Redaktor
Kevin O’Liri Yutada 100 milyard dollarlıq AI məlumat mərkəzi qurmaq istəyir
“Shark Tank” verilişinin “Mr. Wonderful” kimi tanınan iştirakçısı Kevin O’Liri Yutanın kənd bölgəsində 100 milyard dollarlıq AI məlumat mərkəzi layihəsini təqdim edərkən bu qədər ciddi müqavimətlə qarşılaşacağını gözləmirdi. Lakin layihənin təsdiqinə etiraz edən yüzlərlə insan toplantıya qatılaraq təşəbbüsün o qədər də “möhtəşəm” olmadığını bildirib.
Kevin O’Lirinin “Stratos Project” adlı layihəsi güclü etirazlara baxmayaraq bazar ertəsi “Box Elder County” komissarları tərəfindən yekdilliklə təsdiqlənib. Plan Yutanın şimal-qərbində yerləşən 40 min akrlıq ərazidə 9 giqavat gücündə AI məlumat mərkəzi və təbii qaz elektrik stansiyasının tikilməsini nəzərdə tutur. Bu obyektin bir ildə istehlak edəcəyi enerji ştatın ümumi illik enerji istifadəsindən iki dəfədən çox olacaq.
O’Liri bildirir ki, layihə 10 min tikinti işi və 2 min daimi iş yeri yaradacaq. Onun sözlərinə görə, ABŞ-ın hesablama gücünün artırılması milli təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır. O, “CNN” telekanalına açıqlamasında deyib: “Çinin bizi qabaqlamasına imkan verə bilmərik”.
Lakin yerli sakinlər obyektin istifadə edəcəyi suyun onsuz da sürətlə kiçilən Böyük Duz gölünün daha da qurumasına səbəb ola biləcəyindən narahatdırlar. Bu isə ətraf icmalar üçün təhlükəli olan zəhərli tozun yaranmasına gətirib çıxara bilər. “Box Elder” dairəsinin seçicilərindən ibarət qrup bu həftə layihənin təsdiqinin ləğv edilməsi məqsədilə noyabr seçki bülleteninə referendum əlavə olunması üçün müraciət edib. Müraciətin qüvvəyə minməsi üçün 5 mindən çox imza toplanmalıdır.
Ətraf mühit fəalı və “Park City” sakini Karolayn Qlayx bildirib: “Gəlin ətraf mühitə təsirin qiymətləndirilməsini aparaq və nəticələri tam şəffaf şəkildə dərc edək. İcmaya və ekspertlərə bu sənədləri araşdırmaq üçün vaxt verək”.
Tənzilə Ağabalayeva