Anasına gəlir yeri yaratmaq üçün biznes qurdu və uğur qazandı

Redaktor

16.03.2026 09:45
30,811

Anasına gəlir yeri yaratmaq üçün biznes qurdu və uğur qazandı - MÜSAHİBƏ

Anasına gəlir yeri yaratmaq üçün iş qurmaq qərarı verdi və bu ideya zamanla uğurlu bir biznesə çevrildi. Sıfır büdcə ilə başladığı biznesi ilə həm sahibkarlıq yoluna addım atdı, həm də ailəsinə dəstək oldu. Söhbət kompüterlər üçün əl işi çantalar hazırlayan “Macbag” brendinin yaradıcısı Gülnaz Salamovadan gedir.

- Gülnaz xanım, təhsiliniz hansı istiqamətdədir?

- 1998-ci ildə Bakı şəhərində anadan olmuşam. Biləcəridə 299 nömrəli məktəb-liseydə oxumuşam. “Neft-energetika” kollecinini Biznesin idarə olunması, marketinq bölməsi üzrə bitirmişəm. Kiçik bacım universitet oxumaq istədiyi üçün və eyni vaxtda hazırlaşdığımıza görə maddiyat imkan vermirdi, buna görə də, mən kollec oxumağı seçdim.

- Bəs iş həyatınıza nə zaman başlamısınız?

- Elə kollecdə oxuduğum dönəmdən işləməyə başladım. Marketdə brend tanıdıcı kimi işləmişəm. Dərsdən sonra yarımştat işləyirdim. Çətin vaxtlar idi.  Səhərlər saat 7-də evdən çıxıb axşam 11-də evə qayıdırdım.



- Belə yanaşaq ki, hər bir təcrübə insana nə isə qatır...

- Əslində, orada işləməzdən əvvəl çox utancaq biri idim. Həmin iş mənə utancaqlığımı aşmağa kömək etdi. Əvvəl insanlara yaxınlaşmağı bacarmırdım. Sonra isə düşündüm ki, elə də çətin deyil. Ala biləcəyim ən pis cavab sadəcə “yox” ola bilər.

­- Təhsilinizi başa vurandan sonra harda çalışdınız?

- Universiteti bitirdikdən sonra “Artmood” şirkətində ofis meneceri kimi 2 il işlədim. Burada olduğum müddətdə rəhbərimiz Xəyalə Mütəllimovanın məsləhətlərinin də mənə qatqısı olub. Eyni zamanda rəfiqəm Əfşan Hüseynova mənə dizaynı öyrədib. Buradan ayrıldıqdan sonra “Portal Games”də dizayner kimi işə başladım. Burada da bəxtim gətirdi ki, marketing menecerimiz və şirkətin CEO-su Nicat Əhmədov idi və əvvəllər özü də qrafik dizayner olduğu üçün mənə dizayn barədə çox şey öyrədib. Onun motivasiyalarının nəticəsi olaraq düşündüm ki, özümə biznes qura bilərəm.

O həmişə deyərdi ki, reklamın pisi yaxşısı olmaz. Həmçinin “Portal Games”in reklamla yox, dildən-dilə yayılıb tanınmasını istəyirdi.

Karantin dövründə “Dynamex Express” karqo şirkətinə keçdim. Həmin müddətdə 4-5 şirkət mənə təklif göndərmişdi və eyni vaxtda bir neçə şirkət üçün dizayner olaraq çalışdım. Həmin dövr mənim üçün çox uğurlu dövr oldu. Artıq ətrafım məni dizayner olaraq tanımağa başladı. Daha sonra karantin bitdi və mən təkrar “Portal Games”ə qayıtdım. Burada mühit çox yaxşı idi. Biz ailə kimi idik. Müdirimiz bizimlə çox səmimi davranırdı. Sonra evdən işləmək qərarı verdim. Bir il evdə olduğum müddətdə çox qərarlar verdim. Nə edəcəyim barədə düşündüm.

Hazırda isə “Push30” şirkətində dizayner kimi çalışıram, eyni zamanda da “Macbag”i qurmuşam.

- “Macbag”dan əvvəl hansısa bizneslə məşğul olmusunuz?

- İlk biznesi “Artmood”da işlədiyim vaxtda qurmuşdum. Əl işi olan qolbaqlar satırdım. Axşamlar işdən qayıtdıqdan sonra özüm hazırlayırdım və “sagu.acccesories”  “Instagram” səhifəsində satışlar edirdim. Həmin vaxt satışlardan qazandığım məbləğ öz maaşımdan daha çox idi. Səhərlər işə gedərkən çatdırılmanı metroda özüm edirdim. Səhifənin idarəsinə də özüm baxırdım. Artıq 10 min izləyici var idi.

İkinci biznes “Nazəndə” saç aksesuarları satışı olub. Burada olan məhsullar hazır alınıb satılır və hələ də davam edir. Reklamları özüm edirəm və satışlara əlavə iki nəfər baxır.



- “Macbag” ideası necə yarandı?

- Əvvəldən əl işlərinə və nəsə yaratmağa həvəsim olub. Əşyalarımda milli ornament olmasını çox sevirəm. Kompüter çantamda da ornament olmasını istəyirdim. İdeya belə yaranmışdı.

- Komandanız var, yoxsa işləri tək görürsünüz?

- Bəli, ilk dərzi anam olub. Əslində, bu biznesi yaratmağımın əsas səbəblərindən biri anam idi. Anamın dərzi bilikləri olduğuna görə və anam üçün gəlir yeri yaratmaq üçün bu işə başladıq. Anamın tikiş maşını yaxşı işləmədiyi üçün ona yeni maşın aldım. Beləcə biz bu işə başladıq. Əvvəllər çətin idi. Ölçüləri düzgün tikmək alınmırdı, çünki hər kompüterin ölçüsü fərqlidir. Daha sonra bunu aradan qaldırdıq. Hansının daha az, ya da çox satıldığını bildik. İkinci dərzi dayımın yoldaşı oldu. Bizim təklifimizi qəbul etdi. Daha sonra sifarişlər artdığı üçün bibimi də işə qoşduq. Hətta bibim dərzilik bacarmırdı. Toxuma bildiyi üçün daha sonra anam ona dərziliyi də öyrətdi. Marketinq sahəsində olduğum üçün loqonu özüm düzəltdim. Səhifəni və reklamları özüm hazırladım. İlk çantanı reklama qoyduq və yaxşı sifarişlər gəlməyə başladı. Sifariş sayı artdıqca komandanı böyütməli oldum. Kiçik qardaşımı da bu işə cəlb etdim. Bütün gün işdə olduğum üçün özüm tək çatdıra bilmirəm. Tələbə olduğu üçün qardaşıma da maaş verilir.



- Nə qədər büdcə ilə başlamışdız?

- Başlayanda sıfır büdcə ilə başlamışdım. Olan pulum 700-800 manat idi. Həmin pulla anama tikiş maşını aldım. Bütün parçalardan yarım metr alırdıq. Bəzi dükanlar parçanı ancaq 1 metr satdığını deyirdilər. Mən onlara deyirdim ki, mən sizin daimi müştəriniz olacam. Siz indi bunu mənə yarım metr versəniz, mən sabah bundan topla alacam. İşimi qurduqdan sonra isə mənə həmin yarım metr parçanı satmayan dükandan heç nə almadım. Ancaq hələ indi də mənə o parçanı satan dükandan alıram. Həmin vaxt mənə satış edənlərə demişdim ki, siz indi mənə yarım metr parçalar satırsız, mən sizə vaxt gələcək yaxşı gəlir qazandıracam. Hər ölçüyə uyğun çanta tikib, reklama qoyurduq. Sifarişlər gəlməyə başlamışdı.

- Bəs ilk satışlarda qiymətləriniz necə idi?

- İlk dəfə satışlara başlayanda baha qoymağa çəkindim. Birdən baha olduğu üçün satış olmaz deyə narahat olurdum. İlk dəfə 35 manatla başladıq. Bu bəlkə də səhv idi. Çünki mən dərzilərə maaş verməli idim. Bu maaşı öz işlədiyim işdəki qazancımdan verirdim. Ayın sonunda satışdan qazandığım pulu da dərzilərə verdiyim halda özüm heç nə qazanmırdım. Beləcə 1 ay sonra qiymətləri qaldırdıq. Hazırda çantaların qiyməti 55 manatdan başlayır. Xüsusi sifarişlər 90 manata hazırlanır.

- Bu işə başlayanda əsas çətinliklər nə idi?

- Böyük problemlər yaşamadıq, amma hər işdə olduğu kimi burada müəyyən çətinliklər oldu. Əsas hansısa parçanın tapılmaması idi. Bəzən satış olmayanda narahat olurdum. Bəzən reklam qoyulurdu, ancaq satış olmurdu. Onda düşünürdüm ki, əsas reklam deyil. Mən hələ daha çox tanınmalıyam.

Həmin vaxtlar özümdən çox dərziləri düşünürdüm. Demək olar ki, heç vaxt onların maaşını geçikdirməmişəm. Qazanc olmadığı vaxtda öz maaşımdan vermişəm.

Bəzi təcrübəsizliklər də çətinlik yaradırdı. Məsələn, mən ilk biznesimə başlayanda gecələr özüm əziyyətlə qolbaqları hazırlayırdım. Ancaq 6-7 manata satırdım. Bu qədər əziyyət üçün bu məbləğ az idi. Burdan ilk dərsimi götürdüm. Çünki mən artıq orada qiymətləri ikiqat edə bilməzdim. Burada yığılan kütlə də həmin qiymətə görə yığılmışdı. Nəticə də anladım ki, qoyulan qiymət əziyyətimə dəyəcək məbləğ olmalıdı. Bundan əlavə də, bir əşyaya insan nə qədər çox ödəniş etsə, o qədər dəyərli olur.

- Qurduğunuz iş bu gün nə qədər böyüyüb?

- Bu işə 2025-də başlamışıq. Düşünürəm ki, hələ tam istədiyim yerə çatmamışıq. Ancaq bəzən şəhərdə gəzəndə kiminsə əlində bizim çantanı gördükdə, bu mənə motivasiya verir. İstəyirəm ki, hər kompüteri olan şəxsin bir “Macbag”-i olsun.



- Bu işdə əsas motivasiyanız nədir?

- Mənim bu işə başlayanda əsas motivasiyam anam idi. Bu gün isə nəinki, anam, başqa anam kimi bacarıqları olan və gəlir yeri axtaran xanımların da burada qazanmasını istəyirəm. Qadınların əl işinin önə çıxması və tanınması mənim üçün əsasdır. İstəyirəm ki, bir gün bu biznes o qədər böyüsün ki, qadınların qurub yaratdığı brend kimi tanınsın. Çünki mən bu yerə qədər etdiyim hər iş və ideyanı qadınlar üçün nəzərdə tutmuşam. Hətta bir tanışım mənə sual vermişdi ki, səndə kişilər üçün heç nə yoxdu? Ancaq əlbəttə ki, bu işdə kişilər üçün olan dizaynları da artırmağı düşünürəm.

Dediyim kimi əsas motivasiyam kimsədən asılı olmaq istəməyən, buna ehtiyacı olan və işini sevə-sevə görən qadınların çoxalmasıdır.

- Öz biznesini qurmaq istəyən və sıfırdan başlayanlara məsləhətləriniz nədir?

- Başlamaqdan qorxmasınlar. Bir dəfə də olsa sınasınlar. Ən azından ürəklərində qalmasın. Yoxlamadan heç nəyi bilmək olmur. İnanıram ki, bir işə can yandıranda, onun alınmama ehtimalı yoxdur. Əgər buna sırf pul gözü ilə baxırsızsa, o iş çətin alınsın. Əsas məsələ önəmli bir boşluğa əl atmaqdır. Məsələn, irəli getdikcə düşünürdüm ki, mən düzgün addım atmışam. Bizim bu sahədə həqiqətən də boşluğumuz var idi. Gecələr yatanda belə yeni ideyalar haqqında düşünürdüm. Mənə görə ən əsas olan bir işi sevə-sevə görməkdir.

Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

BP Azərbaycan üzərindən yeni enerji dəhlizinin yaradılmasını təklif edib

02.04.2026

İran müharibəsi Rusiyaya milyardlarla dollar qazandırıb

02.04.2026

ABŞ çip istehsalı üçün kritik əhəmiyyət daşıyan neft məhsulunun ixracını kəskin artırıb

02.04.2026

50 il fasiləsiz iş: Alimlər atom enerjisi ilə işləyən batareya yaratdı

02.04.2026

Camid Mövsümov bank sədrinə müşavir təyin edildi

02.04.2026

Taksi sahiblərinin nəzərinə: Sığorta haqqı artırıldı

02.04.2026

Səhm niyə yüksəlir?

02.04.2026

Vüsal Aslanov onu rəis təyin etdi - FOTO

02.04.2026

Rabitəbank 4 nominasiya üzrə "Bankçılıq mükafatları - 2025"in qalibi olub ®

02.04.2026

Bakıdakı bağçalarda müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə tarix açıqlandı

02.04.2026

Gürcüstanda immiqrasiya vizası almaq istəyənlərə yeni TƏLƏB

02.04.2026

Dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb oluna bilər? - RƏSMİ

02.04.2026

Problemli kreditlərin həcmi 82 milyon manat artıb

02.04.2026

"Məhsulunun "Premium" olduğunu deyirsənsə, bunu sübut etməlisən"

02.04.2026

MİDA-da rəhbər vəzifəyə təyinat olub

02.04.2026

Bank sektorunda çalışanların sayı artıb - Rəqəmlər

02.04.2026
Azərbaycanda ən çox kredit verilən 10 iqtisadi rayon

Azərbaycanda ən çox kredit verilən 10 iqtisadi rayon - Siyahı

02.04.2026

“Instagram” “TikTok”u kopyalayır? - Oxşar dəyişikliklər

02.04.2026

Bank sektorunun xalis mənfəəti 6% artıb

02.04.2026

Bankların aktivləri 3,5 milyard manatdan çox artıb

02.04.2026

Məzənnə

Yüklənir...