Redaktor
“Şirkət 3-4 dəfə böyüyürsə, rəhbərin maaşının 2 dəfə artırılması ədalətlidir”
İnsan Resursları üzrə mütəxəsis İlkin Mirzəzadə Valyuta.az-a bildirir ki, ümumilikdə şirkətlərdə bu məsələlərin qaydaları əvvəlcədən düzgün müəyyən olunmalıdır və sistem düzgün qurulmalıdır:
"Yüksək kompensasiyanın normal hesab edildiyi hallar CEO-nun və ya rəhbərin qazancının birbaşa şirkətin gəlirinin artımı, yəni profit və bazar payı ilə bağlı olduğu hallardır. Məsələn, şirkət 3-4 dəfə böyüyürsə və CEO 2 dəfə daha çox qazanırsa, bu ədalətli hesab olunur. Eyni zamanda, şirkət zərərə düşərsə və CEO bonus almırsa, bu da düzgün mexanizm sayılır. Ən sağlam model əsasən ABŞ və Avropa şirkətlərində tətbiq olunur. Bu modeldə maaş nisbətən aşağı, bonuslar və səhm əsaslı gəlirlər isə daha yüksək olur. Yəni şirkət böyüdükcə və dəyər qazandıqca CEO-nun da gəliri artır. Əgər şirkət inkişaf edir, lakin CEO bundan faydalanmırsa, bu da düzgün yanaşma deyil. Riskli vəziyyət isə o zaman yaranır ki, şirkətin dövriyyəsi azalır və ya şirkət zərərdə olur, amma CEO yenə də yüksək maaş və bonus alır. Həmçinin yalnız qısamüddətli nəticələrə görə bonus verilməsi, lakin uzunmüddətli məsuliyyətin nəzərə alınmaması qeyri-effektiv hesab olunur".

İ.Mirzəzadənin sözlərinə görə, ən düzgün yanaşma CEO-nun gəlirinin performans əsaslı olması və şirkətin real inkişafı ilə birbaşa əlaqələndirilməsidir:
"Problemlər isə o zaman yaranır ki, rəhbərlik qısamüddətli göstəriciləri yaxşı göstərmək üçün xərcləri süni şəkildə azaldır və bununla gələcək inkişafı risk altına qoyur. Belə xərclər var ki, qısa müddətdə ixtisarı problem yaratmır, lakin 1-5 il sonra ciddi fəsadlara səbəb ola bilər. Bu isə düzgün yanaşma hesab olunmur".
Mayya Hüseynova