Redaktor
“Anthropic”dən 1,5 milyard dollarlıq süni intellekt təşəbbüsü
ABŞ-ın aparıcı süni intellekt şirkətlərindən biri olan “Anthropic” “Wall Street”in iri maliyyə qurumları ilə birlikdə 1,5 milyard dollarlıq yeni ortaq layihəyə start verir. Layihənin əsas məqsədi özəl kapital tərəfindən dəstəklənən şirkətlər üçün xüsusi süni intellekt həlləri hazırlamaqdır.
Məlumata görə, təşəbbüs “Blackstone”, “Hellman & Friedman” və “Goldman Sachs” kimi investisiya nəhənglərinin iştirakı ilə həyata keçiriləcək. “The Wall Street Journal” nəşrinin yazdığına əsasən, “Anthropic”, “Blackstone” və “Hellman & Friedman” layihəyə hər biri təxminən 300 milyon dollar sərmayə yatıracaq. “Goldman Sachs” isə 150 milyon dollarlıq investisiya ilə təşəbbüsə qoşulacaq.
Bundan əlavə, “General Atlantic”, “Leonard Green”, “Apollo Global Management”, “GIC” və “Sequoia Capital” kimi tanınmış investisiya şirkətləri də layihəni maliyyə baxımından dəstəkləyir.
Yeni yaradılacaq şirkət regional banklar, xəstəxanalar və orta ölçülü istehsal müəssisələri üçün “Claude” əsaslı fərdi süni intellekt sistemləri hazırlayacaq. Bunun üçün mühəndis komandalarının birbaşa müəssisələrlə işləyəcəyi bildirilir.
Analitiklərin fikrincə, bu addım süni intellekt bazarında rəqabətin daha da gücləndiyini göstərir. Çünki “OpenAI” də son aylarda özəl kapital şirkətləri ilə oxşar istiqamətdə əməkdaşlığa başlayıb. Hər iki şirkət xərclərin optimallaşdırılması və məhsuldarlığın artırılması üçün süni intellekt texnologiyalarına ehtiyac duyan müəssisələri əsas hədəf kimi müəyyən edib.
Hazırda “Anthropic” korporativ süni intellekt həlləri bazarında lider şirkətlərdən biri hesab olunur. Şirkətin xüsusilə proqramlaşdırma üçün hazırladığı “Claude Code” alətinin gəlirlərinin sürətlə artdığı qeyd edilir. Bu artım fonunda “Anthropic”in yaxın aylarda birja siyahısına daxil olacağı da ehtimal edilir.
Tənzilə Ağabalayeva