Redaktor
300 manata ikinci əl, yoxsa 500 manata yeni məhsul almaq sərfəlidir?
Son illərdə ikinci əl məhsul bazarında əvvəlki dövrlərlə müqayisədə müəyyən dəyişikliklər müşahidə olunur. Vaxtilə insanlar daha çox büdcəyə qənaət etmək üçün ikinci əl məhsullara üstünlük verirdilərsə, indi bir çox alıcı əlavə məbləğ ödəyərək yeni məhsul almağa çalışır. Maraqlıdır, bu gün ikinci əl məhsullara maraq həqiqətən azalıbmı və insanlar niyə bu bazardan uzaqlaşmağa başlayıblar?
Satınalma üzrə ekspert Seymur Hüseynov Valyuta.az -a bildirib ki, əvvəlki illərlə müqayisədə ikinci əl məhsullara olan ehtiyac müəyyən qədər azalsa da, bazar tam zəifləməyib:
“Bunun əsas səbəblərindən biri insanların kredit və hissəli ödəniş imkanlarına daha rahat çıxış əldə etməsidir. Əvvəllər insan məcbur qalıb ikinci əl məhsul alırdısa, indi bir çoxu bir az artıq ödəyib yenisini almaq düşüncəsinə üstünlük verir. Digər tərəfdən, bazarda ucuz yeni məhsulların çoxalması da ikinci əl bazarına marağı azaldıb. Amma buna baxmayaraq, avtomobil, mebel, telefon və bəzi texnika kateqoriyalarında ikinci əl bazarı hələ də aktivdir”.
Onun sözlərinə görə, insanların ikinci əl məhsul almaq istəməməsinin əsas səbəblərindən biri etibar problemidir: “Alıcı məhsulun nə qədər istifadə olunduğunu, gizli problemi olub-olmadığını tam bilmir. Xüsusilə elektronika və məişət texnikasında sonradan yaranan problemlər insanlarda mənfi təcrübə formalaşdırıb. Bundan əlavə, yeni məhsullarda zəmanət, servis və daha uzun istifadə imkanı olduğu üçün insanlar özlərini daha təhlükəsiz hiss edirlər”.
O qeyd edib ki, “ikinci əl məhsullar tez sıradan çıxır” fikri hər zaman doğru yanaşma hesab edilə bilməz: “Bu, tamamilə məhsulun necə istifadə olunmasından və keyfiyyətindən asılıdır. Bəzi keyfiyyətli markaların ikinci əl məhsulları illərlə problemsiz işləyir. Bazarda kosmetik olaraq yaxşı göstərilib, texniki cəhətdən köhnəlmiş məhsullar da çoxdur. Buna görə insanlar belə qənaətə gəlirlər. Yəni məsələ ikinci əl olmasında deyil, məhsulun vəziyyətindədir”.

Ekspert hesab edir ki, 300 manata ikinci əl, yoxsa 500 manata yeni məhsul almağın sərfəli olması məhsulun növünə görə dəyişir: “Əgər ikinci əl məhsul keyfiyyətli, yaxşı vəziyyətdə və uzunömürlüdürsə, 300 manat daha sərfəli seçim ola bilər. Amma risk yüksəkdirsə, zəmanət yoxdursa və yaxın zamanda əlavə xərc çıxarma ehtimalı varsa, 500 manata yeni məhsul almaq daha məntiqli sayılır. İnsan artıq təkcə qiymətə yox, rahatlıq və təhlükəsizlik faktoruna da baxır”.
Sonda ekspert ikinci əl məhsul alarkən diqqətli olmağın vacibliyini vurğulayıb: “İlk növbədə məhsulun texniki vəziyyəti yoxlanmalıdır. Mümkünsə, işlək vəziyyətdə test edilməlidir. Satıcının etibarlılığı, məhsulun istifadə müddəti, təmir tarixçəsi və bazar qiyməti müqayisə olunmalıdır. Elektronika alarkən batareya, mühərrik və əsas detallar diqqətlə yoxlanmalıdır. Bundan əlavə, çox ucuz qiymətə satılan məhsullara qarşı ehtiyatlı olmaq lazımdır. Çünki bazar qiymətindən həddindən artıq aşağı qiymət əksər hallarda problem göstəricisi olur”.
Rəfiqə Abdin