Redaktor
“Gusto”nun gəlirləri 1 milyard dolları keçib
Kiçik bizneslər üçün maaş və ödəniş xidmətləri təqdim edən ABŞ mərkəzli “Gusto” şirkəti illik gəlirlərinin 1 milyard dolları keçdiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkətin açıqladığı göstərici son 12 ay ərzində əldə olunan real gəlirləri əhatə edir. Bir çox texnologiya startapı adətən yalnız illik təkrarlanan gəlir (ARR) göstəricilərini paylaşsa da, “Gusto” faktiki maliyyə nəticələrini açıqlayıb.
14 il əvvəl yaradılan və sonuncu dəfə 9,3 milyard dollar dəyərində qiymətləndirilən şirkət artıq bir neçə ildir müsbət pul axını ilə fəaliyyət göstərir. “Gusto”nun baş icraçı direktoru və həmtəsisçisi Coş Rivzin sözlərinə görə, şirkətin gəlir artımı son beş rübdə ardıcıl şəkildə sürətlənib.
Şirkətin əsas rəqiblərindən olan “Deel” və “Rippling” də son aylarda ARR üzrə 1 milyard dollar həddini keçdiklərini açıqlayıblar. Lakin həmin şirkətlər daha yüksək — müvafiq olaraq 17,3 milyard və 16,8 milyard dollar — dəyərləndirməyə malikdirlər.
“Gusto” ötən il kiçik və orta bizneslər üçün pensiya planları təqdim edən “Guideline” startapını təxminən 600 milyon dollara satın alıb. Şirkət eyni zamanda süni intellekt texnologiyalarının tətbiqini də genişləndirir. Bildirilir ki, hazırda yeni proqram kodlarının 50 faizi AI vasitəsilə yaradılır və müştəri dəstəyi müraciətlərinin yarısı da süni intellekt tərəfindən idarə olunur.
Mütəxəssislər hesab edirlər ki, mövcud maliyyə göstəriciləri “Gusto”nun gələcəkdə yeni investisiya cəlb etməsi və ya IPO-ya çıxması üçün əlverişli zəmin yaradır. Bununla belə, IPO bazarındakı qeyri-müəyyənlik səbəbindən şirkətin yaxın dövrdə birjada debüt edib-etməyəcəyi hələ də məlum deyil.
Tənzilə Ağabalayeva