Redaktor
Məzənnə dəyişiklikləri iqtisadiyyata necə təsir edir? - İqtisadçı
Valyuta bazarlarında baş verən dəyişikliklər iqtisadi gündəmin daim diqqət mərkəzində olan mövzularından biridir. Milli valyutanın xarici valyutalara nisbətdə mövqeyi ölkənin həm daxili iqtisadi tarazlığına, həm də beynəlxalq iqtisadi əlaqələrinə birbaşa təsir göstərən əsas amillərdən hesab olunur. Bu səbəbdən, məzənnədə baş verən hər bir dəyişiklik yalnız maliyyə göstəricisi kimi deyil, daha geniş iqtisadi proseslərin tərkib hissəsi kimi qiymətləndirilir.
Bu kontekstdə belə bir sual aktuallaşır: məzənnə dəyişiklikləri iqtisadiyyata necə təsir edir?
İqtisadçı Günay Hüseynova Valyuta.az-a bildirib ki, məzənnə dəyişikliyi milli valyutanın xarici valyutalar qarşısında möhkəmlənməsi və ya dəyər itirməsi ilə xarakterizə olunur:
“Azərbaycanda məzənnə əsasən sabit saxlanıldığı üçün devalvasiya riski revalvasiya ehtimalından daha yüksək qiymətləndirilir. Milli valyutanın dəyər itirməsi, xüsusilə idxaldan asılı olan ölkələrdə mal və xidmətlərin, kənd təsərrüfatı məhsullarının, həmçinin emal sənayesində qiymət artımına səbəb ola bilər. Eyni zamanda Azərbaycan neft məhsulları və enerji sektoru üzrə ixracatçı ölkədir. Milli valyutanın dəyər itirməsi dövlət büdcəsinin gəlirlərinə də təsir göstərir. Digər tərəfdən, xarici valyutaların bahalaşması xarici ölkə vətəndaşları üçün Azərbaycanda mal və xidmətləri daha əlçatan edir”.

İqtisadçı qeyd edib ki, məzənnə dəyişiklikləri dövlət borcunun artmasına da təsir edə bilər. Bundan əlavə, vətəndaşların bank və bank olmayan kredit təşkilatlarından xarici valyuta ilə götürdükləri kreditlər üzrə öhdəlikləri də artır. Ümumilikdə, iqtisadiyyatda devalvasiya riski və ya belə bir təhlükə yaranarsa, dəyişən məzənnə rejiminə keçid imkanları nəzərdən keçirilə bilər: "Paralel olaraq əməkhaqları və digər gəlirlər mütəmadi şəkildə artırılmalı, yüksək inflyasiyanın qarşısını almaq üçün iqtisadi aktivlik gücləndirilməlidir. Alternativ variantlardan biri də kifayət qədər xarici valyuta ehtiyatlarının formalaşdırılması və real təhlükə yarandığı halda onların dövriyyəyə buraxılmasıdır. Bu proses vətəndaşların gündəlik həyatına ciddi təsir göstərməməlidir”.
Tənzilə Ağabalayeva