2000 dollarla Amerikaya gedib süni intellekt şirkəti quran azərbaycanlı

Redaktor

13.04.2026 09:40
7,761

2000 dollarla Amerikaya gedib süni intellekt şirkəti quran azərbaycanlı - Müsahibə 

14 ilə yaxın ABŞ-də maliyyə sahəsində işləyib. Məktəb illərindən isə paraleldə texnoloji sahədə də fəaliyyəti olub. Zamanla maliyyə və texnologiyanı birləşdirən bir biznes qurub. Deyir ki, ABŞ-da karyeranın başlanğıcı heç də asan olmayıb.

Valyuta.az-ın müsahibi ABŞ-da süni intellekt sahəsində korporativ təlimlər verən və süni intellekt məhsulları olan “Flowlyst” şirkətinin təsisçisi Əziz Ağayevdir.

- Əziz bəy, süni intellekt sahəsində məhsulları olan bir şirkətiniz var. Təhsiliniz və karyeranızda maliyyə istiqaməti daha çox olub. Texnoloji istiqamətə maraq nə zaman yaranıb?

- Mən 2000-2004-cü illərdə Azərbaycan İqtisad Universitetində (UNEC) maliyyə uçotu ixtisasını oxumuşam, amma məktəb vaxtımdan marağım hər zaman kompüter proqramlaşdırmasına olub.

- Əslində, o dövrlərdə təhsil alan şəxslərin bir qisminin texnoloji sahəyə marağı olsa da, iqtisadi yönü seçiblər. Səbəb nə idi?

- 2000-ci ildə 16 yaşım var idi, texnologiya üzrə oxumaq və ya həkim olmaq istəyirdim. Ailəmin yönlədirməsi ilə iqtisadiyyat üzrə oxudum. Valideynlərim dedi ki, orada yaxşı karyera qura bilərsən. Bakalavrdan sonra mühasibat uçotu, audit ixtisası üzrə magistr təhsili aldım. Düşünürəm ki, düzgün yönləndirmə olub. 14 ilə yaxın ABŞ-da maliyyə sektorunda işləmişəm.

- Bəs proqramlaşdırmanı nə vaxt öyrəndiniz?

- Məktəbdə marağım olduğu üçün texniki sahəni müəyyən qədər öyrənmişdim. Universitet vaxtı proqramlaşdırma etməmişəm.

- Bəs universitet vaxtı hansı işlərdə çalışdınız?

- İşləməyə "Tarqovı"da "semiçka" satmaq ilə başlamışam (Gülür). Təbii ki, anladığınız kimi deyil, çərəz dükanında çərəz satırdım. Sadəcə semiçka da satdığımız üçün elə deyirəm. Onunla başladım, sonra xırda işlərə keçmişəm.
Tələbə vaxtı yay aylarında 2 ay BP-nin podratçısı olan şirkətdə tərcüməçi olmuşam. İngilis dilini yaxşı bildiyim üçün kurslarda ingilis dili müəllimi kimi işləyirdim.
Xırda işlərdə çalışmışam, amma karyera baxımından Azərbaycanda heç yerdə çalışmamışam.

- İngilis dilini yaxşı bilirdiniz. Bəs o zaman xaricdə təhsil, iş planınız var idi?

- Hər zaman Amerikaya, İngiltərəyə marağım var idi. Bakalavr təhsili üçün də ABŞ universitetlərinə müraciət etmişdim. Sadəcə yaxşı universitetlərdən qəbul almadığım üçün Azərbaycanda təhsilimi davam etdirdim. 2006-cı ilin əvvəlində, qış aylarında İngiltərəyə köçdüm və orda olarkən “Green card” uddum və yoldaşımla birlikdə Amerikaya köçdük.

- Ölkə xaricinə getməkdə məqsədiniz nə idi?

- Maraqlı sualdır (Gülür). Hər zaman marağım olub. 8-ci sinifdən İngilis dilində danışa bilirdim. Bir xarici dil öyrənmək həmin ölkənin mədəniyyətini də, yaşayışını da öyrənmək deməkdir. Bəlkə ingilis dili biliyim olduğu üçün bu istək yaranmışdı.

- ABŞ-a köçəndə karyeranızın başlanğıcında olmusunuz. Bu dönəmdə o qədər də ehtiyat pul olmur. Nə qədər pul ilə getmişdiniz?

- Amerikaya 2 min dollarla gəlmişdik. Evimizi tutduq, bir də 1984-cü ilin maşınını aldıq və pulumuz bitdi. İş axtarmağa başladım. Yanacaqdoldurma məntəqəsində iş tapdım. İş axtara-axtara 1 il orda çalışdım və sonra ilk mühasib işini tapdım. 

- Bir il sizin üçün necə keçdi?

- 1 il çətin keçdi. Bəzən çörək, benzin almağa pulumuz olmurdu. Mühasibliklə yanaşı, tərcüməçilik kimi işlərə də müraciət edirdim. Özüm o təcrübəni keçdiyim üçün bura yeni gələnlərə deyirəm, Amerikanı öyrənmək çətin məsələdir. Amerikaya köçmədən əvvəl düşünməlisiniz. Azərbaycanda vəziyyətiniz necə olub, nə qədər pulunuz varsa, fərq etmir, Amerikaya köçdüyünüz 2-3 il "sürünmək ili" olacaq. Nəyin nə olduğunu anlamaq çətin olur. Ətrafınızda sizi yönləndirən şəxslərin olması vacibdir. 

- Siz gedəndə 2000 dollarınız var idi, tək deyildiniz və bilirdiniz ki, ABŞ üçün bu pul heç nədir. Araşdırmışdınız, nələri gözə almışdınız? 

- Heç nə, sadəcə başımızı götürüb getmişdik (Gülür). Həm də o vaxt indiki kimi deyildi, indi sosialda paylaşılır, səni nələr gözlədiyini araşdırmaq da olur. O vaxt Amerika güllük-gülüstanlıq olaraq görünürdü. “Hər kəsin maşını var” deyirdilər, cəlbedici gəlirdi. Gələndən sonra görürsən ki, burada maşın sadəcə vasitədir.

- Buna görə deyirlər ki, bəzi addımları atmaq üçün “cahil cəsarəti” lazımdır.

- İnsanın gərək hədəfi olsun. Hədəfsizlik çox pisdir. Mənim hədəfim yox idi. Tək hədəf Amerikaya getmək idi. Biz gəlib bura çatdıq. Sadəcə hədəfə çatdıqdan sonra boşluğa düşdük. 22 yaşımız var idi. Hələ heç nəyi başa düşmürdük, bizə kömək edən çox idi, amma bura gəldikdə kimsə doğru hədəfi seçmək barəsində nəsə demədi. “Niyə gəlmisən?” - deyən olmadı. İndi o sualı siz verdiniz, amma o vaxt onu verən yox idi. İndi sualın cavabı var, o vaxtı yox idi.

- Çörək almağa pulunuz olmayanda, qayıtmaq ağlınıza gəldi?

- Yox, heç vaxt. Önümüzə baxırdıq. Bir iş tapıb karyera qurmağa fokuslanmışdım.

- ABŞ-yə köçəndə olduğunuz mühit arzuladığınız kimi idi?

- Beynimdə necə olacağı ilə bağlı bir rəsm yox idi. Sadəcə müəyyən nüansları deyə bilərəm. Mənim ilk işim dövlət məktəbində oldu. Ortam amerikalılar idi. İngilis dilini bilirsən, amma onlarla eyni mühitdə böyüməmisən, o spesifik zarafatlarını bilmirsən. Dil mövzusunda ən önəmli, mədəniyyəti öyrənməkdir. Məsələn, biz Azərbaycanda danışdıqda öz filmlərimizdən sitat gətirərik. Burada “Friends”, “Office” kimi köhnə seriallarından sitatlar gətirirlər. Mühitə düşəndə, gərək bunları öyrənəsən.

- ABŞ-dakı məktəbdə ilk işiniz nə oldu?

- Filadelfiyada yerləşən məktəbdə maliyyə müdiri kimi başladım. 3 il orda işlədim. Sonra Boston şəhərinə köçdük, 2021-ci ilə qədər fərqli məktəblərdə maliyyə sahəsində işlədim. Sonra artıq konsultasiyaya başladım. Məktəblərin biznes menecerlərinə, maliyyə müdirlərinə maliyyə işinin avtomatlaşdırması ilə bağlı təlimləri verməyə başladım.

- Bəs texniki sahələrdə iş axtarırdınız, yoxsa hobbi kimi qalırdı?

- Hər zaman hobbi kimi saxlayırdım. Məktəblərdə maliyyə məsələsinə baxırdım, amma paraleldə maliyyədə müəyyən işləri avtomatlaşdırmaq üçün developer kimi fəaliyyətim var idi.

- Niyə konsultasiyaya yönəldiniz?

- 2018-ci ildən konsultasiyalar edirdim, amma aktiv şəkildə etmirdim. Amerikada məktəblərdə CFO-ların (Maliyyə rəhbərlərinin) toplaşdığı konfranslar olur. Hamı orada bir-birinə təlim, seminar verir, sessiyalar olur. 2019-cu ildə yoldaşımın məcburi səyi nəticəsində ora sorğu göndərdim, qəbul etdilər. İlk dəfə orda avtomatlaşdırma üzrə təlim verdim. Hələ də xatırlayıram, insanlar təlimə toplaşmağa başlayır, girdim 10-15 nəfər var, dedim bitəcək yola verib çıxacam. Sonra gördüm sinif doldu, insanlar arxada ayaq üstə dayandılar. Sonra ora da doldu, gəldilər qarşımda yerdə əyləşdilər. Həyəcanlandım, heç vaxt belə olmamışdı. Gözümü yumub geçdim.
Təlim bitdi, dedilər sabah bu təlimin eynisini edə bilərik? Sabah da eyni mənzərə baş verdi. Sonradan artıq təkliflər gəldi və bu sahədə davam etdim.

- Bu gün konsultasiya işində təksiniz, yoxsa komanda qurmusunuz?

- Yeni başlayanda, tək idim, amma indi bir komanda var.

- Hazırda konsultasiya işindəsiniz?

- Konsultasiya tərəfini azaltmışam, əsasən proqramlaşdırma ilə bağlı layihələrə fokuslanmışıq. Orda komandamız var. Süni intellekt sahəsində korporativ təlimlər veririk. Maliyyə işində avtomatlaşdırma ilə bağlı süni intellekt proqramlarımız var, onları satırıq.
Bu gün hədəfim süni intellektdir. Aİ-in fərqli sahələrdə tətbiqini öyrənirəm və onları şirkətimiz vasitəsilə tətbiq etməyə çalışırıq.

- ABŞ-da eviniz var?

- 2009-cu ildən sonra ABŞ-da dövlət hər ev alana 8000 vergi yardımı verirdi. 200.000 min dollarlıq ev alanda, 10 000 dollarlıq ilkin ödənişin 8000 dollarını  dövlət verirdi. Nəticədə 2000 dollarla evin içinə girmiş olurduz. Təbii ki ipoteka ilə götürürdük, ödəmələr davam edirdi. 

O zaman bir ev aldıq, lakin çox yaşamadan oradan koçdük. Qısa müddət içində o evi satdıq. 2017-ci ildə ikinci evimizi almışdıq. O vaxta qədər kirayədə qalmışıq.

- Əslində, başlanğıclar asan olmur. 

- Biz hər kəsə deyirik, uzun müddət işlənmiş ikinci əl əşyalarla həyatımızı davam etdirmişik. Çünki onu etməsəydik, indi rahatlıq əldə edə bilməzdik. İnsanların ən böyük səhvlərindən biri odur ki, Amerikaya gələn kimi hər şeyin mükəmməl olmasını gözləyirlər. Özlərini Amerikada 20 il yaşayan insanlarla müqayisə edirlər. Amma 10 il öncəki vəziyyətimizi müqayisə etsələr, ağlayarlar. Zaman lazımdır və yola çıxmısansa səbirli olmalısan.

- İnsan düşünür ki, gedib işləyəcəm, hər şey yaxşı olacaq, amma başlanğıclar rahat olmur.

- Sosial medianın sevmədiyim yönü insanların həyatlarının mükəmməl görsənməsidir. Ona görə bura gələnlərə deyirik ki, yalnız gözəl şeyləri paylaşmayın, hər şeyi paylaşın. Ətrafımızda paylaşanlar var ki, hər şey yaxşıdır, amma realda bilirik ki, vəziyyətləri həqiqətən yaxşı deyil. Çətinliyi görmədən insanlar gəlir, sonra xəyal qırıqlığı yaşayır. Yenidən Azərbaycana geri dönürlər.

- Əvvəl dediniz gələn şəxslərə məsləhət veririk. Geriyə dönüb baxdıqda, nəyisə dəyişmək istəyərdiniz?

- Çox şeyi, əsas netvorkinqi deyərdim. Netvörkinq etməyə çalışmışam, amma yanlışım axtarış etməməyimdir. Amerikanın mədəniyyətinə alışmaq, necə davranmaq lazım olması və s. ən zəif nöqtəmiz olub. Ancaq azərbaycanlılarla gediş-gəliş yaratmışıq. Bir daha bura gəlsəydim, əsas mədəniyyəti öyrənərdim. 

- Mühitə düşməyi nəzərdə tutursunuz?

- Tək mühitə düşmək deyil, Amerikada yaşamağı öyrənmək.

- Gediriksə azərbaycanlı kimi yox, amerikalı kimi düşünməli, işləməliyik?

- Azərbaycan kimliyi fərqli, həyat tərzi başqa şeydir. İnsanların həyat tərzini öyrənmək, onlarla necə rəftar etməyi öyrənmək fərqlidir. Bəzən yanlış anlaşılır. Biz vətənimizi, mədəniyyətimizi, kimliyimizi itirmək istəmirik. Bunu Amerika səndən istəmir də. Amerikanın gözəlliyi budur ki, hər kəs öz mədəniyyəti ilə böyüyür. Sadəcə necə yaşamaq lazım olduğunu öyrənmək lazımdır. Məsələn, sizə həftə ərzində poçtdan neçə məktub gəlir?

- Şəxsi heç nə, bəzən işlə bağlı gəlir… 

- Amma bizə həftədə 100-ə yaxın bank, elektrik, iş yeri, reklam və s. ilə bağlı məktub gəlir. Bəzən onların içindən çıxmaq olmur. Mən bundan danışıram. O məktub gəlmək mədəniyyəti nədir? İnsanlar bir-biri ilə necə rəftar edir? Bunun kimliyini itirməklə bağlı əlaqəsi yoxdur.
Burda ətrafımdan “Əziz haralıdır?” soruşsanız, çoxu azərbaycanlı olduğumu biləcək. Kimliklə, yaşam tərzini öyrənmək ayrı şeydir.

- 20 il olacaq ki, ordasınız. Orada özünüzü xoşbəxt hiss edirsiniz?

- Məncə, insanın harada olduğu vacib deyil, ətrafında olan insanlarla xoşbəxt olur. Mən ailəmlə xoşbəxtəm, onlarla olduğum müddətcə mənə harada oluramsa-olum rahatdır. Hazırda Amerikada olmağımdan məmnunam? Biz demək olar ki, burda böyümüşük. Karyera necə qurulur, iş prosesini burdan öyrənmişik. 40 yaş və 20 yaş arasında bura gəlmək fərqlidir. 40-dan sonra çətindir.

- Azərbaycana gəlirsiniz?

- Bəli, bəzən ildə bir, bəzən 2 ildən bir gəlirəm.

- Dostlarınızla əlaqələriniz qalıb?

- Bəli, Azərbaycanda dostlarım var. Elə dostlarım var ki, 7-8 il danışmamışıq, yalnız mesaj vasitəsilə ilə bir-birimizlə xəbərləşmişik. Ancaq bir araya gələndə, artıq o görünmür. Bir dəfə Azərbaycana gələndə, bir dostumla ailəvi görüşmüşdük. Onun yoldaşı sonra soruşub, "Necə olur 10 ildir bir-birini görmürsünüz, ancaq bu qədər güclü dostluğunuz var, oturan kimi hər gün görüşən dostlar kimi söhbətə başladınız”. O bağ heç vaxt bitmir.

Aygün Asimqızı

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...