Redaktor
Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar
Bir çox insan restoranın bahalı olub-olmadığını əvvəlcədən menyuya baxaraq müəyyən edə bilir. Hər zaman buna imkan olmaya da bilir. Məsələn, başqa bir şəhərdə olarkən internetin olmaması və ya menyuya çıxışın mümkün olmaması seçim etməyi çətinləşdirir. Belə vəziyyətdə insanlar restorana daxil olmadan onun bahalı və ya münasib qiymətli olub-olmadığını necə anlaya bilər?
Valyuta.az-a danışan restorator Mahir Əhmədzadə bildirib ki, restoranın yerləşdiyi ərazi bu baxımdan əsas göstəricilərdən biridir: "Şəhərin prestijli küçələrində, biznes mərkəzlərinin yaxınlığında və elit zonalarda yerləşən restoranlar adətən daha yüksək qiymət seqmentinə aid olur".
Onun sözlərinə görə, interyer və dizayn da mühüm ipucu verir: "Bahalı restoranlarda işıqlandırma, mebel seçimi, masalararası məsafə, dekor və ümumi atmosfer daha premium görünür. Sadə interyer və sıx düzülmüş masalar isə çox vaxt daha münasib qiymətli konseptə işarə edir. Eyni zamanda masa düzümü və istifadə olunan qab-qacaq da diqqətə alınmalıdır. Məsələn, ağ parça süfrələr, kristal bokallar, ağır çəngəl-bıçaq dəstləri və çoxsaylı servis elementləri adətən yüksək qiymət səviyyəsinin göstəricisi sayılır".
M.Əhmədzadənin sözlərinə görə, personalın görünüşü, xidmət səviyyəsi, eləcə də müştəri profili də restoranın bahalı olub-olmaması barədə müəyyən siqnallar verə bilər: "Uniformanın keyfiyyəti, əməkdaşların davranışı, qapıda qarşılama xidməti və parkinq imkanları restoranın səviyyəsini göstərən amillərdəndir. Restorana daxil olduqda oradakı müştərilərin geyim tərzi, biznes görüşlərinin və ailə tədbirlərinin çoxluğu məkanın hansı seqmentə aid olduğunu anlamağa kömək edir".
Menyu formatı da restoranın qiymət səviyyəsini göstərən amillərdən biridir: "Şəkilsiz, qısa və xüsusi terminlərlə hazırlanmış menyular daha çox premium konseptlərdə rast gəlinir. Geniş və şəkilli menyular isə adətən daha münasib qiymətli restoranlarda olur".
Onun sözlərinə görə, musiqi və ümumi atmosfer də restoran haqqında ilkin fikir formalaşdırır. Belə ki, canlı piano, caz musiqisi və sakit premium atmosfer çox vaxt yüksək səviyyəli restoranlarda müşahidə olunur.
Restorator bildirib ki, bu göstəricilər hər zaman mütləq nəticə vermir və istisnalar mümkündür: "Xüsusilə turistlərin çox olduğu ərazilərdə həm bahalı, həm də münasib qiymətli restoranlara rast gəlinə bilər. Ümumi sadalanan nüanslar restoranın premium, yoxsa daha əlçatan qiymətli olduğunu əvvəlcədən müəyyən etməyə kömək edir".
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
02.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®
02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
02.06.2026Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb
02.06.2026Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
02.06.2026