Redaktor
“Bahalı telefon, marka geyim bəzən insanın cəmiyyətdə necə görünmək istədiyini göstərir”
Bəzən insanın cibindəki pul ilə almaq istədiyi həyat tərzi arasında böyük fərq olur. Buna baxmayaraq, bir çox insan maliyyə imkanları məhdud olduğu halda belə lüks əşyalara yönəlir. Bahalı brendlər, nümayiş etdirilən həyat tərzi və “prestij” hissi daha cəlbedici görünür.
Bəs niyə insanlar maliyyə vəziyyəti imkan vermədiyi halda lüks əşyalara meyl edirlər?
Psixoloq İlkanə İmran Valyuta.az-a bildirib ki, son illərdə insanların maddi imkanları ilə uyğun gəlməyən şəkildə lüks əşyalara yönəlməsi cəmiyyətdə ən çox diqqət çəkən davranışlardan birinə çevrilib:
“İlk baxışda bu vəziyyət sadəcə “göstəriş həvəsi” kimi görünə bilər, amma psixoloji baxımdan məsələyə daha dərindən baxdıqda bunun arxasında emosional ehtiyacların, sosial müqayisənin və qəbul edilmə istəyinin dayandığını görürük. İnsan üçün bəzi lüks əşyalar sadəcə istifadə məqsədi daşımır. Bahalı telefon, marka geyim və ya dəbdəbəli həyat tərzi bəzən insanın özünü necə gördüyünü və cəmiyyətə necə görünmək istədiyini simvolizə edir. Xüsusilə, özünü yetərsiz hiss edən, daxili dəyər hissi zəif formalaşan və ya uşaqlıqdan dəyərinin uğur və görüntü ilə ölçüldüyü mühitdə böyüyən insanlarda status simvollarına ehtiyac daha güclü olur. Belə hallarda insan sahib olduğu əşyalar vasitəsilə özünü daha dəyərli, daha uğurlu və daha qəbul edilmiş hiss etməyə çalışır”.

Psixoloqun sözlərinə görə, sosial media bu psixoloji prosesi daha da gücləndirir:
“İnsan hər gün qarşısına çıxan “ideal həyat” görüntüləri ilə fərqində olmadan öz həyatını müqayisə etməyə başlayır. Bir müddət sonra normal və sadə həyat insana kifayət etmirmiş kimi görünür. Nəticədə insanlar gəlirlərindən artıq xərclər edərək müəyyən sosial qrupa aid olmağa çalışırlar. Bu davranış qısa müddətli emosional rahatlıq versə də, uzunmüddətli perspektivdə maliyyə stressi və narahatlıq yaradır. “Status xərcləri” adlandırılan bu davranış forması kasıblıq döngüsünü gücləndirən amillərdən biri hesab oluna bilər. Çünki insan qazandığı pulu təhlükəsizlik, inkişaf və gələcək planları üçün deyil, daha çox sosial görüntünü qorumaq üçün xərclədikdə maliyyə sabitliyi zəifləyir. Borclar artır, daimi çatışmazlıq hissi yaranır və insan özünü yenidən sübut etmək ehtiyacı hiss edir. Beləcə, həm emosional, həm də maliyyə baxımından qırılması çətin olan bir dövrə formalaşır. Burada cəmiyyətin təsiri də olduqca böyükdür. Əgər bir cəmiyyətdə insanın dəyəri daha çox sahib olduqları ilə ölçülürsə, insanlar da özlərini həmin standartlara uyğun göstərməyə çalışırlar. Çünki qəbul edilmək və təsdiq görmək insanın əsas psixoloji ehtiyaclarından biridir. Problem isə insanın zamanla öz dəyər hissini xarici simvollardan asılı vəziyyətə gətirməsindədir. Bu halda məmnunluq uzunmüddətli olmur və insan daim yeni bir status göstəricisinə ehtiyac duyur. Psixoloji sağlamlıq baxımından insanın özünü sahib olduğu əşyalarla deyil, şəxsiyyəti, bacarıqları və daxili dəyərləri ilə qiymətləndirməsi vacibdir. Çünki həqiqi rifah çox vaxt görünən lüksdə deyil, insanın özünü təhlükəsiz, kifayət qədər və dəyərli hiss edə bilməsindədir”, – deyə psixoloq bildirib.
Tənzilə Ağabalayeva