAŞA Bank Gürcüstan”ın aktivləri 669,046 milyon lari (421,499 milyon manat) təşkil edib. Bu, illik müqayisədə 4,5% və ya 31,5 milyon lari azalma deməkdir.
Bankın kredit portfeli isə artım nümayiş etdirib. Müştərilərə verilmiş xalis kreditlərin həcmi 417,279 milyon lariyə (262,886 milyon manat) çatıb. Bu göstərici illik müqayisədə 7,8 % və ya 30,2 milyon lari artım deməkdir. Belə ki, ötən ilin eyni dövründə kredit portfeli təxminən 387,1 milyon lari təşkil edib.
Hesabat dövründə bankın öhdəlikləri 9% azalaraq 524,973 milyon lariyə (330,733 milyon manat) düşüb. Depozitlərin həcmi isə 13,3% azalaraq 426,731 milyon lariyə (268,841 milyon manat) enib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə depozit portfeli təxminən 492,2 milyon lari təşkil edib.
“PAŞA Bank Gürcüstan” 2013-cü ildən fəaliyyət göstərir. Törəmə bankın səhmlərinin 85,1%-i “PAŞA Bank” ASC-yə, 14,9%-i isə “PAŞA Holdinq” MMC-yə məxsusdur.