Redaktor
Bütün pullarını itirən 7 müflis milyarder
Dünyanın ən varlı insanları belə müflis olmaqdan sığortalanmayıb. Bir vaxtlar milyardlarla dollarlıq sərvətə sahib olan bəzi iş adamları uğursuz investisiyalar, maliyyə fırıldaqları və iqtisadi böhranlar nəticəsində bütün pullarını itiriblər.
Siyahıda ABŞ-li investor Alberto Vilar, hindistanlı biznesmen Vijay Mallya, braziliyalı milyarder Eike Batista və məşhur Theranos şirkətinin qurucusu Elizabeth Holmes kimi tanınmış adlar yer alır.

Məqaləyə görə, Alberto Vilar bir vaxtlar milyardlarla dollar qazansa da, qiymətli kağızlarla bağlı fırıldaqçılıq ittihamı ilə həbs olunub və 10 il həbs cəzası alıb.

Hindistanın məşhur iş adamlarından biri olan Vijay Mallya isə aviaşirkətini ayaqda saxlamaq üçün banklardan böyük borclar götürdükdən sonra ölkədən qaçıb. Banklara borcu yaranan milyarder statusunu beləcə itirib.

Bir vaxtlar Braziliyanın ən zəngin şəxslərindən olan Eike Batista neft və mədən sektorunda qazandığı milyardları uğursuz layihələr səbəbindən itirib. Daha sonra o, korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə məhkum olunub.

Siyahıda ən diqqət çəkən adlardan biri də "Theranos" şirkətinin qurucusu Elizabet Holmsdir. O, Silikon Vadisinin ən uğurlu sahibkarlarından biri hesab olunurdu. Şirkət investorlardan milyonlarla dollar toplasa da, qan analizi texnologiyası ilə bağlı qalmaqaldan sonra fəaliyyətini dayandırıb və Holmes fırıldaqçılıqda ittiham olunub.

Məqalədə həmçinin qeyd olunur ki, bəzi milyarderlər iqtisadi böhranlar səbəbindən sərvətlərini itirib. Almaniyanın ən varlı şəxslərindən biri olmuş Adolf Merkle maliyyə böhranı nəticəsində böyük itkilərlə üzləşib və daha sonra intihar edib.

Bir vaxtlar 2,5 milyard dollarlıq sərvətə sahib olan Jocelyn Vayldenşteyn hazırda demək olar ki, bütün varidatını itirib. Mərhum milyarder sənət əsərləri kolleksiyaçısı Alek Vayldenştayn keçmiş həyat yoldaşı olan Jocelyn indi əsasən aylıq 900 dollarlıq sosial yardım və yaxınlarının dəstəyi ilə yaşayır.
Məlumata görə, o, illər ərzində dəbdəbəli həyat tərzinə böyük məbləğlər xərcləyib. Vildenşteynin aylıq alış-verişə 1 milyon dollardan çox, telefon xərclərinə isə təxminən 5 min dollar sərf etdiyi bildirilir.

Bir vaxtlar Honkonqun ən zəngin şəxslərindən biri olan Huang Venji qısa müddətdə milyardlarla dollarlıq sərvətini itirib. Çətir istehsalı ilə məşğul olan "China Jicheng Holdings" şirkətinin səhmlərinə sahib olan biznesmenin aktivlərinin dəyəri bir vaxtlar 2,26 milyard dolları ötürdü.
Məlumata görə, şirkətlər şəbəkəsində baş verən ardıcıl maliyyə itkiləri nəticəsində Huang Venji cəmi bir gün ərzində sərvətinin böyük hissəsini itirib və ona yalnız 115 milyon dollar qalıb.
O, 2016-cı ildə Çin Forbes zənginlər siyahısında 178-ci, 2017-ci ildə isə dünya milyarderləri siyahısında 1468-ci yerdə qərarlaşıb.
Bildirilir ki, şirkətin səhmlərinin birjada yerləşdirilməsi sonradan onun maliyyə çöküşünü sürətləndirən əsas səbəblərdən biri olub.
Sərvanə Rəmixanova