24 ildir gəlirinin bir hissəsini xeyriyyəyə ayırır - Restoran sahibinin hekayəsi

Redaktor

01.04.2026 09:40
231

24 ildir gəlirinin bir hissəsini xeyriyyəyə ayırır - Restoran sahibinin hekayəsi - Müsahibə

29 yaşında 80 yaşına kimi həyatının planını qurub. İndi planlarından biri olan sosial sahibkarlıq restoranını işlədir. Bu gün həssas qrup nümayəndələri - şəhid xanımları, dul analar və gənclər ilə birlikdə qurduğu komanda ilə xeyriyyə işləri görür, restoran biznesini idarə edir.
Valyuta.az-ın müsahibi sosial sahibkarlıq restoranı olan “Düşbərə evi”nin təsisçisi 53 yaşlı Yeganə Mirzəyevadır.

- Yeganə xanım, Azərbaycanda ilk sosial sahibkarlıq restoranı - “Düşbərə evi” necə yarandı?

- “Düşbərə evi”nin restoran olmadan əvvəlki tarixi gənclik yaşıma gedib çıxır. Əvvəl inkar etsəm də, sonradan “Quran”da bir ayə məni çox cəlb etdi: “Siz insanlar içərisindən çıxarılmış ən xeyirli ümmətsiniz, yaxşı işlər görməyi əmr edir, pis işlərdən çəkindirirsiniz”. O vaxt məktəbdə müəllim işləyirdim. Düşündüm ki, mən kasıblardan çox tələbələrə dəstək olmalıyam. 29 yaşımda qeyd dəftərimdə yazdım ki, mənim Azərbaycanda bir vəqfim olacaq və tələbələrə dəstək olacağam. İlk olaraq tələbələrə kitab yardımı ilə başladıq. İnanın ki, kitab almağa pulum yox idi, amma pulumu yığırdım, neçə aydan bir kitab alırdım və o cür başladım. Sonradan pul toplayıb universitetlərə hazırlaşan abituriyentlərin hazırlıq pulunu ödəyirdik. Öz pulum olmadan dost-tanışa deyirdik, pul toplayırdıq.

- “Düşbərə” restoranı necə yarandı? Çünki iş qurmaq üçün əvvəl əlinizdə xüsusi maliyyəniz olmayıb.

- İlk düşbərə büküb satmağa evimdə başladım. Rəfiqələrimi, tələbələrimi toplayıb düşbərə və dolma bükürdük. Oradan gələn pullarla boyalar, printer, laminasiya maşını aldıq. Metroda, avtobusda mənəvi dəyərləri əks etdirən ifadəli kartlar paylaşırdıq. İlk belə deyə bilərəm ki, düşbərə ilə icma qurduq. Elə 29 yaşımdan xanımlarla düşbərə bükdük və satdıq. Gəliri ilə isə xeyriyyə məqsədli xərcləyirik. İndi o qədər xanım düşbərə bükür ki...

Hər zaman bükdüyümüz düşbərələri satırdıq, sonra qərar verdik ki, öz restoranımız olsun, orda da birişib satışını edək gəlirini xeyriyyəyə xərcləyək.

Restoranı açmaq üçün maliyyəmiz yox idi, 160 min manat lazım idi. Bir neçə dostumuzun dəstəyi ilə o məbləği tamamladıq və ötən il martda açdıq.

- Bükdüyünüz düşbərələr ancaq restoranda satılır?

- Əsas satışımız öz restoranımızdadır. İndi çox gözəl insanlar var ki, “Qoç ət”, “Başkent”, “Fıstıq” - onlar düşbərələri bizdən alırlar. Sırf ona görə edirlər ki, burada həssas qrup nümayəndələri dirçəlsinlər. Satışımız da yaxşı insanların sayəsində olur, müştərilər də əsasən sosial dəyər üçün gəlirlər.

- Sizin restoranda belədir ki, gəlirin bir hissəsi xeyriyyə məqsədli xərclənir. Kimlərə dəstək olursunuz?

- “Düşbərə evi”nin gəlirlərinin 20 faizi həssas qrupdan ibarət komandanın psixoloji qrup terapiyaları, şəxsi inkişaf təlimləri, kouçinq və mentorluq sessiyaları, iş təcrübəsi və peşə bacarığı olmayan dul anaların təcrübə proqramı xərclərinin qarşılanması üçündür. Gəlirin 40 faizi müəssisənin, 40 faizi isə sosial layihələrin inkişafı üçün nəzərdə tutulub.

- “Düşbərə evi”nin fəaliyyətində təhsilə dəstək necə həyata keçirilir?

- Fikirləşdik ki, atası dünyasını dəyişmiş bir çox uşaq əvvəlcədən hazırlığa gedə bilmir, ailədə çətin durum olduğu üçün 10-11-ci sinifdə çətinlik yaşayırlar. Ona görə, ilk olaraq “Düşbərə evi” ilə atası dünyasını dəyişmiş uşaqlara, abituriyentlərə dəstək olmağa başladıq. Ona görə də biz düşbərənin pulunu repetitorluq üçün ayırdıq. İlk vaxtlar biz bir neçə sosial sahibkarlıq layihəsi də həyata keçirmişdik. “Düşbərə evi”nin prinsipləri ilə biz növbəti addımda akademik təhsil üzərindən də dəstək vermək istəyirik.

- “Düşbərə evi” sizin üçün nəyi ifadə edir?

- “Düşbərə evi” mənim üçün insan laboratoriyasıdır - insanların özlərini tapmaq, kəşf etmək üçün bir məkandır. İstər ofisiant kimi çalışan tələbələr, istərsə də işləyən xanımlarımızın 99%-nin ilk iş yeridir. Neçə ay özüm onlarla bərabər düşbərə bükmüşəm, bir yerdə mətbəxdə işləmişəm. Missiya yaxşılarla bərabər yaxşılığa dəstək olmaqdır. Hazırda borclarımız var. Həmin borcu ödədikdən sonra akademik təhsilə dəstək verəcəyik.

- Müştərilər biləndə ki, bu restoran sosialdır, reaksiyaları necə olur?

- Azərbaycan xalqının mərhəmətinə heyranam. Xalqa bir dənə qığılcım lazımdır ki, hamı yaxşılıq etməyə qaçsın. Bura da bir müştəri gəlir, dalınca başqa müştərilər gətirir. Yayda çox çətin idi. Dostların köməyi ilə borc alırdıq, kirayəni, işçilərin maaşını ödəyirdik. Qışda artıq qaydasına düşdü.

- Maliyyədən başqa hansı çətinlikləriniz oldu?

- Sosial sahibkarlığın müəyyən qaydaları var. Biz sosial sahibkarlıqda iki hissəni də üzərimizə götürmüşük. Çalışanlar sosial qrup nümayəndələridir və bu, çox çətindir. Peşəkarlarla çalışmadığımız üçün işimiz çox çətin olur. Çünki hər sahədə ilkik. Məsələn, buranın təmirində dizayner və memarımızın ilk işi idi. Bir yerdə ChatGPT ilə oxuyurduq ki, nəyi necə edək? Aramızda peşəkar yox idi.

- Neçə ildir ki, sosial fəaliyyətlərlə məşğulsunuz?

- Artıq 24 ildir ki, bu işlərlə məşğulam. İctimai həyata 29 yaşımdan başlamışam, indi 53 yaşım var.

- Bu müddət ərzində sizi xüsusilə təsirləndirən bir hekayə olubmu?

- İnsan yıxılır, düşür, geridönüş qorxuları olur. Günlərin birində işə gəlmişəm, hər şey çox çətin dövr idi və beynimdə çox suallar var idi. İşə gələndə, bir əməkdaşımız mənə dedi ki, sizi təbrik edirəm. Narahat oldum ki, nə isə olub? Dedi ki, ora baxın, görün nə qədər insan evinə ruzi aparır. Özümdən utandığım vaxtlar olub ki, sən necə belə bir çətinlikdən qorxa bilərsən? Qorxum, qaçışım olurdu, amma komanda olaraq biri düşəndə biri tutur.

- Heç olubmu ki, bu ideyadan vaz keçmək istəmisiniz?

- Bəzən kollektiv üzvləri bir-biri ilə ünsiyyət qura bilməyəndə, problemlər yarana bilirdi. Bu zaman həmin şəxsləri psixoloqa yönləndirirəm. Bilgi olmayanda, ünsiyyət olmayanda, bu məni çox təsirləndirirdi ki, sən sevgini yaya bilmədin. Çünki sevməyə və sevilməyə ehtiyacımız var. Artıq düşünürəm ki, mübahisə də olacaq, anlaşılmazlıq da. Məsələ onu həll etmək qabiliyyətidir. Artıq problem gələndə, narahat olmuram. Problem adrenalin verir. Bərabər düzxətli həyat ritmi çöküş verir, vərdiş çökdürür. Problem gələndə yeni bir istiqamət, həll olduğu deməkdir.

- Kollektivinizdə daha çox gənc var…

- Gənclər çox gözəl motivasiya edirlər. Çünki onlar inanırlar. Bu işdə də inanmaq lazımdır. Gənc mənə inanır, mənim nəyisə etməyə inancım sönəndə, mənə dediklərimi xatırladır: “Axı siz belə demişdiniz”. Mən baxıram ki, bu insan sənə inanır, sən özün özünə necə inanmırsan? Motivasiyam inanan insanların gözləridir.

- Hazırda neçə xanım düşbərə bükür?

- Bir ovuc insan idik. 1, 3, 5, 8 nəfər olduq və zamanla artdı. İndi bilmirəm ki, neçə xanım düşbərə bükür. Tanımadığım o qədər insan görürəm. Bir neçə dəfə birliklər olub dağılıb. Gənc olmuşam, insanlarla ünsiyyətdə çətinliyim olub. Təbii ki, əvvəl başqalarını günahlandırırsan ki, məni anlamırlar. Amma bir yaşa gəlib çatanda görürsən ki, problemlər sənin özündə olur. 

- Bu əməkdaşlar əsasən Bakı şəhərindən idilər, yoxsa regionlardan da var?

- Regiondan iş tapa bilməyən xanımlar olur ki, gəlib burada kirayədə qalırlar. Bakı kəndlərindən iki saat yol gəlib işləyən xanımlar da var. İlk başlayanda bir xanım yalnız yol puluna gəlirdi. Xanımlarımız var ki, iki aydan sonra maaşı 700 manatı keçir. Elə xanım da var ki, aylarla 300 manat gəlir əldə edir. Burada mənim əsas dərdim odur ki, hər kəs zəhmətinin müqabilini almalıdır. Kim nə qədər məhsul verirsə, o qədər də ödəniş alır.

Üstəlik, biz həssas qrup nümayəndələri ilə çalışırıq. Onların evdən çıxması belə bəzən problem olur. Evdən çıxmaq, işləmək istəmirlər. “Alınmayacaq, mən bacarmayacam” deyirlər.

Mənim ən çox mübarizə apardığım söz də budur: “bacarmayacam, məndə alınmayacaq”. Halbuki bacarmaq istəyə bağlı olan bir şeydir.

- Hazırda dəstək göstərdiyiniz şəxslər bu gün nə ilə məşğuldurlar, haradadırlar? Onların uğur hekayələrini izləmək sizdə hansı hissləri yaradır?

- Təbii ki, sevinirəm. Çünki başladığım bir işdə o insanın mənfisində də, müsbətində də payım var. Qəbul etsək də, etməsək də, insanın ən böyük ehtiyacı lazım olmaqdır. Mən lazımam, mən faydalıyam.

- Siz Bakı Dövlət Universitetinin müəllimisiniz, bu istiqamətdə fəaliyyətiniz davam edirmi?

- Mən Bakı Dövlət Universitetində 1998-ci ildən çalışıram. Klassik ədəbiyyat üzrə doktorluq mövzusu götürdüm və 2015-ci ildən bu istiqamətdə işləyirdim. Fars və ərəb dillərini öyrənirdim, dil biliklərimi artırırdım ki, klassik ədəbiyyat üzərində işləmək üçün bu biliklər lazım idi. Doktorluq işini götürəndən sonra kompüterim yandı və heç cür düzəlmədi. Onda düşündüm ki, başqa bir missiyam olmalıdır. Ərizə yazıb İlahiyyat fakültəsinə keçdim və İslamşünaslıq Elmi Tədqiqat Mərkəzində aparıcı elmi işçi kimi çalışmağa başladım. O zaman düşündüm ki, üzərimdə başqa bir missiya var və onun axtarışına başladım.

- İşləri necə çatdırırsınız?

- İllik planlarımı yazıram. 29 yaşımda 80 yaşıma qədər planımı yazmışam: 80 yaşında nə qazanmağı düşünürsən, buradan gedəndə necə xatırlanacaqsan? Onun planı var və həyat o plana doğru gedir. Bölgüyə əsasən bütün kainatın sənə yardım etdiyinə heyran qalırsan. Biz ötən il martın 1-də - Ramazan ayında “Düşbərə evi”nə başladıq. Çox çətin idi. Dərs yüküm çox idi. Dərs saatları axşam növbəsinə düşürdü. Evə gedib yenidən dərs oxuyurdum. Dərsdən çıxıb “Düşbərə evi”nə gəlirdim. Yayda bilirdim ki, xəmir məhsulları az gedəcək, ona görə yayı təlimlərə ayırırdım. Gənclərlə dağa çıxırdıq. İldə bir dəfə dağa gedib illik proqramımı və enerjimi toplamağa çalışıram.

- Əvvəlki Yeganə xanımla indiki Yeganə xanım arasında necə bir fərq görürsünüz?

- Daha sakit, daha yorğunam. Böyümüşəm. O vaxt daxili səsim deyirdi ki, et. Amma niyə etdiyimi bilmirdim. Bu gün artıq nəyi niyə etdiyimin fərqindəyəm. 40 yaşdan sonra bunun fərqinə vardım. Əvvəllər etmək lazım idi, edirdim. Mən əvvəl restoran nədir bilmirdim. Heç kim də demirdi ki, bunu etsən alınacaq. Deyirdilər ki, “bu ərazidə müştəriniz olmayacaq”. Ləvazimatları alanda oturub ağlayırdım ki, induksiya ilə digər sobaların fərqi nədir? Bir-bir qaz plitələrini, firmaları öyrənirdim. Orada təlim-tədris mərkəzi, yanında kiçik mağaza açmışdıq. Ora gələnlərin çoxu həkim idi. Sonradan analiz edəndə gördüm ki, “Cığır” özü də şəfa deməkdir.

- 5-10 il sonra “Düşbərə evi”nin gələcəyini necə görürsünüz?

- “Düşbərə evi”ndən sonra arzum uşaq bağçasında müəllim işləməkdir. Mən qurucu və ötürücüyəm. Mən onu görürəm ki, gələcəkdə filiallar olacaq, Bakının kəndlərində istehsal sexləri açılacaq.

- İnsanlar həm yaxşılıq edib, həm də düşbərə yemək istəsələr, sizi harada tapa bilərlər?

- "Düşbərə evi" sosial sahibkarlıq restoranı və yarımfabrikat satış nöqtəsində.

Sərvanə Rəmixanova

Fotolar: Rəşad Mehdiyev

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...